- Köşə

Pərvanə BAYRAMQIZI. Gündəmdən qalanlar

Nəyəsə hirslənib klaviaturaya bərk döyəcləyib yazanda ərinə hirslənib uşaqlarını döyən anaları xatırlayıram.

***

Vaxt vardı adamlar hər hansı məqsədləri  üçün bir-birlərinin burunlarını güdürdülər ki, görüm neçə dəfə asqıracaq, mənə düşəcəkmi. İndi asqıranda ətrafında “sağlam ol” deməyə bir adam tapmırsan, nətəri qaçırlarsa… Gül kimi qrib olurduq, adına “gəzmə” deyirdilər. Xəstəliyin də sünisini düzəltdilər. İndi çox yeməkdən nəfəsi kəsilən də elə bilir coviddir. İnsanları yaman çaşdırdılar.

***

Qızlarınızı ərə verəndə: “meyitin o evdən çıxacaq” deməkdənsə, “o evdən meyit olmamış çıx” deyin.

***

Sosial şəbəkələrə adət etməyin fəsadları: adamlar xoşuma gələn fikir söyləyəndə çaşıb çənəsinə toxunub “layk” eləmək istəyirəm.

***

“Mətbuat – bizim partiyanın ən iti və ən qüvvətli silahıdır”.
“Kütləvi kitabxananın işi” 1954
Mətbuat indi də düşmən olanların bir-birini söydürmək üçün tribunasıdır.
Ayrı heş zad

***

Ayrılığın, həsrətin, ümidsizliyin yeni adı PANDEMİYAdır.

***

Bilmirsiniz danışanda sözlər hara düşüb yox olur?

***

Adminlər səhifələrini əzizləyirlər: baxışına qurban.

***

Burun əməliyyatları başqasının işinə qarışıb-qarışmamağa da təsir edir ya yox?

***

Sevməyəndə sevirmiş kimi davranıb aldatmaq “cinayəti bilib gizləməyə” bənzəyir. Elə sevib sevmirmiş kimi davranmaq da.

***

Aramızda bir Əlibala Hacızadə tapılacaqmı Əfqanıstanda baş verənləri əsərə gətirsin? Hə, xatırladım indi bu işə Xalid Hüseyni baxır.

***

Heç kəsdən qəfildən: “xoşbəxtsənmi” soruşmayın. Diksindirərsiniz adamı. Sual verdiyiniz adamın “hə” cavabına da özünüzü əvvəlcədən hazırlayın. Yoxsa sizə də çətin olar.

***

Birdən qulağına partapart, şaphaşap səsləri gəlir. Səsi dinləyə-dinləyə gedirsən, məlum olur ki, kimsə profilinə daxil olub, bir ucdan paylaşımları bəyənir. Elə bil gedib xəzinə üstə çıxıb daş-qaş daşıyır. Öyütikilmiş bir-ikisini bəyənib çıxmır. Profil açılan ilədək gedib çatır. Vəssalam. Bununla da dostluğu bitir. Getdi ee, sonra görünmür. Planı birdəfəyə doldurduğundan işini bitmiş hesab edir. Bir də ad günündə təbrik yazacaq. Bunun harası Leyli… üzr istəyirəm, bunun harası dostluq? Belə izləyicilərə yeni ad tapmaq lazımdır.

***

Demək olar ki, bu cür mənzərəni hər gün seyr edirəm: ana  uşağın  əlindən tutub öz sürətinə uyğun aparır. Baxmır ki, uşaq, ona çatır, ya yox. Əgər uşaq asta getsə anası onu sürüyüb aparmış olar. Ona görə də yazıq uşaq həmin “tempə” uyğunlaşmağa cəhd göstərərk qaçış vəziyyəti alır. Ana gedir, bala isə qaçır. Uşağın hünəri var yıxılsın, üstündən beş-altı qapaz vurulacaq. (Tənbehlə kifayətlənən “insaflı” analar da var.) Yadıma iki il qabaq yazdığım status düşdü: yıxılanda üstündən döyülən uşaqlarıq, bizə heç nə olmaz!

***

Alkoqollu status
Deyir, camaatın evində kişilər içir, bizim nəsildə arvadlar.

