- Ədəbiyyat

Folklor aləmi – alqışlar

 “Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.” (Azərbaycan folkloru, Vikipediya, Azad ensiklopediya)

Şifahi xalq ədəbiyyatı həm də folklor adlanır.  Folklor ədəbiyyatın ən qədim dövrü – başlanğıcı hesab edilir. Müəllifi məlum olmayan, qədimlikləri, xalqın mənəvi özəlliklərini özündə əks etdirən bu nümunələr kollektivin yaradıcılığı adlandırılır. Amma belə hesab etmək daha doğru olar ki, ədəbiyyatda kollektivin bir mövzuda yaradıcılığı təsdiqini tapa bilməz. Burada naməlum fərdlərin yaradıcılığının bir yerə toplanması var. Ədəbiyyatımızda folklorun bir çox nümunələri  mövcuddur ki, onlardan alqışlar haqqında söz açacağıq.

Diqqət yetirsək, görərik ki, tarixi çox qədimdən başlayan alqışlar KDQ boylarında da öz əksini tapıb, hətta variantlılıqla. Belə ki, alqış vasitəsi ilə müdrik xalqımız həm də qarşısındakını əzizləyib öymək istəyini yerinə yetirib. Doğrudur, sosial situasiyada öygülərlə alqışlar ayri-ayrı vəzifələr daşıyırlar, amma xarakter etibarı ilə sevgi nümayişi onları yaxınlaşdırır. Eyni baxımdan KDQ-dəki alqışları nəvazişlərlə, bəyəntili, öygülü sözlərlə də müvaziləşdirmək olar və bu zaman dil faktlarının çox funksialılığı görünəcək.

Bütün deyimlərin, eləcə də alqış və öygülərin mədəniyyətlərdə özəl estetik vəzifələri də var. Bunu əsaslandırmaq üçün araşdırmaların nəticələri etnoqrafik, etnopsixoloji, kulturoloji planda tədqiq olunmalıdır. Bu, bugünkü ədəbiyyatımızda hələ öz əslini tam olaraq tapmayıb.

Qarabağ bölgəsində alqışların özünə məxsus üstünlük təşkil edən xüsusi yeri var. Demək olar ki, dilimizdə çox işlənən “sağ ol”, “var ol”ların əvəzinə bu dialektin daşıyıcıları alqışlardan istifadə edirlər. Bu alqışların əksəriyyəti Allah və Tanrı adları ilə bağlı olur, amma arzuların xarakterik məkani xüsusiyyətləri də qorunur. Qarabağda alqöşları qəlibləşmiş ifadələr kimi təqdim etmək düzgün olmazdı. Çünki hər fərdin dilində o, yenidən yoğrulur, yenidən canlanır. Məs.: “Allah köməyin olsun” ifadəsi “Allah başının üstündə dursun”, “Allah kürəyinin arasında dursun”, “Allahın kölgəsi üstündə olsun”, “Allah üstünə qanad gərsin”, Allahın kölgəsi üstündən əskik olmasın”, “Allah dayağın olsun” və s. kimi işlədilir.

Bölgədə əkinçilik, heyvandarlıq əsas yaşam mənbəyi olduğu üçün alqişların bir qismi bu mövzunu özündə ehtiva edir. Məs.: “Davarın qoşa quzulasın”, “Dəyirmanın həmişə işləsin”, “Dəyirmanının suyu qurumasın”, “Döylətin başınnan tökülsün”, “Xırman yerin çatlamasın”, “Dəvlətin başınnan aşsın” (Qarabağda əsas dövlət qoyun-quzu, dəvə sayilirdı).

Xalq dilində hamilə qadınlara da xüsusi alqışlar səslənir, bunlar könül açmağa, qadını xoşlandırmağa, əhval-ruhiyyəni yüksəltməyə xidmət edir, əlbəttə, ruh yüksəkliyi, varlığında sevinc yaşatmaq hamiləlik dövrü üçün vacibdir, dölün inkişafına müsbət təsiri var. Bu, elm sübut etməzdən əvvəl xalq deyimlərində öz əksini tapmışdır: “Ağır yükün yüngül olsun”, “Allah günahından keçsin”, “Allah yurtçu payı versin” (oğlan), “Xızır səni dardan qurtarsın”, “Balan əlində-avcında qalsın”, “Oğlan olsun, qız olsun, əli-ayağı düz olsun”.

Əsasən tərəkəmə-köçəri həyat tərzi keçirən Qarabağ camaatı öz alqışlarında qarşıdakına  bu yöndə lazım olanları arzulamış, istəklilərini yollarının uğurlu, minik heyvanlarının sağlam, hava şəraitinin yaxşı olmasını arzulayan alqışlarla əzizləmişlər. “Dəvən tərləməsin”, “Üstünə gün doğsun”, “Atın büdrəməsin”, “Atın naldan düşməsin”, “Bərəkətin çox olsun”,  “Uzaq yolun yaxın olsun”, “Yolun açıq olsun, gecən işıq”, “Yurdun mübarək, otu qalın, suyu sərin olsun”, “Yurdunda gül bitsin” və s. kimi alqışlarla insanın ruhu təzələnir, qəlbi fərəhlə dolur, çıxdığı uğura qələbə əzmi ilə yollanır.

