- Ədəbiyyat, Manşet

Nizaminin “İskəndərnamə” əsəri Azərbaycan və Qafqaz tarixinin öyrənilməsində dəyərli mənbə kimi

Nəzakət MƏMMƏDLİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.fəlsəfə doktoru, dosent

Şeyx Nizami Gəncəvi qeyri-adi dühası, misilsiz istedadı, dərin elmi və intellekti ilə bütün zamanların şairidir. İlhamını Qurani-Kərimdən alan təbi, saf imanı və eşqi ilə mümkünsüzü bacaran şairin əsərləri insanlığa ədalət, barış, sevgi mesajları göndərməklə bərabər dünya tarixini və mədəniyyətini öyrənmək üçün zəngin bir mənbədir. Xüsusilə, şairin doğma vətəni olan Azərbaycan və Qafqaz tarixini öyrənmək baxımından Nizaminin əsərləri dəyərli bir xəzinədir.

Şair “İskəndərnamə” əsərində, Qurani-Kərimdə də adı çəkilən, bir çox mənbələrdə peyğəmbər olduğu bildirilən Makedoniyalı İskəndərin şəxsiyyətini, müharibələr və fəthlərlə dolu olan əfsanəvi həyatını əsas alaraq bütün bəşəriyyətə, insanlığın keçmişinə və gələcəyinə ünvanlanmış fikirlərini və arzularını ifadə edirdi. Nizami bu əsəri yazarkən müxtəlif tarixi qaynaqları araşdırdığını, yunan, xristian, ərəb mənbələrindən ən etibarlı olanlarına istinad etdiyini bildirir.

Epik şeirdə İskəndər obrazını ilk dəfə geniş şəkildə işləyən, Nizaminin tez-tez “Tuslu pir” deyə andığı Əbülqasim Firdovsi olmuşdur. Lakin Nizami İskəndər obrazını tamamilə başqa bir aspektdə təqdim edir. Nizaminin İskəndəri ilk növbədə alimdir, elmə böyük dəyər verən, ədaləti qoruyan, təkallahlığı təbliğ edən mərd və güclü bir hökmdardır.

Şair əsərdə fikirlərini oğurlayan, şeirlərini mənimsəyən söz oğrularını tənqid edərkən qızıl barədə bir hekayət verir. Xəzinəni qızılı çəkməsi haqqında rəvayəti eşidən bir kəs əlində olan bir  qızılı götürüb zərgərə gedir. Lakin dükanı qiymətli ləl-cəvahiratlarla dolu olan zərgər onun qızılını pul müqabilində alır. Şair bildirir ki, az olan çox olana gedər. Burada küllcüz münasibətləri ifadə edilir. Eyni zamanda şair öz yaradıcılığını qiymətli bəzək əşyaları, qızıldan və qiymətli daşlardan düzəldilmiş əşyalarla dolu olan zərgər dükanına, əlində sadəcə bir qızılı olanları isə söz oğrularına bənzədir. Hekayənin sonunda şair bildirir ki, onun sözləri hara getsə, öz üslubu, dərinliyi ilə seçilərək əsl müəllifini tanıdacaqdır:

Fikrimi qapırlar, könlüm əmindir,

Buxaraya getsə, o Gəncənindir.

Şairin öz doğma şəhərinə məhəbbəti o qədər böyükdür ki, şeirinə də “mənimdir” deyil, “Gəncənindir” deyir, öz yaradıcılığını doğma torpağının mənəvi sərvəti hesab edirdi.

Şair əsərin “Şərəfnamə” hissəsində bulqar, qıpçaq, burtas, peçeneq və s. türk tayfalarının adını çəkir. Azərbaycan ərazisində yaşayan türkləri, əsasən, xəzər və xəzran (xəzərlər) adlandırır. Eyni zamanda şimaldan gələn qonşu qıpçaq tayfalarının onların təsərrüfatlarını əkinlərini yağmalaması, mal-heyvanlarını aparması barədə də maraqlı faktlar verir.

Nizami əsərdə İskəndəri Daranı məğlub edərək İranı ələ keçirməsi, oradakı atəşkədələri yandırmasını təsvir etdikdən sonra ağıllı adamlar ona Azərbaycana da getməyi tövsiyə edirlər:

Vəz anca be tədbire-azadeqan

Dər aməd suye-Azərabadeqan.

Aqillər məsləhət gördülər ona:

Oradan tərpənsin Azərbaycana.

Şair, Azərbaycanın günümüzədək öz mövcudluğunu qoruyub saxlayan, yeraltı neft və qaz yataqlarından qaynaqlanan yanar dağlar və atəşgahların “Özündənyanan” adlandığı barədə məlumat verir:

Gəlirkən hər yerdə ki, atəş gördü,

Zəndi məhv eylədi, odu söndürdü.

O yerdə ki, alov çıxırdı daşdan,

Məcuslar deyirdi “Özündənyanan.”

