- Dil

Cəlil MƏMMƏDULUZADƏ. Şəhərə doğru

(ixtisarla)

Məlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi kimi “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə də kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzüm qalmır. Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsirəddin” əmi “piş əzvəqt”  öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun. Sözü çox uzatmaq istəmirəm və sözüm də heç çox deyil; ancaq mənim qabağımda duran iki məsələdir.

Birinci məsələ budur ki, aya indidən nə tədbir tökmək ki, mənim dostlarım şəhərə doğru gələndə və Bakı kimi bir böyük şəhərin küçələrində gəzəndə idarələrin və ticarətxanaların lövhələrinin yazılarından hürkməsinlər. Bax, qoy mən sənə sözün açığını deyim. Tutaq, avam kəndli deyil, bax, məsələn, sən özün, Allaha şükür, çox elmli savadlı şəhərlisən. Gəl mən yapışım sənin əlindən, gedək Bakının küçələrini gəzə-gəzə lövhələri oxuyaq. Əgər sən bu lövhələrin üçünü dalbadal oxuya bildin ki, özün də qandın və məni də qandırdın, onda mən sənə afərin deyərəm. Daha niyə uzaq gedək. Lövhənin biri türkcə ərəb hərfləri ilə yazılıb. Amma oxuyursan bilmirsən nədir. Axırda hıqqana–hıqqana höccələyib görürsən ki, yazılıb: Mediksantrud.

Demək, ixtisar olunmuş on iki rus kəlmələrinin baş hərflərini götürüb başıdaşlı Qüreyş tayfasının nəstəliq xətti ilə, islamca bisavad erməni, yəhudi, türk nəqqaşının qələmi ilə bir belə ilan-qurbağa şəkli çəkilibdir. Bir qeyri lövhəni götürək. Burada yenə bir neçə rus sözlərinin baş hərfləri bir yerə cəm olub, mübarək yeni türk hürufatının baş hərfləri ilə bu söz yazılıb ki, bunu da Vəli Xulufludan başqa heç bir kəndli, ya şəhərli oxuya bilməz.

Qeyri bir lövhəyə rast gəlib görürsən, elə bil, it ayaqlamış soğan kərdisidir ki, heç qana bilmirsən ki, kimdən ötrü bu qədər pul xərc edib bunu yazdırıblar. Bir yerdə yazılıb: Maranderinkumbas, qeyri bir lövhədə yazılıb:
Kasnibaristonmel. Sonra Onbik, Kato, Samtorqaşveynakurs.
Xülasə, dünyanın bir yerini gəzəsən və hər nə qədər dağlarının və çaylarının adı var, guya ki, hamısı Bakı şəhərinin lövhələrində yazılıb, bircə yaddan çıxıb Amerika çayları Missisipi və Missuri yazılmayıb.

Dəxi nə başını ağrıdım, hər bir Azərbaycan kəndlisi ki, yolu Bakıya düşdü və şəhərin mərkəzinin küçələrinin lövhələrini gördü, elə biləcək ki, onu yəcuc–məcuc vilayətinə gətiriblər…

Molla Nəsirəddin
“Molla Nəsirəddin”, 12 sentyabr 1925, №37