- Köşə

Pərvanə O-NURLU. “Bir yay axşamının romantikası” adlı marşrutnamə

 Bu qış günündə isinəsiniz deyə

Gecənin romantikası… demək istərdim, amma gecənin “Marşrutnamə” si gəlir,
“Ürəyim yanar” başlığı altında.
Mahnı vardı, daha doğrusu, indi də var : Sənin yolunu gözlədim yaman… Romantik mahnıdır, amma mən avtobusun, avtobusların yolunu gözləməkdən gözümün kökü saraldı bu gün, həm də hər gün. Bu günün tıxacı da bir başqa idi – ürəkyandıran, mahnı kimi, mahnıda deyildiyi kimi…
– Dayan daa!
Bunu avtobusun arxa tərəfinə keçən kişiyə dedi bir kök qadın.
Kişi heç tərəddüd etmədən :
– Bir az arıqlamaq lazımdır, – dedi.
Qadın, deyəsən, eşitmədi, çünki reaksiya vermədi. O sözə reaksiya verməyən qadın ya çox fağır olmalıdır, ya da sağır.
Öz aramızdır, nə gərək var o qədər kökəlməyə? Avtobusda yer tapmırıq axı. Nə isə, bu məsələyə çox da müdaxilə etməyim, qulaqlarına çatar, nəmə lazım.?Nə canım var “cavab verməyə”, nə dilim var dilləşməyə.
İşdən çıxmış ac-acına adamlar, tıxac gözümüzə durub, nə vaxta çatarıq evə, rahatlanıb yemək yeyərik, ya da yemək yeyib rahatlanarıq. Yadıma düşmüşkən, bir sual verim: həftənin 1-ci günü ilə digər həftəiçi günlərinin nə fərqi var ki, 1-ci günün tıxacı belə dözülməz olur? Nə qədər fikirləşirəm, tapa bilmirəm səbəbini də, bəhanəsini də… Çatmağa bir azcana qalmışdı, əslində sağlamlıq naminə düşüb piyada da getmək olardı qalan yolu, amma ərincəklik vaxtın uzanmasına səbəb oldu. Tıxac azmış kimi bir də yolun ortasında zibil maşını zibil yığmaqla məşğul idi. Keçməyə yer yox və avtobus geri qayıdanda gəldiyi yolla qayıtmalı olduğunu dedi. Qadınlar söylənə-söylənə düşdülər. Ancaq sanki avtobus mühasirədə idi, çıxa bilmirdi maşınların əhatəsindən. Nəhayət, zibil maşını (o da adının haqqını verirdi elə bil) işini qurtardı (əslində onlar gecə işləməlidirlər ki, belə problem yaratmasınlar) və avtobusun öz yolu ilə gedəcəyini bilib, həmin qadınlar yenidən avtobusa mindilər. Söyləməsi ayıb olmasın, mən uzaqgörənliyimdən düşməmişdim avtobusdan… Zarafat edirəm, ərincəklikdən idi. Hə, onu demədim axı, avtobusda məndən başqa bir nəfər qalmışdı. Axşamın qaranlıq vaxtında gözünə yaşına yaraşmayan gəncmalı bir eynək taxan bu qadın deyinməyə başladı :
– Hərə bir dırınqlet maşını götürüb düşüb şəhərin canına, adama deyərlər, canın çıxsın otur kəndində, əkin-biçinlə məşğul ol, nə var bu şəhərdə? Əvvəllər belə vaxtlar günün istisində hamı pambıq yığardı, Brejnevin, Qorbaçovun vaxtında, siz bilmirsiz…
İstədim deyim ki, ay xala, deyəsən, elə sən özün də kənddən gəlmisən axı, özü də elə sovetin pambıq tarlasından çıxmısan, dairəvi gün eynəyini gözünə taxıb şəhərli imici yaratmaqla deyil ee.
Arvad Brejnevin, Qorbaçovun adını çəkdi, yadıma dünənki kişi düşdü. Dünən rəfiqələrlə Opera studiyasına gedirdik, yolu soruşası olduq, 40-45 yaş aralığında bir kişi dedi ki, bəlkə, Lenin sarayını deyirsiniz?? İsti bizi necə vurmuşdusa, sonradan ayıldıq Lenin sarayı sözünə. Hələ də təəccübümüz keçməyib…
Nə isə, digər qadınlar yenidən mindilər axı avtobusa. Biri başladı, nə başladı:
– Əlbəttə, öz yolu ilə gedəcək! Özündən hoqqa çıxarmaqla deyil ki.
– Xanım, hoqqa deyildi, zibilyığanlara görə idi…
– Yox, elə hoqqa idi, onlara görə deyildi, zəhmət çək, öz yolunla get…
Sürücü dözmədi:
– Bəsdi dəəə, nə qədər danışırsan sən?!
– Danışaram daa!
– Sus da bir, dır-dır-dır, başım getdi ee, bəsdi dəə!
Qadın yenə də nəsə dedi… Bunu bir dəfə də demişdim, biz uşaq olanda palatka toylarına gedərdik ( O günlər olaydı yenə), hər toyda dava düşərdi, davanın qarşısını almaq üçün çalğıçılar (biz musiqiçilər əvəzinə belə deyərdik) gözəl musiqilər ifa edərdilər dayanmadan, həqiqətən də, təsiri olurdu, sakitləşirdi ortalıq. Sürücü də qadının səsini kəsmək üçün ən yüksək səslə radionu açdı. Çox sevdiyim(iz) mahnı avtobusu ağuşuna aldı. Abbas Əhməd oxuyurdu:
Ürəyim yanar, qəlbim odlanar,
Sənin yolunu gözlədim yaman, gözlədim yaman…