- Cəmiyyət, Manşet

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub.

XİN-dən “Report”a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

C.Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.