Nizami Gəncəvinin “İskəndənamə” əsərində İskəndərin ruslarla döyüşünü əks etdirən beş hissədən ibarət süjet vardır. Əslində Makedoniyalı İskəndərin dövründə, yəni eramızdan əvvəl IV əsrdə rus etnoniminin mövcud olması haqqında heç bir tarixi məlumat yoxdur. İskəndərin tarixini yazmış müəlliflərin xronikalarında rusların adına rast gəlinmir. Bundan əlavə, İskəndərin padşahlıq tarixini və yürüşlərini yazan Əbülqasım Firdovsinin “Şahnamə”sində də bu haqda bir kəlmə belə yoxdur və ola da bilməzdi. Çünki rusların yalnız IX-X əsrdən başlayaraq, tayfa halında birləşərək güclənməsi və ətraf regionlara, o cümlədən İtil çayı (Volqa boyu), Xəzər hövzəsi və Qafqaza hücumları haqqında məlumatlar vardır.
Nizami Gəncəvi son poeması olan “İskəndərnamə” əsərini öz dövrünün hökmdarı məşhur Azərbaycan Atabəyi Məhəmməd Cahan Pəhləvanın oğlu Nüsrətəddin Əbubəkr Bişkinə ithaf etmişdi. Artıq bu dövdə Azərbaycan Atabəylər dövləti və Şirvanşahlar dövləti tərəfindən rusların Qafqaza işğalçı hücumlarına son qoyulmuşdu. Nizami həmin tarixi qələbəni – ideal qəhrəman, peyğəmbərlik məqamına ucalmış, ədalət simvolu olan bir hökmdar – Makedoniyalı İskəndər obrazında ümumiləşdirmiş və bu tarixi zəfər hadisəsini əsərin yuxarıda bəhs etdiyim bölmələrində əbədiləşdirmişdir.
Aşağıdakı beyt Nizami Gəncəvinin yaşca özündən böyük müasiri Xaqani Şirvaninin Xaqani-Kəbir (Böyük xaqan) adlandırdığı Əbülmüzəffər Cəlaləddin Şirvanşaha həsr olunmuşdur:
فتح تو به جنگ لشکر روس
تاریخ شد آسمان قران را
Rus qoşunu ilə döyüşdə sənin fəthin (qələbən)
Göylərin Quranı kimi (əbədi) tarix oldu.
Bu misralar Xaqaninin çox böyük hərbi qələbəyə həsr etdiyi 48 beytlik qəsidəsindəndir. Bu qəsidə orta əsrlər ədəbiyyatında çox məşhur olsa da, təəssüf ki, sonralar haqqında bəhs edilməmişdir. Çünki qəsidədə Xaqani Şirvanşahın qoşunlarının rus ordusu üzərində möhtəşəm hərbi qələbəsini təsvir edirdi.
Orta əsrlər çağında Elxanilərin, Ağqoyunlu, Qaraqoyunlular və Səfəvilər dövləti dövründə Azərbaycan və Qafqaz ərazisi bu dövlətlər tərəfindən qorunurdu.
Lakin XVII əsrdə I Pyotrun türklərə qarşı apardığı sürəkli düşmənçilik siyasəti, 1695-96-ci illər Azov üzərinə 1-ci və 2-ci yürüşləri, 1697-ci ildə öz müttəfiqləri (Avstriya və Venetsiya) ilə Krım xanlığı və Türkiyəyə qarşı yönəldilmiş məkrli 3 illik sazişin imzalanması və XVIII əsrdə 1735-1739; 1768-1774; 1787-1791-ci illərdə fasilələrlə aparılan amansız rus-türk müharibələri tarixdən hamıya məlumdur. Elə XVII əsrdən başlayaraq Çar Rusiyası Azərbaycan ərazisində yerli Xanlıqları sıradan çıxararaq, ölkəni işğal etmək və türk, həmçinin çoxlu azsaylı xalqların birgə yaşadıqları Qafqaza yiyələnmək üçün hərbi siyasi gücünü və ictimai-kütləvi təbliğat maşınını işə salmışdı. Təkcə ərazimiz deyil, tariximiz, mədəniyyətimiz və ədəbiyyatımız da hədəfə alınmışdı. XVII əsrdən başlayaraq tarixi mənbələrimiz sıradan çıxarılır, öz sənətilə dünyanı heyrətə gətirən dahi şairimiz Nizami Gəncəvinin milliyyətini türk soyundan uzaqlaşdırılmağa ciddi cəhdlər olunur, təzkirələrə yanlış məlumatlar salınır, əlyazmaların oxunuşunda qəsdən təhriflərə yol verilirdi.
Məlumdur ki, aparılan uzunmüddətli siyasətin nəticəsi olaraq, XIX əsrdə Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya və İran arasında bölündü. 1813-cü ildə Gülüstan müqaviləsindən sonra məqsədli şəkildə Azərbaycanın türk əhalisini sıxışdırıb çıxarmaq niyyəti ilə ermənilərin və Urmiya gölü ətrafında dağlıq ərazidə yaşayan əhalinin Gəncəyə və başqa ərazilərə köçürülməsi həyata keçirilmişdir. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra isə İrəvan xanlığının ərazisinə ermənilərin yerləşdirilməsi siyasəti aparıldı. Bütün bu köçürülmələr yerli türk əhalinin bu ərazilərdən qovulub çıxarılmasına xidmət edirdi.
