Dil hər bir xalqın milli kimliyinin və dövlətçiliyinin ən vacib atributlarından biridir. Dili olmayan xalq məhvə məhkumdur. Azərbaycan xalqı isə çox qədim və zəngin dilə malikdir; bu dilin fonetik, leksik və qrammatik quruluşu mükəmməldir və sabitləşmiş normaları var. Lakin maraqlıdır ki, biz bu gözəl, musiqili, ahəngdar dilin qədrini nə dərəcədə bilirik?
Müstəqillik əldə etdikdən sonra dövlət səviyyəsində dəfələrlə dil haqqında sərəncamlar verilib, qanunlar qəbul edilib, amma təəssüf ki, bu günə qədər Azərbaycan dilinin qayda-qanunları müxtəlif sahələrdə ciddi şəkildə pozulub.
Təəssüflə qeyd etməliyik ki, bu pozuntular həm televiziyada, həm şəhərin küçə və meydanlarında rast gəlinən obyekt və müəssisələrin adlarında, həm də dərsliklərdə və mətbuat səhifələrində arzuolunmaz dərəcədə yayılıb, çoxalıb. Sanki hər kəs öz ana dilinin qaydalarını pozmaqda yarışa girib.
Acınacaqlısı odur ki, bu dil pozuntuları hər kəsin gözü qarşısında baş verir və hər gün o yazıların yanından keçən şəxslər buna qarşı laqeyddirlər. Başqalarını bir kənara qoyuram. Əgər AMEA-nın, AYB binasının yanındakı obyektlərin adında, metrodakı reklam yazılarında Azərbaycan dilinin normalarının kobud şəkildə pozulmasına o alimlərdən, o yazıçılardan biri, metro ilə gedən minlərlə sərnişinlərin biri— aralarında yüzlərlə ziyalı şəxs: müəllim, həkim, şair, yazıçı, jurnalist var — münasibət bildirmirsə, iradını söyləmirsə, dilimizə qarşı bu qədər etinasızlıq göstərirlərsə, o zaman hansı vətəndaş mövqeyindən, ziyalı təəssübkeşliyindən danışmaq olar?! Ana dilinə olan sevgi, ehtiram hər birimizin canında olmalıdır. Yuxarıdan verilən hər hansı bir qanunu və ya kiminsə göstərişini gözləməyə ehtiyac yoxdur. Bunun üçün gərək hər kəs əlindən gələni edə, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirə. Yoxsa gərək Prezident nəsə deyə ki, ondan sonra başlarını qaldırıb Bakının küçələrindəki dil sarıdan acınacaqlı vəziyyətə baxalar?
Prezidentin AMEA-nın yubileyiində dil ilə bağlı söylədiyi çıxışdan sonra Ana dili məsələsi gündəmə gətirilib. Artıq çoxları bu haqda ağızdolusu danışır, fikir bildirir. Hətta illərlə bu barədə susmağı üstün tutub, “lalam, karam” deyənlər də. Məgər indiyədək heç kəs bunu – şəhərdə Ana dilinin sıxışdırılıb yerinin əcnəbi sözlərə verilməsini görmürdümü? Niyə bu barədə bir kəlmə də olsun danışmırdılar? Deyək ki, görmürdülər. Bəs onları görüb səsin çıxaran, şəhəri ağzına almış əcnəbidilli obyekt və müəssisə adlarını, reklamların şəkillərini çəkib görmələri üçün onlara yollayan ziyalıların səsinə niyə səs vermirdilər? İllah ki, gərək bu barədə Prezident danışa idi, ondan sonra dil aça idilər? Ondan sonra “cümlə dilə gələ idi, ləbxamuşan”?
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi Azərbaycan dilinin qorunması istiqamətində illərdir aparılan mübarizənin mərkəzində dayanır. O, həm ziyalıların fədakar fəaliyyətini, həm də ictimai təşəbbüsləri istiqamətləndirir. Qurum müxtəlif vaxtlarda bu məsələyə toxunmuş, ziyalıları bir nöqtədə birləşdirməyə çalışmış və bir neçə dəfə bu mövzuda Prezidentə, Milli Məclisə müraciət etmişdir. Bakı küçələrində əcnəbi dildə reklamların yayılması və orfoqrafiya normalarının pozulması ilə bağlı həm Milli Məclisə, həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də tanınmış ziyalılara, deputatlara müraciətlər etmişdir.
