Şurəddin Məmmədli – 70
Şurəddin Məmmədli Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002), filologiya elmləri doktoru (2004), professordur. O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycanlı Yazarlar Qrupunun və Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. Alim Gürcüstan Dövlət Şərəf Ordeni, “Türk Dünyasına Xidmət” mükafatı və digər təltiflərə layiq görülüb.
2 mart 2026-cı il tarixində professor Şurəddin Məmmədlinin anadan olmasının 70 illiyi münasibətilə Qars Qafqaz Universiteti və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilib.
Bu barədə Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli Barmanbay məlumat verib.
Simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Almaniyadan 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Tədbirə UNESCO-nun fəxri professoru, TÜRKSAN-ın direktoru Ellada Gerayzadə və Qars Qafqaz Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları kafedrasının müdiri, professor İlkin Qulusoy moderatorluq ediblər.
Gürcüstanın Akaki Sereteli adına Dövlət Universitetinin professoru Avtandil Nikoleishvili, Qars Qafqaz Universitetinin müəllimi Dr. Sudan Altun, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin müəllimi Dr. Natia Putkaradze simpozium iştirakçılarını salamlayaraq professor Şurəddin Məmmədlinin yaradıcılığı barədə danışıblar.
Simpoziumda AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, dosent Knyaz Aslan, Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli Barmanbay, Azərbaycan Texniki Universitetinin müəllimi Dr. Müşfiq Borçalı, Almaniyadan müstəqil tədqiqatçı Dr. Abdulkadir İnaltəkin, Gürcüstanın Marneuli rayonundan Dr. Gülnarə Qoca Məmmədli və Qars Qafqaz Universitetinin müəllimi Dr. Sudan Altun əsas məruzələrlə çıxış ediblər.
Çıxışlarda professor Şurəddin Məmmədlinin Borçalı ədəbiyyatı və mədəniyyəti sahəsində apardığı araşdırmaların Azerbaycan, Gürcüstan və Anadolu ədəbi mühiti ilə qarşılıqlı əlaqələr kontekstində əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, alimin tədqiqatları Borçalı ədəbi irsinin sistemli şəkildə öyrənilməsinə və türk dünyasının ortaq mədəni yaddaşı çərçivəsində dəyərləndirilməsinə mühüm töhfə verib.
Professor Şurəddin Məmmədli Borçalı ədəbiyyatı və mədəniyyəti ilə bağlı araşdırmaları ilə bu sahənin qurucu və istiqamətverici simalarından biri kimi türkoloji ədəbiyyatda xüsusi mövqe qazanıb. O, Borçalının ədəbi irsini elmi dövriyyəyə daxil etməklə yanaşı, bu irsi türk dünyasının ortaq mədəni yaddaşı çərçivəsində mənalandıran güclü, ardıcıl və davamlı elmi model təqdim edib. Bu model gələcəkdə aparılacaq Borçalı və oxşar regional ədəbiyyat tədqiqatları üçün möhkəm metodoloji və nəzəri zəmin yaradıb.
Simpozium işini beş sessiya üzrə davam etdirib.
P.S. İndi əldə etdiyimiz məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da professor Şurəddin Məmmədlini yubiley münasibətilə təbrik edib. Təbrik məktubunun skrinşotunu mətnə əlavə edirik.









