- Mədəniyyət

Moskvada “Qarayev dəvət edir” silsiləsindən növbəti konsert olub

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Qarayev dəvət edir” silsiləsindən növbəti konsert olub.

Bu silsilədən olan konsertlər Rusiya paytaxtındakı Q.Qarayev adına uşaq musiqi məktəbi tərəfindən Moskvanın digər musiqi məktəblərinin iştirakı ilə keçirilir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığını populyarlaşdırmaq məqsədilə təşkil olunan konsertdə Qara Qarayev, Dmitri Şostakoviç, Sergey Prokofyev və XX əsrin digər məşhur bəstəkarlarının əsərləri səslənib.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qeyd edib ki, bu, Moskvanın mədəni həyatında çox mühüm hadisədir. O deyib: “Qara Qarayevin adı təkcə Azərbaycanın deyil, bütün dünyanın musiqi tarixinə qızıl hərflərlə yazılıb. Bu, Moskvadakı Q.Qarayev adına Uşaq Musiqi Məktəbi ilə birgə keçirdiyimiz ikinci tədbirdir. Bizim təşkil etdiyimiz birinci tədbir şagirdlərin hesabat konserti idi. Bu gün biz “Qarayev dəvət edir” silsiləsindən konsertlərə başlayırıq”.

“Azərbaycan” pavilyonunun direktoru vurğulayıb ki, belə tədbirlər Rusiya ilə Azərbaycan arasında mühüm mədəni körpüdür. O deyib: “Mədəniyyət, o cümlədən musiqi, daha dəqiq desək Qara Qarayev kimi böyük bəstəkarların musiqisi ölkələr və xalqlar arasında əlaqələndirici elementdir. Çox vacibdir ki, Qarayevin əsərlərini uşaqlar ifa edəcək. Onlar dahi bəstəkarın musiqisi vasitəsilə Azərbaycanı da sevəcəklər”.

Rusiya paytaxtındakı Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbinin direktoru Andrey Leonov ümidvar olduğunu bildirib ki, “Qarayev dəvət edir” silsiləsindən olan konsertlər yaxşı bir ənənəyə çevriləcək. A.Leonov deyib: “Konsertlər silsiləsini bizim məktəb açır. Ümid edirik ki, belə görüşlər gözəl bir ənənəyə çevriləcək. Burada Qarayevin və onun müasirlərinin musiqisi səslənəcək. Belə tədbirlər həmkarlarımızla təcrübə mübadiləsi aparmağa, Qarayevin yaradıcılığı barədə bildiklərimizi bölüşməyə kömək edəcək. Fevral ayında ikinci konserti təşkil etməyi planlaşdırırıq. Həmin konsertdə iştirakçıların sayı daha çox olacaq”.

Moskvadakı Q.Qarayev adına uşaq musiqi məktəbi Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən yeganə tədris müəssisəsidir ki, tanınmış bəstəkarın adını daşıyır. Məktəbin sinif otaqlarında daim Q.Qarayevin musiqisi səslənir, şagirdlərin əksəriyyəti ustadın əsərlərini müsabiqələrdə, festivallarda, o cümlədən beynəlxalq festivallarda ifa edir, laureat və diplomant adını qazanır. (azertac)

 28 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova