- Köşə

Bir saatlıq yolun yaşantıları

İsti-isti, canına yel dəyməmiş yazım ki, ağlımdan çıxmasın. Mən bu yazını Veespdə bir kafedə yazıram. “Kwalitaria” adlı Çin kafesində oturub allahverənimi yeyirəm. Əslində kafenin içərisində deyil, səkidə qoyulmuş masalardan birinin arxasında əyləşmişəm. Pandemiya davam edir. Bəzi qoruq-qaytaqlar, qadağalar qalmaqdadır. Küçədə yemək olar, qapalı məkanda yox.

Çinli qadının quş civiltisinə bənzər səsiylə buyur etdiyi qəhvəmi udumlayıb, ayağa qalxmağı düşünsəm də, mənə naharda yoldaşlıq eləmiş başı və qanadları xına qırmızısı, qalan yerləri kül rəngi, ayaqları zoğalı qırmızı göyərçinin ayaqlarımın ətrafında dolaşmasından aldığım məmnunluğun ömrünü bir az da uzatmaq üçün özümü aldadıb, məşğul adam görkəmi alıram. Özümlə başladığım bu aldatmacadan ləzzət aldığımı da altını cızaraq deməyi yaddan çıxarmayım. Həm də, deyəsən, bu yazının əl-ayağını yığmaq, başını günə gətirmək kimi bir gizlinim də var. Təxminən yüz kilometrlik yolu necə gəldiyimi də bir doğru-dürüst xatırlamıram. Nədən ki, may ayının yaşıllığa bələdiyi dünyanın içindən keçib, insan əlinin təbiətə düzəlişi sayaq əmələ gətirdiyi könül oxşayan əkin sahələrinə, bu sahələrin yaşılına, alına tamaşa etdikcə vaxtın necə keçdiyini belə bilmirsən. Kəndləri, şəhərləri bir-bir arxada qoyursan.

Kiçik qoyun sürüləri, dünyanın siyasi xəritəsinə bənzəyən inəklər, cins at ilxıları göründükləri kimi də yoxa çıxırlar. Nə bir çoban, nə bir sığırçı, nə də bir ilxıçı gözə dəyir. Elə mənzərənin düşündürücülüyü də burasındadır. Yoxsa qoyun-quzumu görməmişik, dana-dunamı, at-filanmı? Keçdiyin yerlərdə insanın əməli olan binaların arasında qotura dərman üçün bir dənə də olsun köhnə, quzulamış, görünüşündən xarabanı xatırladacaq nəyinsə yoxluğu belə təəccüb doğurur. Yel dəyirmanları uzaqdan adama əl edirmişcəsinə pərlərini fırlatmaqdadır. Müsəlmanların ən böyük kəşflərindən biri sayılan yel dəyirmanları Niderlandın simvoluna çevrilərək, ölkənin çox yerinə səpələnmiş, Kinderdejk yel dəyirmanları kəndi isə YUNESKO-nun siyahısına salınaraq, dünyanın maddi mədəniyyət abidəsi kimi qorunmaqda və ölkəyə turist axınını təmin etməkdədir. Burası belə. Niderlandın az qala hər yerində boy verən ucaboy Külək elektrik stansiyalarının yel dəyirmanları ilə uyumu mənə onların varisliyini, ata-oğul münasibətini pıçıldayır. Yel dəyirmanları bizə Niderlandın keçmişini xatırladırsa, külək elektrik stansiyaları müasir sifətini anladır. Arada gözə dəyən məzarlıqlar dünyanın faniliyini, gəldi-gedərliyini yada sallır. Kiçik, hündürlüyü iki-üç qarış məzar daşları da bunu aşılayır. Əlbəttə ki, anlayanlara, özləri üçün dərs çıxaranlara.

Sadəlik, qənaətcillik, israfçılıqdan uzaqlıq baxımlı, nizamlı qəbristanlıqlarda da hiss olunur. İnsanların öz vəsiyyətlərinə uyğun olaraq xüsusi krematoriyalarda yandırılması artıq ənənə halını alsa da, əski qaydada dəfn olunmaq istəyənlər daha çoxdur. Rotterdamdan Amsterdama gedən altı zolaqlı yolun üstündə inşa edilmiş piyada keçidi sayaq “Jack s Casino” barədə yazmazdım da. Ağlıma nə gəldisə, dedim yazası olsam belə bu məkanın adındakı apastrofun məsələsi necə olacaq. Bizim apastrof adlı işarəmiz olmadığından mən məkanın adındakı Jack sözünə apastrofla birləşən “s” hərfini ayrıca yazmalı oluram. Bəs nə edim? İndi mən bu bir qırıq işarədən ötrü çöllərəmi düşməliyəm? Ya gərək telefonun dilini dəyişəm, haradasa axtaram, ya da elə bu cür verəm. Mən də insan deyiləmmi, ayrı dərdim-azarım yoxdurmu? Ağırlıqmı edirdi, ağırlıqmı edirdi bu apastrof andırı əlifbada saxlamaq? “Jack s Casino”nun müştəriləri yəqin heç bu apastrof barədə düşünmürlər də. Bu nədir, heç onların aşağıdan, müəssisənin altından keçən maşın selindən də xəbərləri olmamalıdır. Nədən ki, azarlarını öldürməyə gələn bu müasir qumarbazların oyundan başqa nəyisə düşündüklərini ağla gətirməyin özü belə ağılsızlıqdır. Yəqin barmaqlarını kəssən xəbərləri olmaz.

Niderlandda binaların altından keçən tramvay xəttinə, stadionun altından keçən avtomobil yoluna, üç-dörd qatlı yol qovşağına rast gəlmək sıradan bir şeydir. Dəli sözü, altından-üstündən maşınlar şütüməsi adi haldır. Hələ qarşındakı körpüdən öz uçuş zolağına keçən nəhəng təyyarəni görüncə qorxuqarışıq bir təəccübün səni bürüyəcəyini də bunun üzərinə gəlsəm, hər şeyin necə heyrətləndirici olduğuna inanarsanmı? Havadan asılı kazino barədə danışdım ha, söz sözü çəkib gətirdi, mən də bu abzası buraya yazdım. Veesp Amsterdamın qulağının dibindədir. Paytaxtın qarmaqarışıqlığını, qarışqa kimi qaynaşan velospedlərini, maşınlarını, rəngarəng tramvaylarını, Schiphol hava limanının nəhəng təyyarələrini arxada qoyub bu sakit şəhərciyə gəlib çıxırsan. Maşının əlində nədir ki, beş-on dəqiqəyə mənzilə çatırsan. Evlərin gözəlliyinə heyran kəsilsən də, qiymətlərini öyrənincə başıyın var tükü ayağa qalxır. Mən də elə yazdım ki, guya bu dəqiqə buradan ev alırammış, qiymətlərin bahalığı məndə çaşqınlıq yaradıb, düşünməyə vadar olmuşam. Məzən olsun, Afiq müəllim. Elə bunu xəyal etməyin özü də yetər. …Göyərçin məndə artıq ona verəcək bir şeyin qalmadığını anlayaraq, qonşu masada əyləşənlərin yanına keçir. Nə etsin, onun da çörəyi belə çıxır. Durub mənim camalımamı tamaşa edəsidi? Məndən ala biləcəyini almışdı. Mən də qalxmalı olduğumu düşünürəm. Geri qayıtmaq üçün yolçu yolda gərək deyib, kafedən uzaqlaşıram…

Afiq MUXTAROĞLU, Niderland Krallığı
7 may 2021-ci il