İskəndər Azərbaycanda atəşpərəstliyi məhv etdikdən sonra İsfahana qayıdır. Nizaminin əsərində Ərmən toponimi türklərin yaşadığı bir məkandır. Lakin tərcümədə bu sözün Ermənistan kimi yazılması bir sıra yanlışlıqlara gətirir. Halbuki, orijinalda bu söz Ərmən  şəklində yazılmışdır:

Be Ərmən dər aməd ço dəryaye-tond

Səba ra şod əz gerde-u pay tond

Coşqun dərya kimi Ərmənə girdi,

Səbanın onun yanında ayağı bağlı (asta, sürətsiz) qaldı.

Və ya

Ke Dara ço ləşkər be Ərmən kəşid

To qofti ke aməd qeyamət pədid

Dara ordusunu Ərmənə çəkdi;

Elə bil ki, qiyamət qopdu.

Nizami, eyni zamanda Azərbaycan toponimini də işlədir. İskəndərnamə əsərinə əsasən deyə bilərik ki, Azərbaycan o zaman İraqdan, Cənubi Azərbaycan, indiki Şimali Azərbaycanın da bir hissəsi daxil olmaqla  Arrana və Ərmənə qədər çox böyük bir ərazini əhatə edirdi. Şair “İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi” bölümündə yazır: Böyük Azərbaycan hökmdarından bir elçi gələrək dedi: Hökmdar, Dünyanı ram etdin, yer üzündəm qaranlığı, zülmü sildin. Bəs Ərmən torpağı niyə zülmət içində qalsın? Ərməndə hələ də oda sitayiş edirlər….

Əsərdə “Azərbaycan” sözü “Azərabadeqan” şəklində yazılır.

Azərbaycan hökmdarından qürurlu (azadələr kimi) bir elçi gəldi.

İskəndərin daha əvvəl atəşpərəstliyi məhv edərək təkallahlığı yaydığı bir ölkə olan Azərbaycan hökmdarı  İskəndərdən Ərməni abad etməyi xahiş edir. Oradakı Zərdüştilik dinini yox edərək təkallahlıq dinini yaymasını istəyir.  O dövrdə ərazidəki türk xalqlarının bir qismi tək Tanrı dininə itaət etsələr də, zərdüştilik də indiki Cənubi Azərbaycan, Yuxarı Qarabağ ərazisində çox yayğın idi. (Bu haqda Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərində maraqlı məlumatlar verilir). Bu da onların erməni (hay) olma ehtimalının belə olmadığını göstərir. Ərmən xalqının atəşpərəstliyi, zərdüştilik dininə itaət etməsi, “Xosrov və Şirin” əsərində Nizaminin böyük sevgi və qürur hissi ilə yaratdığı sevimli obrazlarının – Ərmən hökmdarları olan Məhinbanu və Şirinin də erməni olması haqqındakı qondarma və əsassız müddəaları alt-üst edir.

Çünki heç bir tarixi mənbədə ermənilərin zərdüştilik dinini qəbul etməsi, oda sitayiş etməsi barədə məlumat yoxdur. Eyni zamanda İskəndərin Dərbəndə səfər edərkən yerli əhali olan xəzər türklərinin qıpçaqların hücumundan, mal-heyvanlarını aparmasından şikayət etməsi ilə Azərbaycan hökmdarının Ərmən əhalisindən şikayət etməsi arasındakı paralellik diqqəti cəlb edir. Bir çox tarixi mənbələr də bu faktı təsdiqləyir. Şimal tərəfdən hücum edən “Qəbileyi-qıpçaq” idi. Azərbaycan hökmdarının Ərmən əhalisinin hücum edərək mal-heyvanlarını aparmasından şikayət etməsi onların da “yəğmaçı türklər” kimi tanınan qıpçaq tayfalarından olduğunu göstərir.

Azərbaycan hökmdarının danışığından  İskəndərin səfəri zamanı Ərmənin ayrıca bir ölkə deyil, müstəqilliyə can atan, atəşpərəst bir məliklik, vilayət olduğu anlaşılır:

Be Ərmən dər atəşpərəsti konənd

Degər şah ra zirdəsti konənd.

Ərməndə atəşə pərəstiş edərlər,

Başqa bir padşaha itaət edərlər.

Nizami Ərməndəki Dəvali adlı rəşadətli bir padşahdan, ətrafdakı bütün igidlərin ona bac verməsindən bəhs edir. İskəndər Ərmənə at sürür. Ölkədəki atəşpərəst məbədlərini dağıdır, batil inancları aradan götürür.

Maraqlıdır ki, Ərmən hökmdarı Dəvali eyni zamanda Abxaziyaya da hökmdarlıq edir. Nizami Ərmən hökmdarı Dəvalini döyüşkənliyi, ətraf ölkələrə hücum etməsi ilə bərabər mərd, vəfalı bir insan kimi təsvir edir ki, bu da onun erməni, yəni hay olmadığının ən gözəl sübutudur. Dəvali  İskəndəri bahalı daş-qaşlar, cəvahiratlarla dolu xonça ilə qarşılayır. İskəndər də ona hörmət göstərir, dostluq və sülhlə Ərməndən ayrılır.