***

Nəsimi ilinin maraqlı keçməyinə görə Afət Fərmanqızına təşəkkür düşür. F.Qurbansoyun da bu işdə rolu az olmadı. Monoqrafiya yazdı, “falçı Nəsimidən yazıb” deyə il boyu deyindilər, mühit “diri” qaldı. Görürüsünüz, Nizami ili necə sakit ötür?

***

Ağrıya adət etmək…
əzaba qatlaşmaq…
“olmaz”la barışmaq…
Bunlara bizlərdə yaşamaq deyirlər.

***

Azərbaycanda burun təyinatı üzrə işləmir. Özü ayrıca xüsusi funksiyalar yerinə yetirir: onsuz başqalarının işi getməz.

***

Məndən qabaqda ana-bala gedir, yolun o biri üzündə də bir kişi velosiped sürür. Uşaq həyəcanla qışqırdı:
— Ona bax, velosiped sürür!
— Sürür, sürür də, bala, nolsun!
Elə bildim uşaq kişinin qəzaya düşəcəyindən qorxub. Anasına cavabı məni məyus etdi:
–  Sürməsin! Atamda yoxdur!
Qəribə hisslərdir. Uşaqdır deyə adam dilinə gətirmək istəmir, amma reallıq budur ki, bu paxıllıq hissidir, insanla bərabər doğulur.
Sadəcə, kədərlə deyilsəydi, bəlkə də uşağın keçirdiyi hisslər başadüşülərdi. Amma “sürməsin” sözü burda hər şeyi aydın göstərir.
Uşaqları həsəd hissindən uzaq böyütməliyik. Başqaları ilə özünü, tay-tuşlarıyla da uşağı müqayisə etməyin nəticəsidir. Bir də gen faktoru var.

***

Əvvəl-axır nəzarət edən tapılacaqmı bu xırda-xuruş zay saytlara?
Daxil olub oxumursan, amma sən istəməsən də, qarşına çıxır: yaraladılar, öldürdülər, zorakılıq oldu və s.
Qan qoxusu duyulan manşetlərdən təngə gəldik.
Bəsdir daha!
Sevgi, xeyirxahlıq, yaxşı əməllər təbliğ edin. Onsuz da insanlar bir-birilərini sevmirlər, incidirlər, bu iyrənc xəbərlərlə az-çox qalan inam, ümid hisslərini də öldürməyin!
Zorakılığın olmağının əleyhinəsinizsə, maarifləndirici paylaşımlar edin.
İzləyici sayına aludə olub insanların əsəblərini korlamayın!

***

Riyaziyyat adamları ilə sözüm tutmur. Onlar bircə şey bilirlər — 4-dən 4 çıxanda 0 qalır. İndi gəl izah et ki, bəlkə, azca da olsa nəsə qalır… riyaziyyatçılar çıxılan dördün izini görmürlər. Gördükləri heç nədir, heç nə. Onlar üçün “öldü” var, “vəfat etdi”, “dünyasını dəyişdi”, “ömrünü bizə bağışladı” ifadələrini qəbul etməzlər.

***

Uşaq oldum, anam öz zövqüncə geyindirdi, ailə qurdum, geyimə yoldaşım müdaxilə etdi, indi də butiklərdə ürəyimdən olan paltara yaxınlaşanda satıcı deyir:

–  Onu cavan qızlar alır.
Di yeri yaşa!

***

Hərdən yaxşı insanlarla yaxşı-yaxşı dalaşmaq yaxşı şeydir. Bilirsən ki, küsülü qala bilməyəcəksən, ona görə ən xoş sözləri seçib deyirsən. Qarşı tərəf də qəzəblidirsə, sakitləşir. Sonra özü peşman olub bu dəfə xoş sözləri o söyləyir. Qayıdıb bir-birindən üzr istəyirsən, vəssalam sülh sazişi bağlanır.
Heyif deyil ərkyana dalaşmaq…
Vay o gündən ki, tərəflərdən ya biri, ya hər ikisi kinli ola. Vay o gündən ki, dava da ehtiramsız ola. Onda hər iki tərəf bir-birinə deyir:
–  Dİ YERİ!
İkisi də varıf Dİ YERİYİR.
Getmisiniz, ya hələ burdasınız?