Özünü birtəhər avtobusa saldı və həmin andaca “Bax, bəri başdan deyirəm ha, yolpulum yoxdu, sonra məni söymə!” deyib özünü oturacaqların birinə yıxdı. Ardıyca da: “Amma yaxşı içmişəm”,- dedi. Sürücü isə cavabında başını yelləyərək yaxşı iş görmədiyini dedi.
İçdiyini deməsə belə, ağzını açıb danışanda kəlmələrinin də ayaqları kimi sözünə baxmadığını, səndirlədiyini aydınca bilmək olardı. Buna baxmayaraq, ortayaşlı bu adamın dili hələ bundan sonra açıldı:
– Bilirsən, içmişəm, pulunu da kartdan ödəmişəm. Nə işin olsa, mənə de, mən yaxşı işverənəm. Elə-belə yox e, yaxşı işverən. Bilirsən necə üzə dururam? Elə-belə yox ha, necə lazımdı. Elə bilirsən üzə durmaq asan işdir? Bacarmaq lazımdır e, mən yaxşı bacarıram…
Avtobus dayanır, avtobusdan düşənlər, avtobusa minənlər … 55-60 yaş arası bir qadın avtobusa qalxanda, özünün təbirincə desək, üzəduran işverən bu sərxoş da cəld qalxıb qadının qolundan yapışdı və ” gəl, qadan alaram, gəl, otur ” dedi və hiss olundu ki, yer verdiyi üçün özünü qəhrəmanlıq etmiş kimi hesab etdi . Sonra keçdi avtobusun arxa hissəsinə və “ürəkaçan” söhbətlərinə orada davam etməyə başladı (hə, birdən düşünərsiniz ki, avtobusun o başından bu başına o söhbətləri necə eşidirdin, onda deyərəm ki, bu avtobus o avtobuslardan deyil, balaca, müddəti keçmiş, köhnə avtobuslardandır):
– Mən ölmək istəyirəm.. Bir tapança olsaydı… Əslində filankəsdə tapança var . Ya da o meyxanaçı vardee – Rəşad … Rəşad kimi biri gəlib öldürsəydi… Belə də ki, yaxcı oğlan həmişə yaxcıdu… Mənəm, mənəm kürd…
…Beləcə mənim yolum bitir və avtobusu tərk etməli oluram…
Pərvanə