Hər bir alqışda açılmayan daxili məna var. Bu məna xalqın nə qədər müdrik olduğunu, qarşıdakına hə qədər dəyər verdiyini, insan varlığının, bədən quruluşuna aid xüsusiyyətlərin kamil bilicisi oiduğunu göstərir. Məs.: “Allah kürəyinin arasında dursun” dedikdə nə demək istəyir? Araşdıraq: kürək – hər iki çiyinin arxa tərəfindəki yastı sümüklər, bu sümüklərin arasiinda onurğa yerləşir, onurğa sütunu insanı ayaq üstə saxlayıb bütün hərəkətlərini tənzimləyir, onun düz dayanışı sağlamlığı qoruyan birinci amildir. Allahdan istək bütün varlığa tükənməz sağlamlıqdır. Həm də insan arxasını byük bir gücə söykəyirsə, özünə daha inamlı olur.

Və ya “Üstünə gün doğsun” – Qış gedir, yaz gəlir, Günəş torpağı qızdırır, bitkilər pərvəriş tapır. Təkcə bitkilərmi? Bütün yaranış günəşin işığına, istisinə möhtacdır. Bu alqışda qarşıdakına o ehtiyacın ödənməsini arzulayırlar. Qoy üstünə gün doğub sənin yaşamaq eşqini artırsın, təmin etsin. Bu, xalq müdrikliyidir, şifahi xalq ədəbiyyatının qanına, iliyinə hopub.

“Toyuğuna kiş deyən olmasın” və ya “Ünnülərdən olasan”  – ifadələrinə diqqət yetirsək nə qədər geniş məna çalarını ehtiva etdiyini görərik. Yəni alqış obyekti o qədər böyük hörmət, izzət sahibi olmalidir ki, onun ləyaqətinə ehtiram mənasında hər yerdə dən axtaran toyuğuna belə “kiş” deməsinlər. Böyük hörmət onun sorağını hər tərəfə aparsın. Hörmət isə insanlara səmimi münasibət, düzgün yanaşma, xeyirxah əməllərlə qazanılır.

Alqışların böyük bir qismi məişət, ömrün, güzəranın yaxşı keçməsi, insan rifahının gözəlləşdirilməsi, varlığın daha yaxşı yaşaması arzusularını özündə yaşadır.  “Ağ günnü olasan”, “Bacandan tüstü əskik olmasın”, İşığın yansın, tüstün əb(v)ədən kəsilməsin”, “Suyun duru, könlün xoş olsun” və s. kimi alqışlarda rahat, sağlam həyat arzuları ümumiləşdirilmişdir.

İnsanlar öz əzizlədiklərinə elə ürəkdən sevgi payı əta edirlər ki, bədənlərində olan həyat əhəmiyyətli ən vacib orqanları belə qarşıdakına verməyə hazır olduqları bəlli olur.”Ciyarımın iki arası saa qurvan”, “Ürəyimin başı saa fəda olsun”, “Ömrümdən kəsib səninkinə calasın” – belə alqışlarda duyulan sevgi əsrlərin küləyindən, çovğunundan sıyrılıb gəlmiş, zamanımızda da yaşayan sevgidir.

Qarabağ camaatı haramı halala qatmaz, zəhmətlə yaşamağı şərəf bilər, zəhmətlə qazandığı ilə fəxr edər, onu qorumağı özünə borc hesab edər. Təkcə özünün halalına haram qatmağı deyil, halal qazancına yad əl uzanmsını da haramlıq hesab edər, “malıma haram əl dəydi” deyərlər. Bu hal alqışlarda da öz əksini tapir. “Evinə yad əl uzanmasın”, “Yağı səndən uzaq olsun” kimi deyimlər çox geniş məna yükü daşıyır. Belə ki, mal-dövlətin, zəhmət bəhrəsinin qorinmasından başqa, ailə dəyəylərinə, ailə saflığına da naxələf əl uzanmaması alqşlarda arzulanır.

Ümumiyyətlə, Azərbaycanımızın hər bölgəsində xalq yaradıcılığı, xalq deyimləri həm özünə məxsus fərdi spesfik xüsusiyyətləri ilə, həm də ümumilikləri ilə diqqəti çəkir. Hətta mədəni-ticarı əlaqələrin sıxlığı bu sahənin də qovuşmasına , eyniliyin daha geniş ərazidə olmasına səbəbdir. Amma hələki uzun illərin istisini, soyuğunu görmüş müdriklərimiz var, hər bir halda bölgələrimizin folklor nümunələrinin toplanmasından başqa, onların daxili mənasının acılması da gələcəyə töhfəmiz olar.

