Haqqımızda

Bir yüngülvari müqəddimə və ya elə gəl, elə get, yol inciməsin…

Xoş gördük, Oğuz Eli. Xoş gördük, hörmətli qələm və təxtül-hürufat (klaviatura) əhli.
Bura da bir yazı və oxu yeri…
Bu sayt bizim saniyəmizin, dəqiqəmizin, saatımızın, günümüzün, ayımızın, canavarımızın… yox e, ilimizin, bunlardan keçincə rəngdən rəngə düşən ovqatımızın, həyatımızın bir parçası…
Və bu sayt bizim ruhlara səpmək istədiyimiz bir ovuc su…
Və bu sayt dincəlişin Baham adaları…
Bu sayt fikirlərinizin tərcümanı…

Dəyərli, şərəfli, ləyaqətli və bunları qorumaq üçün müvafiq təminatlı yazıcı və oxucularımız!

Bura da bir yazı və oxu yeri… Biq Bənqdən, lap elə Ələst bəzmindən bu günə qədər yaşanmış hər saniyənin içində bütün saniyələr, hər dəqiqənin içində bütün dəqiqələr, hər saatın içində bütün saatlar… və bütün bunların içində də yaşantılar var. Bundan sonra da belə olacaq.. Şair demiş, bəzən hətta “xeyli-məlaik səcdeyi-Adəm qılmadan”, şair demiş, kimin “qaşının mehrabını səcdəgah etdiyimizi” xatırlaya bilərik, amma şair deməmiş, sağımızda, solumuzda olanlardan xəbərimiz olmur. Bunların içində elələri var ki, hər kəs baxəbər olsun deyə yazmağa və paylaşmağa əşəddü ehtiyacımız var deyə düşünürəm. Həri…

Bura da bir yazı və oxu yeri, bir platformadır… Yazın, amma çox yazmayın. Hər şeyin ifratı xətərnakdı, yazmaq da elənçik. Şair boşuna deməyib ki:
Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,
Olma ona məftun!
…Ol başı kəsilmiş qələmin tutma belindən,
Xovf eylə dilindən;

Hələ klaviaturanı, əllameyi-ülul-ərzi (internet), sənduqeyi-əvraqı (My Documents) demirəm…
Çox oxumaq özü də xətərnakdı. Oxuyan adam düşünməlidir, düşünmək isə insanı yorur:
Çukça zarıyır: «Yorulmuşam, çox yorulmuşam»
— Nə iş görmüsən?
— Fikirləşmişəm.
— Bəs niyə çox yorulmusan?
— Üç dəfə fikirləşmişəm.

Xəbərdarlıq

Qəlbi qaraların bu saytı oxuması qəti qadağandır.
Bu sayta şəkk eləmək olmaz. Şəkk eləyənlərin ağzı əyilir. Yüngülvari şəkkin doğura biləcəyi ağır fəsadların bir qismi: Saçların vaxtından əvvəl tökülüməsi nəticəsində keçəllik, göz xəstəlıikləri: konyuktivit və qlaukoma (sayta kəc baxanlar mütləq bu xəstəliyə tutulur); brüsselyoz, kopenhagenyoz, osloyoz, ostreoxondroz, nevroz, ateroskleroz, aterosuz skleroz…

Xəbərgenlik

Qəlbi ağlar (rentgendə qara) üçün bu saytın heç bir əks-göstərişi yoxdur.

Layihənin ideya müəllifi, yığıcısı, tərcüməçisi, redaktoru və korrektoru Vasif Sadıqlı, O`Kamil və Sadiq İbrahimdir. Allah hər üçünün canını sağ, qələmini, pardon, klaviaturasını ovxarlı eləsin.

Kabeli fiberoptik, özü limtsiz, sürəti 157,73 Mbps olanda internet gözəldir.
Antiviruslardan beş dəqiqədən bir “yenilənmə lazımdır” deməsə, “Security Eset” gözəldir.
Mübarək cümə günü dünyaya gözünü açan kamilinfo.net gözəldir.

Dədə Qorqud yenə söyləmiş, görək, xanım, nə söyləmiş:

Qadir Allah bizi namərdə möhtac eləməsin,
Ümidimiz üzülməsin,
Qamən axan görklü suyumuz bulanmasın,
Azıb gələn qəzanı Allah sovuşdursun.
Kitabül-cəmaldakı statuslarımız bilayk qalıb qərib-qərib xiffət eləməsin.
Təxtül-hürufatımız (klaviatura) pozitiv notlarla taqqıldasın…
“Amin-amin” deyənlər didar görsün.

Xeyirli cümələr