Mən müəlliməm, müəllim ailəsində dünyaya göz açmışam. Atam da, babam da müəllim olub. Gözümü dünyaya açandan evdə kitab-dəftər, qələm-karandaş görmüşəm. Hər səhər evdən kitab-dəftərlə çıxan atam sonralar direktoru olacağı məktəbimizin qapısını hamıdan əvvəl açmağa adət etmişdi. Atamızın simasında müəllimliyi biz dünyanın ən gözəl, ən müqəddəs peşəsi hesab edir, müəllimi ən ədalətli və dürüst insan bilirdik. Elə buna görə mən və məndən əlavə beş bacım da atam kimi müəllim olmağı qarşımıza məqsəd qoymuşduq və buna nail olduq…
Gözümüzü dünyaya açandan evdə oyuncağımız kitab-dəftər, qələm, oynadığımız oyun “müəllim-müəlim” olub. Biz “müəllim-müəllim” oynayar, balaca qardaş və bacılarımıza müəllimlik edər, məktəbdə öyrəndiklərimizi bacı-qardaşlarımız, qohum-qonşuların uşaqlarına öyrədərdik. Müəllimlərimizi ustalıqla elə təqlid edərdik ki, nəticədə onların metodu ilə yaxşı “şagirdlər” yetişdirərdik. Odur ki, bizim “yetirmələrimiz” artıq məktəbə yollananda yazmağı və üzünə oxumağı bacarardı. Mən də məktəbə getməmişdən əlifbanı öyrənmişdim, “Ana dili” kutabını oxumağı bacarır, çoxlu şeir və mahnıları əzbər bilirdim. Çünki “müəllimim” məndən 2 yaş böyük bacım bunların hamısını hövsələ və səbrlə mənə öyrətmişdi. O, məktəbdə nə öyrənirdisə, evə gəlib çantasını yerə qoyan kimi hamısını həvəslə mənə də öyrədərdi. Eləcə də mən məktəbə gedəndən sonra hərfləri özümdən balaca bacıma öyrətdim. O da məktəbə gedəndən sonra digər bacıma. Beləcə 8 uşaq tərəfindən estafet davam etdirildi. Yazılmamış qanuna görə hər kəsin vəzifəsi özündın balacanın “müəllimi” olmaq idi. Mən onun da şahidi oldum ki, uşaq uşağın dilini daha yaxşı bildiyindın uşaqların bir-birini öyrətməsi daha asan olur və önlarda öyrənmə daha tez alınırdı. (Sonradan o uşaqlarln altısı ömrünü bu peşəyə həsr etdi və fərqlənmə diplomlu müəllim oldu). Beləliklə də, bizdə müəllimliyə həvəs və müəllim peşəkarlığı hələ lap uşaqlıqdan başlayıb. Uşaqlıqdan prdaqoji “staj” qazanmışıq…
Mən ailədən gəlmə bir sənətimiz olan müəllimliyi dünyanın ən gözəl ən müqəddəs peşəsi sanmışam və indi də sanıram. Öz müəllimlərimi həmişə hörmətlə anıram. İlk dəfə dil açanda anam mənə: “Ey hörmətli müəllim, hər könüldə yerin var…” öyrədib. O misralar beynimə daş üzərinə yazılmış yazı kimi həkk olunub. İkinci: “Hər kənddə, hər şəhərdə sənin meyvələrin var”,— misrasındakı “meyvələrin” sözü mənə tanış deyildi deyə anamdan: “Meyvə nədir?— deyə soruşduqda o: “Meyvə” alma-armuda deyirlər”,— demişdi.
