- Dil

Cəlil MƏMMƏDQULUZADƏ. Dil

Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm. Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadlı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəza müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.

Bu işlərə əvvəllər mən təəccüb elərdim, amma indi eləmirəm. Səbəbi var: Müsəlman yazıçılarından mənim bir dostum var ki, qabaqlarda mənə kağız yazanda həmişə türk dilində yazardı. Amma iki həftə bundan irəli haman dostumdan bir kağız aldım; bu kağız rusca yazılmışdı. Rəfiqimiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə və söhbət arasında axırıncı kağızını rusca yazmağının səbəbini soruşdum. Rəfiqimizin cavabını burada yazırıq ki, möhtərəm oxucularımız da oxusunlar və oxuyandan sonra haman sözləri cib dəftərlərinə yazsınlar ki, bari bizdən sonar gələnlər üçün bir yadigar qalsın. Rəfiqimiz belə cavab verdi:

– Cənab Molla Nəsrəddin, mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazı-pozu eləməyi dəxi bilmərrə tərgitdim və buna iktifa eləməyib, övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir xurufat icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın. Mənim Fatma adında bir bacım var ki, həmişə anamla bir yerdə kəndimizdə olar. Bacımın beş yaşında bir azarlı oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həmi də İrəvan həkimləri uşağa müalicə eləsinlər. Anam və bacımın əri İsmayıl bəy qalmışdılar kənddə. Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəylə gəldi İravana. Uşağı Russo həkim müalicə eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü”, yəni vəfat elədi; çünki molla bunu bilirmiş ki, bacım İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin və hamilə olmağını ya bilmirmiş, ya xəyalında deyil imiş. Əvvəl Molla Cəfər istəmir bu cür pis xəbəri anama yetirsin, hətta məndən narazı olub ki, qoca övrətə mən niyə bu tövr qəmli xəbəri yazıram.

Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşduq, gördük qapı döyülür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam “bala vay!” deyib, özünü çırpdı yerə və bihuş oldu. Mən o saat işi duydum və bacımın böyük oğlunu və təzə doğduğu uşağı da gətirib qoyduq anamın qucağına. Handan-hana yazıq övrət gözlərini açdı və başladı uşaqların ikisini də öpüb qucaqlamağa.

– Allah Molla Cəfərə insaf versin!
– Allah müsəlman hürufatını da icad edənə rəhmət eləsin!..

Rəfiqim sözünü deyib qurtardı. Mən də sözümü qurtarıram və ancaq bunu demək istəyirəm: hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufatla yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik.

Amma hər kəs bu dillərin heç birində bisavad deyil, – yəqin ki, bilməyəcək nə deyirik.

irsal-mərsul – məktublaşma
iktifa eləməyib – kifayətlənməyib

Mənbə: AZƏRBAYCAN DİLİ ANTOLOGİYASI