- Köşə

Aygün ƏZİZ. Yapon müdrikliyi

  1. Eyni şeyi üç dəfə soruşanda Buddanın üzünə bax, gör nə hala qalır.

(Yəni müqəddəsin də səbri daşır. Bu deyimin dolğun versiyası belədir: “Buddanın üzünü üç dəfə sığalla və onun da qəzəbləndiyini görəcəksən”. Stoisizm (oxu: stoyaçılıq) və səbir yapon cəmiyyətində başlıca məziyyətlər hesab olunmasına rəğmən, Buddizm prinsiplərinə görə hamının səbrinin daşdığı məqam var.)

  1. Bir sikkə qazanırsan, amma yüz sikkə itirirsən.

(Bu deyim daha çox qazanmağa cəhd edərkən hörmət-izzətini, insanlığını itirə biləcəyin anlamına gəlir. Yəni, dünya sənin ola bilər, amma ruhunu, vicdanını itirirsənsə, artıq ləyaqətli insan olmaq şansın olmur. Biz “Artıq tamah baş yarar” deyirik.)

  1. Şər hərəkət minlərlə mil məsafə qət edir.

(İngilislər deyir: “Pis xəbər tez yayılır”. Pis hərəkətin özündən çox onun ətrafında yaranan və yayılan söz-söhbət nəzərdə tutulur. Bəzən böyük şəhərlər və ölkə belə kiçik kənd kimi qeybətcil olur. ABŞ-da tez yayılan xəbər haqqında danışanda “Meşə yanğını kimi yayıldı” ifadəsi işlədilir.)

  1. Getdiyin kəndin qaydalarına tabe ol.

(İngilislər deyir: “Romadasansa, romalılar kimi hərəkət elə”. Yaponlar bu deyimi gəlmə adamların cəmiyyətin qayda-qanunlarına uyğunlaşmağının vacibliyi barədə söyləyiblər. “Qayığı silkələmə” yapon davranışının mahiyyəti hesab olunsa da, bunun çox oxşar qarşılığı Roma deyimində də var. Bizdə isə “Gəmidə oturub, gəmiçi ilə dava etmə” deyirlər.)

  1. Tarladan molyusk əldə edə bilməzsən.

(“Daşdan qan çıxartmaq olmaz” kimi də deyirlər. Vaxtsız-vədəsiz, yaxud da mövsümündə olmayan şeylər istəmək haqqındadır. Çin folklorunda belə vəziyyət üçün “ağacdan balıq tutmaq” ifadəsi işlədilir. Bizdə “Xəstə tələsər, armud vaxtında yetişər” deyirlər.)

  1. Qayıqçı çox olanda qayıq dağa çıxar.

(Koreya ekvivalentində bu, “Aşpaz çox olanda şorba korlanar” kimidir. Düzdür, yapon adət-ənənəsinə görə məsləşət, məşvərət etmək yüksək qiymətləndirilsə də əndazəni gözləmək lazımdır. Bir-birinə zidd məsləhətlər işi daha da korlaya bilər.)

  1. Əksin də özünün əks tərəfi olur.

(“Təkər içində təkər var” kimi də deyirlər. Yaponlar hər zaman sadəlik tərəfdarı olsalar da, bu atalar sözü məsələnin görünməyən tərəfinin olduğunu göstərmək mənası daşıyır. Lakin situasiyadan asılı olaraq, yaponlar bunu səbirsizlik etməmək, hadisəyə dözümlü yanaşıb yeni həll yolları axtarmaq mənasında da işlədirlər. Belə olan halda bu ifadə “Hər məsələnin başqa həll yolu da var” mənası verir.)

  1. Çoxlu bacarıqlarının olması heç də müvəffəqiyyət qazanmağına vəsilə olmur.

(“Hər şeydən başı çıxır, amma heç nəyin ustası deyil” ingilis atalar sözünün ekvivalentidir. Yapon cəmiyyətində çoxyönlülük fəzilət hesab edilmir. Onlara görə bu belədir: “Bir peşən olsun, amma peşənin mahir bilicisi ol”. Hətta bir başqa deyimdə belədir: “Düyü peçenyesi istəyirsənsə, düyü peçenyesi bişirənin yanına get, başqa növ şirniyyat bişirənlərin yox”.)

  1. Ağız fəlakətə səbəb olur.

(Yaponlar az danışmağa və təmkinə üstünlük verirlər. Çox çərənləmək insana bəla gətirər. Çərənçilik insanın boş, məsuliyyətsiz biri olması kimi qiymətləndirilir. Çünki naqqallıq sirrlərin açılmasına səbəb ola bilər. İkinci Dünya müharibəsində ABŞ hökumətinin belə bir şüarı vardı: “Açıq ağız (hərfi tərcümədə “aralı dodaqlar” kimidir) gəmiləri batırar”. Bizdə “Adamın başına nə bəla gəlsə, dilindən gələr” kimidir.)

  1. Tökülən çiçəklər budaqlara geri qayıtmır.

(Yaxud: “Sınıq güzgü yenidən əks etdirmir”.  İngilislər “Dağılan süd üçün ağlama” deyirlər. Bizdə “Sonrakı peşmançılıq fayda verməz”“Daldan atılan daş topuğa dəyər” kimi atalar sözləri var. Yaponlarda buna oxşar digər atalar sözü belədir: “Dağılmış su kuzəyə geri qayıtmaz”.)

İngilis dilində “Yapon atalar sözləri: hazırcavablıq və müdriklik (izahlarla)” kitabından tərcümə (2-ci hissə)