Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Prezidentin Sərəncamında çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq olunması zərurəti də qeyd edilmişdi. Amma bu siyahı tərtib edilərkən bir sıra çox vacib əsərlər unudulub. Bu barədə Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru Aida Qasımova feysbuk səhifəsində yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:
“Prezidentin 12 yanvar 2004-cü il tarixlində latın qrafikasına keçidlə bağlı sərəncamı həyata keçirilərkən nə üçün Əkrəm Cəfər kimi böyük alimin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı latın qrafikasına çevrilməyib? Bu kitab bütün dünyada türk əruzunun öyrənilməsinin əsas mənbəyidir. Komissiya bu cür dəyərli əsəri niyə siyahıya salmayıb? Komissiyada filologiya ilə bağlı kitabların siyahısını kim(lər) tərtib edib?
Məsələ Əkrəm Cəfərlə bitmir. Malik Mahmudovun “Xətib Təbrizi” monoqrafiyası da latın qrafikası ilə nəşr olunmayıb. Ən vacibi isə Nizami “Xəmsə”sinin filoloji tərcüməsidir. Məlumdur ki, keçən əsrin 80-ci illərində “Xəmsə” bir qrup alim tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Tərcümənin möhtəşəmliyini xatırlamaq üçün onu həyata keçirmiş alimləri xatırlamağımız yetər. Bunlar Professor, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyev, professor Qəzənfər Əliyev, professor Məmməd Mübariz Əlizadə, professor Həmid Məmmədzadə, professor Vaqif Aslanovdur. Həmin nəşrin redaktorları və rəyçiləri arasında professor Rəhim Sultanov, professor Əkrəm Cəfər kimi adlar yer alır. Təəssüf ki, həmin möhtəşəm tərcümələr də latın qrafikasına çevrilmədi, əvəzinə, ayrı-ayrı saytlarda yer alan 2-3 səhifəlik yazıda bu möhtəşəm zəhmətə ağız büzənləri görürük. Mənim fikrimcə, bu əsərlər də latın qrafikası ilə çap olunmalıdır. Narazı olanlar isə buyurub öz filoloji tərcümələrini təqdim edə bilərlər”.