- Cəmiyyət

Fransa Prezidenti Əlcəzairdə təhqir və etirazlarla qarşılanıb

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdə təhqir və etirazlarla qarşılaşıb.

Bu barədə “Report” Fransa mətbuatına istinadən xəbər verir.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Makron ölkənin şimal-qərbində, Aralıq dənizi sahilində yerləşən Oran şəhərində gənclərlə ünsiyyət üçün “Disco Maghreb” adlı tarixi musiqi mağazasını ziyarət edib və orada keçirilən şənlik mərasiminə qatılıb.

Mağazadan çıxarkən Makron əlcəzairlilərin etirazı ilə üzləşib.

BFMTV-nin məlumatına görə, Fransa Prezidenti izdihamın arasında olarkən “Yaşasın Əlcəzair” və “Bir, iki, üç, yaşasın Əlcəzair” şüarları səsləndirilib. Makron bu zaman tələsik avtomobilinə minib.

Görüntülərdə ağsaçlı bir şəxs Makrona “Burdan rədd ol get, yaşasın Əlcəzair”, – deyib.

Fransa mətbuatının yazdığına görə, Emmanuel Makron səfərini yarımçıq kəsərək şəhəri tərk edib.

Xatırladaq ki, Çakron Əlcəzair və Fransa arasında uzun sürən diplomatik böhrandan sonra bu ölkəyə səfəri zamanı müstəmləkə dövrü arxivləri üzərində işləmək üçün birgə komitə yaratmağı qərara aldıqlarını və bu komitənin tərkibinə iki ölkənin tarixçilərinin də daxil olacağı barədə məlumat verib.

Əlcəzair və Fransa 4 fövqəladə tarixi dosye, əsasən də Fransa hakimiyyətinin illərdir verməkdən imtina etdiyi Əlcəzair arxivi və Parisdəki İnsan Muzeyində bir sıra xalq inqilabı liderlərinin kəllə sümüklərinin qaytarılması ilə bağlı danışıqlar aparır.

Əlcəzair rəsmilərinin bildirdiyinə görə, üçüncü fayl 1960-1966-cı illərdə Fransanın Əlcəzair səhrasında apardığı nüvə sınaqlarının qurbanlarına verilən kompensasiya, dördüncü fayl isə müstəqillik uğrunda müharibə (1954-1962-ci illər) zamanı itkin düşən 2 200 nəfərin taleyinə aydınlıq gətirməkdən ibarətdir.

Fransa müstəmləkəçiliyə qarşı xalq müqavimətinin bəzi fəallarının kəllə sümüklərinin 2020-ci ildə təhvil verilməsi istisna olmaqla, Əlcəzairin heç bir müraciətinə cavab verməyib.

Qeyd edək ki, Fransa Əlcəzairdə on minlərlə günahsız insanı qətlə yetirib, yeli sakinlərə qarşı soyıqırımı həyata keçirib. Lakin rəsmi Paris bu günə kimi bunu qəbul etməyib.