Mən də atam evə gələndə ona şeiri:
—Ey hörmətli müəllim, hər könüldə yerin var,
Hər kənddə, hər şəhərdə sənin ….(meyvələrin sözü yadımdan çıxdığından) alma-armudun var,— deyə söyləmişdim… Bu təkcə atamın deyil, evdəkilərin hamısının gülüşünə səbəb olmuşdu deyə mən pərt oldum, bunu özümə bağışlamadım. Ondan sonra “şeirlərin sözlərini heç vaxtm sinonimi olsa belə, dəyişmək olmaz”ı öyrəndim. Hələ o vaxt mən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağım barədə özum özümə söz verdim və sözümü tutdum. Nənəmdən çoxlu bayatılar, nağıllar, əfsanələr, yanıltmaclar öyrəndim. Nənəm tez-tez deyirdi ki, Əli ə. buyurub: “Mənə bir kəlmə öyrədənin qulu olaram”. Ona görə də müəllimlərinizi, sevin, onlara hörmət edin. Çünki müəllim ən uca bir rütbədə dayanır”. Bunu cəmi 3 sinif oxumuş nənəm deyirdi…
Qardaşım tez-tez Makedoniyalı İsgəndərdən misal çəkərdi, deyirdi, Makedonyalı İsgəndər müəllimini valideynlərimdən çox istəyirəm, deyirmiş, çünki: “Valideynlərim məni göydən yerə endirdilər, müəllim isə yerdən göyə qaldırdı…” Beləliklə, müəllimə hörmət, unu uca tutmaq bizim qanımıza və iliklərimizə işlədi…
Bəli, o vaxtlar müəllimi müqəddəs sanmışıq, bunu evdə ata-analarımız, çöldə qonum-qonşu, el-oba, televiziya təbliğ edirdi. “Müəllim yemir-içmir, yatmır” kimi təsəvvürlərimiz olub bizim. Təkcə şagird və valideynlər yox, bütöv cəmiyyət müəllimi hörmətli tuturdi…
Bəs nə oldu bu adamlara, həmin nəslin övladıarına birdən-birə? Nə baş verdi ki, bu gün cəmiyyət müəllimə qarşı bu qədər aqressivləşdi? İndi həqiqət budur ki, yetən də, yetməyən də müəllim haqda aqressif fikir bildirir, onu alçaltmağa çalışır. Axı sizə də əldə qələm tutmağı, sözləri yazmağı müəllim öyrədib, söz ehtiyatınız, yazıb-oxumanız üçün müəllimə borclusunuz. İndi çoxunuz evdə bir övladınıza tərbiyə verə bilmirsiniz, iki gün uşaq evdə qalanda onun əlindən dad deyirsiniz, amma müəllimə təlim və tərbiyə mövzusunda “mühazirə oxuyursunuz”, müəllimdən övladınıza həm tərbiyə, həm də təlim və təhsil verməyi umursunuz. Özü də bunu müəllim “paraya dəyməyib, bütövü kəsməyib, doyunca ye”məklə etməlidir… İndi müəllim, uşaq sinifdə dərsi pozub, tərbiyəsizlik etsə belə, ona nə acıqlana, nə danlaya, nə də düz yol göstərə bilər. Çünki çoxunuzun təsəvvürünə görə belə olarsa: “uşağın psixalogiyası pozula bilər….” Belə etməklə məktəb yox, elə, valideynlər, siz özünüz cəmiyyət üçün psixologiyası pozulmuş kütlə yetişdirirsiniz.
Sosial şəbəkədə o gün bir video qarşıma çıxdı. Ana qız övladını videoya çəkib paylaşıb. Qız saqqız çeynəyəyirmiş kimi kəlmələri əvələyib-gəvələyib, ağzını əyə-əyə müəllimini yamsılayırdı. Ana da bunu çəkib fərəhlə paylaşıb… Burada dahi Füzulini xatlrladım, elə ürəkdən xatırladım ki , bir də gördüm öz-özümə dodaqlarım M.Füzulinin hələ 500 il bundan öncə yazdığı qitəni pıçıldayır:
Ey müəllim!…
Ey müəllim
Ey müəllim, alət-i təzvirdir əşrarə elm,
Qılma əhl-i məkrə təlim-i məarif, zinhar!
Hiylə üçün elm təlimin qılan müfsidlərə
Qətl-i-am üçün verər cəllada tiğ-i abidar.
Hər nə təzvir etsə əhl-i cəhl ona olmaz səbat,
Məkr-i əhl-i elmdir, əsl-i fəsadi ruzigar.
Burada şair müəllimə müraciətlə “tövsiyə edir ki, şər təbiətli, məkrli tələbələrə elmi öyrətmə ki, onu məkr aləti kimi istifadə edərlər. Burada əhl-i məkrlə əhl-i cəhl müqayisələndirilib. Müəllim də, onun təlim və tədrisi ilə məşğul olduğu tələbələr də elmi məkr alətinə çevirə bilərlər, yəni cahillər nə qədər yalan söyləsələr də, səbatlı, qalıcı, davamlı, təsirli olmaz, Zamanın fəsadının qaynağı elm adamlarının məkridir (çünki onlar daha mötəbər mənbədir, daha ustadırlar, onlara daha çox inanılır).
Şair irəli sürdüyü fikirlərdən bu qənaətə gəlmək olar ki, ümumiyyətlə, ruzgarın əsas fəsadları elm əhlinin məkr(lər)indən doğur.
