- Mədəniyyət

Milli Kitabxana CENL – Avropa Milli Kitabxanaları Konfransında iştirak edir

Azərbaycan Milli Kitabxanası CENL – Avropa Milli Kitabxanaları Konfransının illik iclasında təmsil olunur.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ötən il pandemiya səbəbindən onlayn şəkildə təşkil olunan iclas bu il ənənəvi qaydada keçirilir. Builki iclasa Brüsseldə yerləşən Belçika Milli Kitabxanası ev sahibliyi edir.

46 ölkədən ümumilikdə 49 milli kitabxananın üzv olduğu CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildən bu beynəlxalq təşkilatın üzvüdür.

Budəfəki iclasda 2020-ci ildə pandemiya səbəbindən onlayn formatda keçirilən 34-cü CENL illik iclasının yekun sənədləri müzakirə olunub və CENL-in illik hesabatı təqdim edilib. Daha sonra CENL-in 2020 və 2021-ci illərə dair maliyyə hesabatları məruzə edilib.

Noyabrın 30-dək davam edəcək iclasda “Növbəti 4 il üçün CENL və milli kitabxanalar üçün strateji prioritetlər” mövzusunda interaktiv sessiya keçiriləcək və növbəti il ev sahibi olacaq kitabxananın təqdimatı keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək növbəti CENL illik iclasına Türkiyə Milli Kitabxanası ev sahibliyi edəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova