- Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Qələmin – klaviaturanın müqəddəs vəzifəsi…

“Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir”. Bunu təkcə böyük ürəyə, böyük insanlığa deyil, həm də böyük cəsarətə və böyük qələmə sahib, Sovet dönəmində “xırda burjua yazıçısı” adlandırılsa da, zamanın necə böyük bir Azərbaycan aşiqi, xalqın  böyük yazıçısı olduğunu sübut edən Mirzə Cəlil – C. Məmmədquluzadə  demişdir. C. Məmmədquluzadə publisist idi, mühərrir, redaktor, indiki dillə, sayt redaktoru və təsisçisi. “Molla Nəsrəddin” jurnalının redaktoru – təsisçisi idi.  Böyük əziyyət və zəhmət hesabına, xalqla onun öz ana dilində danışmaq, ana dilində yazmaq idi məqsədi. Xalqı maarifləndirmək, ayıltmaq, dost və düşmənini tanıtmaq, öz eyblərini ayna kimi göstərmək üçün canı, qanı bahasına jurnalı yaşadırdı. Heç vaxt özünü, öz mənfəətini, kiməsə yarınmağı düşünmədi. O əgər istəsəydi, o zamankı milyonerlərdən birini tərifləməklə, axına qoşularaq qəzetin bir ildə qazana bilmədiyi pulu bir gündə qazanardı. Onun dövründə belə qələm və qəzet-jurnal sahibləri də az deyildi.  Sağlığında var-dövlət, ucuz  mənsəb, şöhrət sahibi ola bilərdi. Daha öz dilində danışmağı ar bilən “obrovozonski”ləri, xalqdan uzaq düşmüş Duma üzvlərini, Anyaları, Sonyaları yanlayıb, Fatma-Tükəzbanları bəyənməyən milyonçuları, uşaqlarını məktəbə qoymayan, xoruz döyüşdürməyi, it boğuşdurmağı daha faydalı iş bilən cahilləri, azyaşlı qızlarını qoca hacıya, qırmızısaqqala ərə verən avam kəsləri tənqid edib özünə avam kütlədən ibarət düşmən toplusu qazanmazdı. O, xalqla onun öz dilində, ana dilində danışdı və get-gedə hamını buna alışdırdı. O dövrdə onu başa düşən çox az adam vardı. O, çoxluğa deyil, həqiqəti dərk edən azın və xalqın mənafeyinə xidmət etməyi üstün tutdu. O, “pak və təmiz vicdan”ının səsinə qulaq asdı, gözünü açanda gördüyü qaranlıq dünyada qaranlıqlara qarışmaq istəmədi, kiminsə işıq olub mühutini aydınlatmasını gözləmədi. Özü işıq oldu, şam oldu, yandı xalqının yoluna işıq saldı. O xalqın ki  sözünü də, özünü də, öz xeyrini də hələ yaxşı dərk etmirdi. Yana-yana sözünü onu başa düşməyənlərə deyirdi: “Sözünü o kəslərə de ki, səni başa düşmürlər”. Onu başa düşməsələr də, o, sözünü deyirdi, o qədər dedi ki, axırda onu başa düşməyə başladılar. O dövrdə xalqının savadlısı çox az idi, yazıb-oxumağı bacarmırdı, ana dilində məktəbi yox idi, ana dilində qəzet-jurnalı yox dərəcəsində idi. Oxumuşları da qayıdıb gələndə ya “pardon” la, ya”permete” ilə, ya farsi-ləfzilə, ya da “urusuca” “konuşuyordu”, anasını bəyənmirdi. Atasının yazdığından, “Anasının kitabı”ndan xəbərsizdi. Zəhrabəyim ana elə onda da əcnəbicə “konuşan” oğullarının arasında naəlac qalmışdı. Onları anlamırdı, dilini başa düşmürdü. O bütün bunları görürdü, belə çətin bir şəraitdə qələmini bu yolda işlətdi, ağı-qaranı xalqın özünə göstərməyə sərf etdi. Tutduğu həqiqət yolundan dönmədi, dövrünün avamına da, mütisinə də, keflisinə də can yandırdı, ayıltmaq istədi. Yavaş-yavaş “Molla Nəsrəddin”i də samovar alışığı edə-edə, şəkillərinə baxa-baxa onu anlamağa başladıĺar. Onun yaşadığı dövrdə o qədər  xalqın içində “danabaşlı”, qoluzorlu, əli zoğal çubuqlusu, kiminsə anasını siğə etməsi ilə vəzifə başına gəlib yekələnəni, “itqapanlı”sı  vardı ki… Məgər qorxdu, çəkindi və ya bu əziyyətlərinə görə kimdənsə mükafat gözlədi? Tutduğu haqq yoldan, qələminin müqəddəs vəzifəsindən döndü? Xeyr. Çünki o, əlinə qələm alarkən bütün bunları gözə almışdı. Bir kərə əlinə qələm aldınsa, gərək onun müqəddəs vəzifəsini anlayasan və nə olursa-olsun əlindən yerə qoymayasan!

Çox təəssüflənirəm. Mirzə Cəlili  kimi böyük istedad sahibi  xalqın maariflənməsi yolunda ömrünü şam kimi əridən birinin sağlığında dəyəri bilinmədi. Niyə onun azərbaycanlı obrazları poçt qutusuna məktub ata bilməyən sadəlövh Novruzəli, əlində qamçı millətin canına düşən iyrənc görkəmli, iyrənc mənəviyyatlı Xudayar bəy, itmiş eşşəyinin həsrətini çəkən yazıq Məhəmmədhəsən əmi, qoltuğunda araq şüşəsi gəzdirən sərxoş Kefli İsgəndərdən ibarət oldu? Niyə axı o yana-yana, təəssüf və nisgillə rus qadınının naz-qəmzə ilə, erməni uşağının hoppana-hoppana gəlib poçt qutusuna məktub atıb getməsini, bizim Novruzəlimizinsə hələ poçt qutusunun nə olduğunu bilməməsini ürək yanğısı ilə təsvir etməli oldu? Novruzəli o yaşında hələ poçt qutusun tanımırdı. Amma əvəzində divanxananı çox yaxşı tanıyırdı. Vəli xanın sualına:

“- Çox əcəb, nəçərnik divanxanasını ki, tanıyırsan?

— Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu”, – deyə cavab vermişdi.

Bu kəlmələrin arxasında yatan dərdlər məna idi Mirzə Cəlili yandıran. Axı onun dünya ədəbiyyatına töhfələr verməyə qadir qələmi, böyük istedadı vardı. Lakin o buna yox, qələmin müqəddəs vəzifəsinə xidmət etməyi, pak vicdanının səsinə qulaq asmağı üstün tutdu. Xalqa xidmət etdi, əlinə aldığı qələmə xəyanət etmədi…Bu, Mirzə Cəlil.

Keçək indiki qələm əhlinə, başqa sözlə klaviatura əhlinə. Onlar necə, onlar qələmin və ya başqa sözlə, klaviaturanın müqəddəs vəzifəsinin nə olduğunu bilirlərmi? Əlbəttə, bu gün Mirzə Cəlil qələmini əldə tutanlar varsa da, o qələmə  xor baxanlar da az deyil.

Bu günkü saytların, bəzilərinin Araz aşığından, Kür topuğundandır. “Millət necə tarac olur-olsun, nə işim var?” prinsipi ilə yaşayır. Niyə bu fikirdəyəm?

Buna səbəb bu gün sosial şəbəkədən oxuduğum Mirzə Cəlil yanğısı ilə yazılmış bir status oldu: Statusun sahibi “ilkxəbər” saytının redaktoru, “kamilinfo” saytının təsisçisi və redaktoru Mirzə Cəlil ənənələrinə sadiq, qələmin vəzifəsinin nə olduğun yaxşı bilən Vasif Sadiqli idi. Baki küçələrinin əcnəbi dillər tərəfindən “işğalı”, ana dilimizin Bakı küçələrindəki reklam və müəssisə, obyekt adlarından didərgin salınmasına etiraz olaraq ziyalıların müraciətinə verilən ADRA nümayəndəsinə yazdığı cavabı – hazır yazını bir çox sayt rəhbərləri verməkdən imtina etmişlər. Əcəba niyə? Onların qələminin  – klaviaturasının vəzifəsi bu deyil də, bəs nədir, görəsən?! Status başdan-başa ritorik suallardan ibarət idi.

Mənim də ürəyimdən keçən suallar olduğu üçün statusu olduğu kimi verirəm:

“TƏƏSSÜF EDİRƏM

Nə oldu? Yazını verməyə niyə qorxdunuz?

Kimisə təhqir etmişəm? Yazı hansısa standartlara uyğun deyil? Şəxsi işimdir? Bakının küçələrinin əcnəbi dillər tərəfindən istila edilməsinə etiraz etmək qəbahətdirmi?

Niyə Bakının mərkəzində küçələr əcnəbi dillərdə danışır? Onların alıcıları və potensial müştəriləri azərbaycanlılar deyilmi?

Bu, sizi də narahat etmirmi?

Fərqli düşünənlər – biz başqalarının ayağının altında palaz olmaq üçün yaradılmışıq deyənlər varsa, onların da mövqeyini verərdiniz. İmza da, məsuliyyət də mənimdir, siz niyə çəkinirsiniz? Saytların adını da yazım?

Mesencerə (vatsapa) “baş üstə”, “göz  üstə”, “qaş üstə”, “kirpik üstə” yazıb, sonra əməl etməmək də təzə fason imiş”.

Hə, deməli, bu gün qələmin – klaviaturanın vəzifəsinin nə olduğunu bilməyən, özü yazması, narahat olması bir yana, hazır yazını saytında verməyə belə qorxan nə qədər mühərrir – sayt redakroru, nə qədər qələm – klaviatura sahibi varmış…

Axı Mirzə Cəlil dönəmindən düz 100 ildən çox zaman keçib. Axı indi xalq savadsız deyil. Axı niyə  “obrozovonskilər” yenə də var, öz dilini bəyənməyib özgə dilinə mehr salan, atalarının vəsiyyətindən, Analarının kitabından xəbərsiz olanlar  yenə də  var. Axı indi niyə əldə qələm tutanlar xalqa deyil, ayrı-ayrı milyonçulara xidmət yolu tutub,  Kəramət demiş: “qələmi çörək ağacı kimi minib çapır, ucuz taksi xidməti kimi fəaliyyət göstərir”lər. Axı niyə onlar “ulduz müğənni” Afət Fərmanqızı, Şəbnəm Tovuzlu, Röyanın soyunması, Aygünün geyinməsi, Namiq Qarçuxurlunun şedevr meyxanası, qaynanasın bıçaqlayan, baldızının saçın yolan, Mirələmov olayı kimi mühüm məlumatları qoyub müstəqil Azərbaycanın Azərbaycançılıq ideologiyasına, Konstitusiyanın 21-ci bəndinə, Azərbaycan Resbublikasının Azərbaycan dili haqqında Qanuna zidd kimi primitiv məsələlərə baş qoşsunlar, ondan yazsınlar ki? Bu cür sayt təsisçilərinin düşüncəsi, təfəkkür dayazlığı, savadsızlığı insanı heyrətləndirməyə bilmir. Görəsən, Bakı küçələrindən ana dilinin qovulması niyə onların heç vecinə deyil? Görəsən, onların qələminin – klaviaturasının müqəddəs vəzifəsi nədir?

Bu cür mühərrirlərin xarici adlardan, markalardan istifadə edib öz kiçik dükanlarına diqqət cəlb edib müştəri yığmağa çalışan  bazar dəllallarından fərqi nədir, görəsən? Onların hər ikisi üçün məqsəd eynidir: Dilimiz, mənəviyyatımız əzilsin, tarac olur-olsun, nə işim var?Təki pul gəlsin.

Bunları düşünərkən qulağıma hardansa Mirzə Cəlilin səsi gəldi: “Yadından çıxaranlara bir daha xatırlatmaq istəyirəm: “Qələmin müqəddəs vəzifəsi XALQA xidmət etməkdir!”

Bu səsə təzəcə qulaq asmışdım ki, digər tərəfdən gələn ötkəm bir səs məni diksindirdi. Bu da C.Məmmədquluzadənin qələm yoldaşı Ə.Haqverdiyevin səsi idi, onlara xatırlat, – dedi:

“Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun; yəqin, mühərririn düşməni dostundan çox olur; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil; camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp”

Elə bu səsi yenicə dinləyib qurtarmışdım ki, çox uzaqdan bir səs eşitdim. Bu səs Dədə Qorqudun müqəddəs qopuzunun müşayiəti ilə gəlib mənə çatan səs idi: “O cür saytların, mühərrirlərin olmasındansa, olmaması yey, Xanım hey!…”