- Cəmiyyət, Manşet

Azərbaycan XİN: “Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib.

Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib:

“Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub.

Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev – 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında helikopterin vurulması nəticəsində şəhidlik zirvəsinə ucalıblar.

Çingiz Mustafayev – 22 may 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş aparan zaman Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində şəhid olub.

Zibeydə Adilzadə – 28 noyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndi ərazisində erməni silahlı qüvvələrinin basdırdığı minaya düşərək həlak olub.

Sirac Abışov və Məhərrəm İbrahimov – 4 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun işğaldan azad edilmiş Susuzluq kəndi ərazisində yerləşdirdiyi minanın partlaması nəticəsində şəhid olublar”, – XİN-dən bildirilib.

Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.