Qarabağ alqışları.

  1. Ağ baxt olasan
  2. Ağ günnü olasan
  3. Ağır yükün yüngül olsun
  4. Allah bir balanı min budaq eləsin
  5. Allah günahından keçsin
  6. Allah heç kəsi balası ilə sınamasın
  7. Allah kəndirini üzməsin
  8. Allah kölgəni qalın eləsin
  9. Allah qada-baladan saxlasın
  10. Allah qorxduğundan qorusun
  11. Allah səni çörəklə sınağa çəkməsin.
  12. Allah yandırmasın
  13. Allah yurtçu payı versin
  14. Allahın kərəmi sənnən uzaq düşməsin
  15. Allahın kərəmində olasan
  16. Allahın yadında olasan
  17. Allahın sınağından üzüağ çıxasan
  18. Atın büdrəməsin
  19. Yəhərin yumşaq, uzaq yolun yaxın olsun
  20. Azarın maa gəlsin.
  21. Bacandan tüstü əskik olmasın
  22. Bağlı qapıların açılsın
  23. Balan əlində-ovcunda qalsın
  24. Bərəkətin çox olsun
  25. Ciyarım saa qurvan
  26. Ciyarımın iki arası saa qurvan.
  27. Davarın qoşa quzulasın
  28. Dərdin dərmansız olmasın.
  29. Dərdin səni istəməyənin sinəsinə tökülsün.
  30. Dəvən tərləməsin
  31. Dəvlətin başınnan aşsın
  32. Dəyirmanın həmişə işləsin
  33. Dəyirmanının suyu qurumasın
  34. Döylətin başənnan tökülsün.
  35. Düşməninin yolu yumrulsun
  36. El-obanda var olasan.
  37. Evin abadan olsun
  38. Evinə yad əl uzanmasın
  39. Əlin Allahdan üzülməsin
  40. Əlin işdən qalmasın
  41. Əmdiyin süd saa halal olsun
  42. Görən gözün yorulmasın
  43. Gözün nurru olsun
  44. Günün doğsun
  45. Gününə gün calansın.
  46. Xətirri olasan
  47. Xətrin əziz olsun
  48. Xırman yerin çatlamasın
  49. Xızır səni dardan qurtarsın
  50. Xoş xəbər yiyəsi olasan
  51. İşığın yansın, tüstün əb(v)ədən kəsilməsin
  52. İşin avand olsun.
  53. Kafirin küfrü səndən uzaq olsun.
  54. Könlün xoş olsun
  55. Qamətin əyilməsin
  56. Qapına kilid dəyməsin
  57. Qara günün göy əskiyə bükülsün.
  58. Qaraçuxan yatmasın
  59. Qavışdıranına şükür
  60. Qəddin əyilməsin
  61. Qo:atdan düşməyəsən
  62. Qonaq-qaran əskik olmasın
  63. Qulağın şad xəbərlər eşitsin
  64. Neyliyim, nejeliyim deməyəsən
  65. Oğlan olsun, qız olsun, əli-ayağı düz olsun.
  66. Oğllu-uşaqlı olasan
  67. Ömrümdən kəsib səninkinə calasın
  68. Ömrümdən kəssin saa versin
  69. Ömrün çıraxban olsun
  70. Ömrün uzun olsun
  71. Pis günün dalınca qara daş.
  72. Pis günün mənim olsun
  73. Səhəngin dolu, çörəyin bişmiş olsun
  74. Sənə baxan yaman gözə daş batsın
  75. Səni xəlq eləyənə qurvan olum
  76. Suyun duru, könlün xoş olsun.
  77. Suyun durulsun
  78. Süfrən şadlığa açılsın
  79. Tanrı qanadını üstünə gərsin
  80. Tanrı qorusun
  81. Tanrının qanadı altında olasan
  82. Tanrının nazarında olasan
  83. Toyuğuna kiş deyən olmasın.
  84. Ünnülərdən olasan
  85. Ürəyim saa qurvan
  86. Ürəyimin başı saa fəda olsun
  87. Yağı səndən uzaq olsun
  88. Yaman gün görməyəsən.
  89. Yaman günün olmasın
  90. Yerin, göyün yi:əsi səni qorusun ( köməyində dursun)
  91. Yolun açıq olsun, gecən işıq
  92. Yurdun mübarək, otu qalın, suyu sərin olsun
  93. Yurdunda gül bitsin
  94. Yükündən sağ-salamat qurtarasan.

P.S. Yazını S. Vurğunun, S. Rəhimovun, M. İbrahimovun, H. Mehdinin sadə dilində yazdım, müasir ağır istilahlardan qaçdım. Dilimiz kasıbdır deyənlərə görk olmaq üçün.

Tədqiqatçı-filoloq Sima CƏFƏROVA, FADMM-in baş məsləhətçisi