Əsrlər öncə Füzulinin dediyi fikirlər bu gün özünü doğruldur. Elm indi şər qüvvələrin əlində qorxunc bir silaha dönərək insanları, bütün dünyamızı məhv etmək vasitəsinı çevrilib. Çox qorxulu vəziyyət yaranıb. Elm, texnologiya inkişaf etdikcə bundan mütərəqqi, faydalı məqsədlər üçün yox, daha çox məhvedicu, mürtıce məqsədlər üçün istifadə edilir, bəşəriyyət müharinələrlə uçuruma sürüklənir. Bunu dövlətlərin deyil, sadə adamların timsalında da göstərim. Əgər bizim dövrümüzdə ali savadı olmayan valideynlər övladlarına müəllimə hörmət aşılayırdılarsa, bu günkü valideynlərin, (demək olar ki, hamısı savadlıdır, ən azından orta məktəb təhsili görüb), əksəriyyəti əlinə telefon alıb müəlliminin ağzın əyən övladını videoya çəkir və bunu fəxrlə paylaşır. Demək ki, oxumaq və savad şərt deyilmiş…Burada yenə dahi Füzulinin başqa bir qitəsinin misraları beynimi deşməyə başladı:
Hər kimin var isə zatında şərarət küfrü,
İstilahati-ülum ilə müsəlman olmaz.
Gər qara daşı qızıl qan ilə rəngin edəsən,
Təb’ə təğyir verib, lə’li-Bədəxşan olmaz.
Eyləsən tutiyə tə’lim ədayi-kəlimat,
Nitqi insan olur, əmma özü insan olmaz…
Bəli, hər nitqi olan, müəllimdən dərs alan, elm, bilik qazanan əsl insan ola bilməz, əgər zatında şərə meyililik varsa…
Övladına düz yol göstərib, tərbiyə vermək əvəzinə tərbiyəsini pozan ana, axı sənə də müəllim dərs deyib, sənə də o yazıb-oxuma öyrədib, nədir indi səndə müəllimə qarşı bu hirs, bu kin, bu nifrət, bu aqressiya? Sən hələ də Sabirin tipi olaraq qalırsanmı? “Oxutmuram, əl çəkin” bir dərd idi, indiki halın bir dərd…Bu gün övladınızın müəllimə qarşı yönləndirilmiş o cür tərbiyəsizliyinə gülür, fərəhlənirsiniz. Amma bundan ruhlanan o övlad sabah sizə qarşı o cür münasibət göstərəcək. Unutmayın ki, məktəbi, müəllimi alçaldan cəmiyyət sonda məhvə məhkumdur. Bu gün cəmiyyətimizdə baş verən neqativ hadısələrin 90%-nin kökündə məhz məktəbin, müəllimin uşağa sevdirilməməsi, valideyn nəzarətsizliyi, övladına düzgün tərbiyə verməməsi, cəmiyyət üçün sağlam təfəkkürlü övlad yetişdirməməsi, hər şeyi məktəbin və müəllimin üzərinə atması dayanır. Müəllimi saymayan, ona hörmət etməyən, lovğa, özündənrazı övlad nəticədə valideyni və cəmiyyəti saymır və evdən oğurluq da edir, doğmalarına qarşı amansız da olur, cəmiyyət üçün yararsız adama çevrilir. Müəllimi, məktəbi pisləyən valideyn Molla Nəsrəddin kimi oturduğu budağı kəsən adamdır, sonda özü yıxılacaq.
Ta antik dövrdən bəri məktəb, təhsil, müəllim cəmiyyətin gündəmində olan məsələ olub. Müəllimi, məktəbi hörmətli tutan cəmiyyıtin gələcəyi parlaq, özü mütərəqqi olub. XX əsr ziyalılarının yazılarının başlıqlarına baxıram: Ömər Faiq Nemanzadənin məqalələri: “Dilimiz və imanımız”, “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?”, “Mən kiməm?”, “Bizə hansı elmlər lazımdır?”
M.Ə Sabir: “Uşaqlar”, “Uçitellər”, “Müəllimlər siyezdi”, “Oxutmuram, əl çəkin!”.
Demək, bütün zamanların baş qəhrəmanı müəllimdir, təhsil həmişə diqqət mərkəzində olub. Bu gün də müəllim cəmiyyətin bütün üzvləri tərəfindən diqqət mərkəzindədir amma təssüf ki, daha çox mənfi yöndən. Odur ki bir daha Füzulini xatırlayıram:
Ey müəllim!
Qılma əhli-məkrə təlimi-məarif, zinhar…
(Əslində bu yazım bayram əhvali-ruhiyyəli yazı olmalı idi, amma nə edim ki, o video qarşıma çıxdı və bütün fikirlərimi alt-üst etdi, ürəyimdən süzülüb gələn fikirlər bunlar oldu…)









