- Mədəniyyət

Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub

Şuşanın dağları başı dumanlı…

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda baş tutan muğam axşamı belə adlanırdı.

Muğam gecəsinin dinləyiciləri sırasında Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri var idi.

Moskva Konservatoriyasının səhnəsindən Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və muğam xəzinəmizdən digər incilər səslənib.

Azərbaycan xalqının Qarabağ Zəfərindən sonra Moskvada ilk dəfə ucalan “Şuşanın dağları başı dumanlı…” mahnısı dinləyicilərə xüsusi zövq verib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ifaçıları maraqlı konsert proqramı münasibətilə təbrik edərək deyib: “Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi” səslənir”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova çıxışında qeyd edib ki, Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. “Bu axşam Moskvada Azərbaycan muğam məktəbinin korifeyləri – Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digərlərinin layiqli davamçıları olan tanınmış xanəndələrimiz Qarabağ torpağından pərvazlanan ən füsunkar muğam nümunələrini rusiyalı dinləyicilərə təqdim edirlər”, – deyə N.Axundova bildirib. (azertag)