“Təcrübə göstərdi ki, kitabxanalar kütləvi mütaliəni və kitabdan müntəzəm istifadəni inkişaf etdirməyin daha mütəşəkkil vasitəsidir. Kitabı yaymağın digər mənbələri ilə müqayisədə şəksiz üstünlüyə malikdir.
Birinci, kitabxanalar kütləvi mütaliəni təşkil edərkən ictimai istifadə üçün nəzərdə tutulmuş və müntəzəm şəkildə seçilmiş, oxucunu maraqlandıran problemin hərtərəfli öyrənilməsi üçün imkanlar yaradan kitab fondlarına əsaslanırlar. Müqayisə üçün qeyd edək ki, kitab mağazası almaq üçün oxucuya hazırda kitab bazarında olan təsadüfi bir ədəbiyyatı təklif edə bilər”.
Digər abzasları – ikinci, üçüncü şərtləri yazmaq qalsın başqa vaxta… Bildirim ki, mətni 1976-cı ildə çap olunmuş elmi ədəbiyyatdan köçürürəm. Geniş abzası yarımçıq saxlamağımın səbəbi hər gün rastlaşdığım məqamdır. Diqqətimi çəkən budur ki, dövrümüzdə kitab bazarında məzmunsuz ədəbiyyat çoxluq təşkil edir və adamlar bir-birindən eşitdikləri kitabları, reklam olunan müəlliflərin yazdıqlarını mağazalardan alırlar. Bəzən satıcılar öz xoşladıqları əsəri oxumağı tövsiyə edirlər. Eyni mətndən hamı oxşar zövq duymur. Birinə xoş təsir bağışlayan digərinin mütaliə marağına mənfi təsir göstərə bilər. Bu iş kitabxanaşünaslıqda “oxucuları öyrənməklə onlara fərqli yanaşma prinsipi” ilə tənzimlənir. Mütaliəyə rəhbərlik kiçik yaşlardan başlayaraq sistemli şəkildə həyata keçirilməlidir. Kitab satışında isə bu imkan məhduddur. Bizə indiyədək tanış olmayan əcnəbi müəlliflərin qəribə sərlövhəli kitablarına siz də rast gəlirsiniz. Əksəriyyəti anlaşılmaz olur, amma alırlar. Çoxu axına qoşulub oxuyur. Əsərlə tanış olanda görürük ki, bu biz istəyən deyil, kitabdakı biz deyilik, tamam başqa ab-havada yazılmış əsərdir. Ruhumuzu zədələyən bu cür ədəbiyyat bizdə milli düşüncəni öldürür. Məncə, bu cür kitablar ölkəyə daxilimizdə süni tolerantlıq formalaşdırmaq üçün gəririlir. Gərək bizi milli ideologiyadan uzaqlaşdırmaq cəhdinə xidmət edənlərin kitabların təbliğinə uymayaq.
“Xalq Cəbhəsi” qəzetinin 2009-cu il 10 noyabr sayında “Ədəbiyyat mədəniyyətin əhəmiyyətli bir hissəsidir” adlı məqalədə şair Məhərrəm Tanrıverənin belə bir fikrini oxumuşdum: “Qlobalist duyğuların millətləri məhv edəcəyi təhlükəsi var. Habelə qlobalizm əsl ədəbiyyata qarşıdır. Mən qlobalizmə qarşıyam. Fikirləşirəm ki, türk soyum, özüməməxsusluğum var; bundan niyə əl çəkməliyəm? Ancaq dünyaya qlobalizmi xilas kimi təqdim edən iri dövlətlər öz milli mənafelərinin qayğısına çox gözəl qalırlar, millətçiliklərini yeridirlər. Təəssüf ki, türklər arasında qlobalizmin zahiri görkəminə uyanlar var. Qlobalçı duyğular bu gün ədəbiyyatda, mədəniyyətdə – hər yerdə təsirini göstərir”. Yəqin ki, bu cür yanaşmanı təqdir edənlərin olduğu kimi əleyhidarları da çoxdur. Hər halda bu vacib mövzuda dərindən düşünmək lazımdır.
Sözügedən mövzuda İlqar Fəhminin “Kulis”də yayımlanan yazısı da dərin təhlillə işlənib: “Əlbəttə, bir azərbaycanlı bütün antik sivilizasiyanı, yunan mifologiyasını, xristian əqidəsini və mədəniyyətini, Avropanın orta əsrlər tarixini tam dəqiqliyinə qədər öyrənib Coysun “Uliss”ini başa düşə bilər… Bəli, yalnız başa düşər. Əql-şüur səviyyəsində. Amma ruhunda (təhtəlşüurunda) heç bir təsir buraxmaz. Son nəticədə bizim insanın qəlbinə “Çərşənbə günündə, çeşmə başında” qoşması Coysun “Uliss”indən daha təsirli görünəcək.
Axı Aşıq Ələsgər arxetiplərə söykənən şairdir, xalqın, etnosun ruhu üçün əvəzedilməzdir, əbədidir, daimidir…
Uliss” isə orada nə qədər dərin məzmunlu, fəlsəfi əsər olsa da, bizim ruhumuz üçün kənardan gəlmə bir “simulyakr”dır. Bu gün var, sabah yoxdur. Niyə yoxdur? Çünki millətin ruhuna yapışmır”.
Adamın demək istədiklərini kimsə ondan qabaq söyləmiş olanda işi asanlaşır. Məhərrəm Tanrıverənlə İlqar Fəhmi məni zəhmətdən xilas elədi. Yoxsa bənzər fikirləri özüm yazmalı olacaqdım.
Öz canımızda özgənin ruhu ilə yaşadıqca canımızı da itirəcəyik, ruhumuzu da.
Özümüzünküləri özgələşdirmək cəhdimizdən xeyir tapmayacağıq.
Məsuliyyətli olaq. Canıyananlıq da vacibdir.









