- Dil

Gülyaz ƏLİYEVA. Dədə-baba amanatımız…

Beynəlxalq Ana Dili Günündə  çox təəssüflə qeyd etmək istəyirəm ki, dil məsələsində bəzi problemlərimiz 100 il bundan öncə və ya Sovet dövründə  necə idisə, bu gün də eləcə qalmaqdadır, hətta daha da acınacaqlıdır. Bəs  onlar hansılardır?

Ana dilini bəyənməyib, özgə dillərə üstünlük vermə.
C.Məmmədquluzadənin “Anamın kitabı” Üzeyir Hacıbəylinin ” Məşədi İbad” əsərlərində “Molla Nəsrəddin”də qaldırılan problemlər hələ də öz həllini tapmayıb… Hələ də ana dilini bəyənməyən, əqidəsi deyil, yalnız qiyafəsi dəyişmiş Rüstəmbəylər, Mirzəməhəmmədəlilər, Səmədvahidlər, “Molla Nəsrəddin”in “obrozovonski”ləri aramızdadırlar.

Dərsliklərdə ana dilinin tədrisi ilə bağlı məsələlər…

Bu məsələ də hələ də tam həllini tapmayıb.
Doğma ana dilimizin öz doğma Vətənimizdə lazımi səviyyədə  işlədilməsi vəziyyəti, tədrisi məsələsində problemlərin olması, doğrudan da, müstəqillik dövrü üçün çox arzuolunmaz bir haldır. Ana dilinin işlədilməsi, tətbiqi və inkişafı ilə bağlı rəsmi dövlət səviyyəsində qanun və sərəncamlar verilsə də, bu sahədə kifayət qədər çatışmazlıqlar var və onlar getdikcə daha da çoxalır.

Acı bir  həqiqətdir ki, müstəqilliyimizdən 35 il keçməsinə baxmayaraq, hələ də dosdoğmaca dilimizə biganə münasibətin şahidi oluruq və  dözülməz haldır ki, KİV, xüsusilə, televiziya kanalları ədəbi dil normalarını kobud şəkildə pozmaqda öndə gedir.
Hər gün bəzi teleaparıcılar televiziya vasitəsilə eybəcər hala saldıqları nitqləri ilə evimizə gəlir. Danışıqlarında varvarizmlərdən  istifadə etmələri, türk dilinin təsirində olmaları qulaqları o sözlərə öyrəşən gənc nəslə də  sirayət edir ki, bu da dilimiz üçün böyük bir təhdiddir.
Bir yandan da ana dilində kifayət qədər elmi ədəbiyyatın və tədris materiallarının olmaması, dildən birbaşa çörəyi çıxan yazıçıların, dilçi alimlərin belə ana dilinə laqeyd münasibəti, hətta onların özləri tərəfindən ədəbi dil normalarının pozulması, başqa dillərdən gələn sözləri  leksikonlarında, yazılarında daha çox işlətmələri nəticəsində doğma dilimizə qarşı doğma olmayan münasibət, yad dildə təhsilə üstünlük vermə halları da  gənc nəsil arasında dilimizə qarşı ögey münasibəti formalaşdırmaqdadır.

Adamı yandıran odur ki,  qorxulu Sovet hakimiyyəti dövründə yad təsirlərdən qoruyub saxlaya bildiyimiz dilimiz müstəqillik illərində daha çox aşınmaya məruz qalır, daha çox “əcnəbiləşir”.
Dilin norma və tələblərinin pozulması danışıqda, mətbuat, radio və televiziyada artıq adi hala çevrilib. Küçələrdə, reklam və müəssisə adlarında ana dilində yazıların paytaxt küçələrində qəhətə çəkilməsi də dilimizi bir yandan gözdən salmağa xidmət edir.

Ana dili millətin varoluşudur, milli kimliyidir, yaşadığını göstərən əsas amildir. Odur ki, ana dilimizə hörmət etməli, bu dildə danışmalı, övladlarımıza məhz bu dildə təhsil verməliyik. Bunun üçün  rəsmi qanun, göstəriş gözləməməliyik. Kütləvi informasiya vasitələrində, tədris vəsaitlərində, şəhərin küçələrindəki reklam və müəssisə adlarındakı səhvlərdə yubanmadan düzəlişlər aparılmalıdır.
Məişət dili normalarına, başqa dillərdən gələn ifadə və sözlərin süni şəkildə işlədilməsi hallarına tezliklə son qoyulmalıdır.
Dili inkişaf etdirmək, ictimai və mədəni funksiyalarını genişləndirməkdən ötrü birinci növbədə onu işlətmək, özü də düzgün şəkildə işlətmək, bu dili gənc nəslə təmiz şəkildə ötürmək gərəkdir. Yoxsa özümüz özümüzə qənim kəsilmiş olarıq. Dədə-baba amanatına xəyanət etmiş olarıq.

Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
(Mahirə Nağıqızı)

Uzun əsrlərin keşməkeşli yollarından keçib gəlmiş, qədim tarixə, sabit yazı və tələffüz qaydalarına malik dilimizi qorumaq, bu dildə danışmaq hər birimizin borcudur. Bu, kampaniya xarakteri daşımamalıdır, dilə sevgi canımızda, qanımızda olmalıdır. Çünki Ana dili hər bir xalqın milli qürur mənbəyidir. Ana dili – əcdadlarımızın, ata-babalarımızın bizə qoyduğu müqəddəs sərvəti, əmanətidir. O, xalqın tarixi keçmişini, ədəbiyyatını özündə ehtiva edən ən qiymətli tarixi mənbə, zəngin xəzinədir. Bu xəzinəyə sahib çlxmalı onun  göz görə-görə talanmasına yol verməməliyik. Yoxsa, sonra gec olar… Əmanətə xəyanət edəni heç Allah da bağışlamaz…