- Mədəniyyət

“Mənəviyyat körpüləri – Fərabidən Nizamiyə qədər” adlı beynəlxalq konfrans keçirilib

Qazaxıstanın Almatı şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (ARM) və Əl-Farabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Mənəviyyat körpüləri – Fərabidən Nizamiyə qədər” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetdə onlayn formatda təşkil edilən tədbirə dünyanın müxtəlif ölkələrini təmsil edən onlarla tədqiqatçı və qonaq qoşulub.

Konfransda İƏT Gənclər Forumunun ARM-nin İdarə Heyətini sədri Elçin Əsgərov, sədrin köməkçisi Şücaət Əhmədzadə, AMEA-nı təmsil edən akademik Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazar İlqar Fəhmi və başqaları çıxış edərək, Azərbaycan və qazax xalqının ümumi mənəvi dəyərləri haqda danışaraq, qloballaşma dövründə onların qorunmasının vacibliyini vurğulayıblar, eləcə də iştirakçıları Nizami yaradıcılığının özəllikləri haqda məlumatlandırıblar.

Tədbirdə Qazaxıstan tərəfindən aparıcı partiyanın gənclər qanadı olan “Jas Otan” təşkilatının Almatı şöbəsinin sədri Nursultan Bekkariov, Əl-Farabi adına Qazax Milli Universitetinin, Əl Farabi Mərkəzinin, eləcə də dünyanın müxtəlif ölkələrindən və Qazaxıstanın müxtəlif bölgələrindən olan alimlər çıxış ediblər.

Azərbaycanın milli geyimində olan balaca qazax qızının Azərbaycan dilində Nizaminin şeirlərini deməsi tədbir iştirakçılarının xüsusi diqqətini çəkib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova