- Köşə

Pərvanə BAYRAMQIZI. “Layklı” söhbət

Danışmağa ərinirəm, həm də danışanda sözümü kəsirlər, əhvalım korlanır. Ona görə də yazacam oxuyun.

Oxudunuzsa, “layk” eləyin. Eləmirsinizsə nə gəzirsiniz profilimdə?

“Layk” edib-etməməklə nüfuz qorumaq, şöhrətpərəstlik etmək gülməlidir, bu, əqidə deyil. O zaman əqidədən sayılar ki, həqiqətən bəyənmədiyin mövzu olar, amma marağı olub, gizli oxuyub, “layk”ını gizlətmək hiyləgərlik, ucuz şöhrətpərəstlikdir.

“Laykını” nihan etmək dilərsən, etməgil, edirsən də cəhənnəmə etgil.

“Bax, yoxsa səni layk eləmərəm haa” – “Layk” təhdiddir.

“O, mənim paylaşdıqlarımı bəyənir, gərək mən də onunkuları bəyənim” — “Layk” borcdur.

“Görüm, o, nə paylaşıb, hamısını “layk edim” — “Layk” dostluqdur.

“Aman Allah, filankəs müəllim statusuma ürək işarəsi qoyub!” — “Layk” stimuldur.

“Əşi nə olsun ee, mənasız fikirdir, adamın işi düşür, mütləq bəyənib, rəy yazmaq lazımdır” — “Layk” siyasətdir.

Qadının özünü hissə-hissə göstərdiyi şəkli ilə paylaşdığı şeirinə tanınmışların əksəriyyəti bəyənmə işarəsi qoyur. “Layk”ın poeziyaya aid olmadığını foto “xəbər verir”. (Şeir özü də bu işdə ona yardımçıdır) Bütün gün kitabdan danışıb, oxucu qıtlığından gileylənənlər kitabxana mövzusunda mətnə, verilişə əhəmiyyət vermirlər. Belə şeylər onlara maraqsız görünür, çünki, burda üz-göz, ağız-burun, çiyin və s. göstərilmir. “Layk” sahibi də sənə yuxarıdan aşağı baxır, meydan oxuyur, özünü tanınmış ziyalı, “kruqugeniş” mötəbər sayır. Əlbəttə, mənəvi dəyərlərə üstünlük verənlər bu cür hallara görə ruhdan düşməzlər, sadəcə, izah etmək istəyirlər ki, istədiyiniz fotodur, kitab yox. Özü də necə foto.

Yəqin ki, səmimi olmadığınızı heç vaxt etiraf etməyəcəksiniz.

Sizi (mətni yox, şəkli layk edən ziyalıları) ədəbiyyatın aqibəti narahat etmir, sizə gözəllik görmək maraqlıdır, o da mənəvi gözəllik deyil.

Şeirini şəkli ilə paylaşan qadın şkayət mətnlərini, hansısa müəssisə haqqında nifrət yağan statuslarını da özünün effekt verilmiş fotosunun “müşayiəti” ilə paylaşır. Yəqin düşünür ki, şikayətə də şəkilsiz baxan yoxdu.