Iskəndər Abxazdan Tiflisə gəlir. Hətta Nizami Tiflis şəhərini İskəndərin abad etdiyini qeyd edir. İskəndər Tiflisdə Nüşabə və onun ölkəsi barədə eşidir.  “İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi” bəhsi Nizaminin öz doğma ölkəsinə böyük sevgi və heyranlığının göstəricisidir.

Şair Xəzər dənizinin adını “Dəryaye-xəzəran”(Xəzərlərin dənizi) adlandırır. Şairin təsvirlərindən xəzərlərin Qafqazda və indiki Cənubi Azərbaycanda yaşayan oturaq türk tayfaları olduğunu, əkinçilik və heyvandarlıqla məşğul olduğunu anlayırıq.

Nizami, İskəndərin Dərbənd səddini tikdirdiyini qeyd edir və hazırda Şimali Qafqazda yaşayan bulqar (balkar) türklərinin adını çəkərək İskəndərin Bulqar adlı şəhər salmasından bəhs edir. “İskəndərin Dərbənd qalasını alması” bəhsində isə əvvəlcə verdiyi məlumatı daha geniş detallarla təqdim edir. Şairin təsvirlərindən Şirvan və Dərbənddə yaşayan əhalinin xəzərlər olduğu anlaşılır. Bu söz xəzran (əslində xəzəran) şəklində də işlənir ki, bu da xəzər sözünün cəm forması olub, xəzərlər deməkdir. Nizaminin böyük müasiri Xaqaninin Divanının bəzi nüsxələrində və bəzi şərhlərində Şamaxı və Şirvan əhalisi xəzərlər adlanırdı. Dərbəndin yerli xalqı şimaldan gələn qıpçaq tayfalarından İskəndərə şikayət edir:

Bu qıpçaq xalqı bir dəhşətdir, dəhşət,

Əkin əkməyə də bizdə yox cürət.

Bu parçadan yerli xəzər türklərinin oturaq həyat sürərək əkinçiliklə məşğul olduğunu,  mütamadi olaraq qıpçaq axınçılarının hücumlarına məruz qaldıqları, qıpçaqlardan qorunmaq üçün böyük bir sədd tikmək istədikləri məlum olur. İskəndərin rəhbərliyi və yardımı ilə xəzər xalqı böyük bir sədd çəkir. Burada diqqəti çəkən, istər Dərbənd xəzərlərinin, istərsə də Azərbaycan əhalisinin eyni problemlə üzləşməsidir. Bu məlumatlardan qıpçaq və oğuz türklərinin Azərbaycan xalqının etnogenezində oynadığı rol, xəzərlərin, Azərbaycan və Şirvan və Arranın yerli xalqı olması Yuxarı Qarabağ ərazisində, Ərməndə qıpçaq qəbilələrinin məskunlaşması, həmçinin şimalda yaşayan qıpçaq tayfalarının Dərbənd  xəzərlərinə vaxtaşırı basqınlar etməsi, İskəndərin bu hücumlardan qorunmaq üçün böyük sədd tikdirməsi haqqında çox dəyərli məlumatlar alırıq.

İskəndər Dərbənddən ayrılıb Çin tərəfə  səfər edir.  Şair Çin ölkəsini türklərin yurdu, Çin şahını isə Türküstan hökmdarı olaraq səciyyələndirir. Burada Çin dedikdə də tarixi türk torpaqları nəzərdə tutulur. Bu barədə Xəlil Yusifli, Çingiz Sadıqoğlu, Seyfəddin Rzasoy və b. aalimlər də yazmışlar. Şeyx Fəridəddin “Əsrarnamə” əsərində məşhur “Tutuquşu hekayəsi”ndə tacirin Türküstanzəminə gələrək Çin hökmdarı ilə görüşməsindən bəhs  edilir.Maraqlıdır ki burada hindli həkim, yəni alim, hikmət sahibi Çin şəhrinə gedir və Türküstanzəmin şahı (Türküstan torpağının şahı) ilə görüşür. Bu da onu təsdiq edir ki, indiki Çin ərazisi tarixən böyük Türküstanın bir hissəsi olmuşdur.  Həmçinin, Əttarın Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin təsiri ilə yazılmış “Xosrrov və Gül” əsərində əsərin qəhrəmanı Xosrov Gülü axtararaq müxtəlif yerləri araşdırdıdan sonra “Amədəne-Fərrox be Torkestan betələbe-Gül” bölümündə yazır:

Axırda o Türküstana yetişdikdə;

Çin şahının sarayını və qəsrini gördü.

İskəndər Dəşti-qipçaq, Xəllax, Çaç, Xotən, Kaşğar kimi tarixi türk torpaqlarından keçir. Lakin bu başqa söhbətin mövzusudur. Və biz bu yazını Rəsidəne-İskəndər be Rus və cəng kərdən (İskəndərin Rus çölünə çatması və müharibə etməsi) bölümündən beytlərlə bitiririk:

Ze kuhe-Xəzər ta bedəryaye-Çin

Həme Tork bər tork binəm zəmin.

Xəzər dağından (Qafqazdan) Çin dənizinə qədər hər yerin büsbütün türklər olduğunu görürəm.

 824 Oxunub