2020-ci ildə FADMM-in təşəbbüsü ilə məktub ünvanladığımız şəxslərdən biri də hörmətli Xalq yazıçısı Anar müəllim olub. Lakin təəssüf ki, Anar müəllim, 5 il əvvəl biri AMEA-nın müxbir üzvü, neçəsi professor, dosent, fəlsəfə doktoru, yazıçı olmaqla 168 nəfərin ona məktubla və mətbuat vasitəsilə Bakının küçələrinin əcnəbi dillər tərəfindən işğal edilməsi ilə bağlı ürəkağrısı ilə bəhs edib ünvanladığı məktuba cavab verməyi belə artıq hesab etdi… Gözlərimiz yolda, qulağımız səsdə qaldı. Ürəyimizi qayğı, beynimizi fikir aldı: Əcəba, ümid və əminliklə yolladığımız məktub ünvanına yetişmədimi ki, ondan heç bir səs-soraq çıxmadı? Axı biz o məktubda Anar müəllimə Bakının mərkəzi prospekt və küçələrində aparılan monitorinqlər zamanı məlum olan acınacaqlı durum — M.Ə Rəsulzadə küçəsi ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən istifadə edilməməsi barədə yazmışdıq, “həm Azərbaycan Yazıçılar Birliyinin sədri, həm Dövlət Dil Komissiyasının sədr müavini kimi diqqətinizə çatdırdığımız bu eybəcərliklərə susmayacağınıza əminik. Azərbaycan dövlətinə, xalqına güvənən, onun mədəniyyətini dəyərləndirən bir şəxs kimi cəmiyyətimizi məyus edən bu mühüm problemin həlli üçün əlinizdən gələni əsirgəməyəcəyinizə inanırıq”,— deyə müraciət etmişdik.
Lakin nə o vaxt, nə ondan sonra ötən 5 il, neçə ay ərzində Anar müəllim məktubu imzalayanlara iki kəlmə şablon cavab da yazmağa qıymadı.
Amma dövlət başçısı bu məsələni qaldırandan dərhal sonra ondan açıqlama gəldi.
21 noyabr 2025-ci ildə “Azərtac”a verdiyi müsahibəsində Xalq yazıçısı Anar deyir: “Şəhərin elə yerləri var ki, orada Azərbaycan dilində bir kəlmə də söz yoxdur”
Bəli, Anar müəllim, düz 5 il bundan əvvəl bu barədə Sizə müraciət etmişdik, Sizdən kömək umduğumuz üçün… Sizə güvəndiyimiz üçün… 5 ildən çox vaxt keçib. Heç cavab da vermədiniz…
“Bu, ötəri iş deyil. Dil hamı üçün doğma olan məsələdir. Mirzə Cəlil demiş, o dildəki anamız bizə layla çalıb, gərək onun saflığını qoruyaq. Bu məsələ ilə bir ay, bir il, iki il məşğul olmaqla istədiyimizə nail ola bilməyəcəyik. Bu elə vacib məsələdir ki, onunla daim məşğul olmaq lazımdır. Hər kəs bu işi özü üzərinə götürməli və özündən asılı olanı etməlidir”.
Çox doğru yanaşma. Kaş hamı özündən asılı olanı edə… Xüsusən də, çörəyi bu dildən çıxan dilçilər və yazıçılar. Şairlər və yazıçılar dilin inkişafında ən böyük rolu oynayan şəxslər olmalıdılar, amma bu gün onların çoxu dilin zənginləşdirilməsi əvəzinə, onu pozan tendensiyaları yaymaqdadır. Əgər bir ziyalı öz danışığında ana dili sözlərindən istifadə etmir, əvəzində dilinə varvarizmlər qatmağı fəxr bilir, bir yazıçı əsərində öz sözlərimizi işlətmir, türkcə kəlmələri “kullanmağı” hünər sayırsa, onda hansı ziyalı təəssübkeşliyindən bəhs edə bilərik?
Birinci növbədə şair və yazıçılar öz yazılarının dil və üslub xüsusiyyətlərinə xüsusi fikir verməlidirlər. Bu işdə əvvəlki yazıçılar kimi örnək olmalı, dildə deyil, əməldə bunu edələr. Azərbaycan dilinin öz sözləri hesabına zənginləşmısinə, yeni söz yaradıcılığına öz töhfələrini verməlidirlər. Şair və yazıçılar televiziya və mətbuat bu işdə örnək olmalıdır ki, başqalarından da bunu gözləyə. Yazıçı qələmi əlinə alanda (klaviaturadan istifadə edındə) təkcə maraqlı və oxunaqlı yazmaq haqqında deyil, həm də düzgün və təmiz ana dilində yazmaq haqqında düşünməlidir.
Təəssüflə qeyd edim ki, ən böyük məsuliyyətsizlik bəzən dilçilər və ədəbiyyat adamları tərəfindən olur. Dilçilərin passivliyi adamı sarsıdır. Yazıçılar və şairlər də dilin bədii-estetik simasını zədələyir, dili süni şəkildə yad sözlərlə yükləyirlər. Ana dilinə olan sevgi, ehtiram hər birimizin ruhunda, canında-qanında olmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”. O zaman biz istədiyimizə nail olarıq….