Onu da qeyd etmək lazımdır ki, bu dövrdə məqsədli şəkildə Çar Rusiyasının Yaxın Şərqdə və Qafqazda rəsmi diplomatik korpuslarında çalışan və çarizmin siyasətinə xidmət edən ideoloq- alimlər qrupu geniş fəaliyyət göstərirdi.
Bu alimlərin bəziləri öz əsərlərində artıq Azərbaycan ərazisini rus sərhədləri adlandırırdılar.[1] XX əsrin əvvəllərində həmin dövrü tədqiq edən və özü də həmin siyasətə qulluq edən tarixçi, şərqşünas alim Vladimr Minorskinin əsərləri vasitəsilə bu məqsədli siyasətin bütün təfərrüatlarını izləmək mümkündür.
Şübhə yoxdur ki, Çar Rusiyası bu xalqları idarə etmək və onlardan türklərə qarşı istifadə etmək niyyəti ilə belə bir addımı atmışdı. Maraqlı budur ki, ermənilər onların bu məkrli niyyətlərinə xidmət etdilər. Onlar nəinki yerli türk əhaliyə qarşı düşmənçiliyə başladırlar, hətta onları sıxışdırıb türk torpaqlarında özlərinə dövlət yaratmaq iddiasına düşdülər.
Kürdlərə gəldikdə isə, onlar Çar Rusiyasının bu məkrli siyasətini iflasa uğratdılar. Necə? Tarixi mənbələrdən məlum olur ki, döyüşkən təbiətli və tədbirli olan kürdlər ermənilərin satqın və yaltaq olduqlarını yaxşı bilirdilər. Odur ki, az bir zamanda Azərbaycan türkləri ilə qaynayıb- qarışdılar və ermənilərə əks mövqedə dayandılar. Beləcə, müsəlman kürd əhali məskunlaşdıqları ərazilərdə Azərbaycan türkləri ilə qardaşlaşdılar və bu torpağın doğma övladına çevrildilər. Təsadüfi deyildir ki, elə həmin dövrdən başlayaraq, onlar da türklərlə çiyin-çiyinə ermənilərin basqınlarına və talanlarına qarşı mübarizə aparmışlar.
Ermənilərin XIX əsrin 90-cı illərindən başlayaraq, türklərin doğma torpaqlarına ərazi iddialarını utanmadan, həyasızcasına “milli azadlıq hərəkatı” adlandıran Vladimr Minorski yazırdı: “Yeni kürd tarixindən onu qeyd etmək lazımdır ki, keçən əsrin (XIX əsrin -Z.A.) kədərli 90-cı illərində kürdlər türklər tərəfindən erməni milli hərəkatına qarşı kəskin silah olaraq seçilmişdilər”.[2]
Artıq məkrli niyyətin baş tutmadığını görən Çar müstəmləkəçilik siyasətinin ideoloqları XX əsrin əvvəllərində, 1911-15-ci illərdə yeni bir plan hazırlamağa başladılar. Sənədlərə diqqət etdikdə, görürük ki, o dövrün Rusiya alimlərinin bir çoxunun hədəfi türk və kürd xalqının dini təriqətlərinə yönəldilmişdir. Kürdlərin şafei, türklərin isə hənəfi olması ortaya atılır, yenidən milli zəmində təfriqə hazırlanır. Lakin bu ideoloqların siyasi planı, xüsusən də V. Minorskinin hazırladığı və öz əsərində xüsusi olaraq vurğuladığı “Kürd məsələsində rusların rəhbərlik ənənəsini bərpa edərək onu diriltmək”[3] ideyası baş tutmadı və cəmi iki il sonra 1917-ci ildə Çar Nikolay devrildi.
Amma təəssüf ki, XX əsrin əvvəllərində bolşeviklər hakimiyyətə gəldikdən sonra da həmin məkrli siyasət davam etdirildi, çünki dəyişən yalnız forma idi, məzmun isə işğalçının maraqlarına uyğun olaraq davam etdirilirdi. 20-ci illərin sonu və 30-cu illərin ortaları, ümumiyyətlə, Azərbaycanın taleyi təhlükə qarşısında idi. Nə idi bu təhlükə? Ermənilərin təhriki ilə Çar Rusiyasının vaxtilə apardığı ərazi siyasətinin yenilənməsi, Qafqaz regionunun coğrafi-siyasi xəritəsinin dəyişdirilməsi, Azərbaycanın bir çox ərazilərinin ermənilərə verilməsi, ümumiyyətlə, türklərin Qafqaz ərazisindən sıxışdırılıb çıxarılması və Azərbaycan adının silinməsi fikri gündəmə gətirilirdi. Hələ çar dövründən Rusiyanın Qafqaz siyasətini araşdıran tarixçi-şərqşünas alim İlya Petruşevski yazırdı: “Zaqafqaziyada çarizmin genişlənməsi XIX əsrin üçdə birinci hissəsində Zaqafqaziyaya sahib olmaq uğrunda Türkiyə və İran arasında gedən mübarizənin əlaməti olaraq baş verdi. Bu mübarizə çarizm üçün daha ciddi görünürdü, çünki əvvəldən Rusiyanın vəzifələri təkcə Zaqafqaziyanın fəth edilməsi ilə məhdudlaşmırdı. Zaqafqaziya Rusiyaya əvvəldən müstəmləkəçiliyinin sonrakı genişlənməsi üçün tramplin kimi lazım idi”.[4]
Bu məkrli siyasətin ideoloqları olan alimlər, elə İlya Petruşevskinin özü, XX əsrin 30-cu illərində, ümumiyyətlə, Şimali Azərbaycanın adının dəyişdirilərək, “Şərqi Zaqafqaziya” adlanması şüarını irəli sürürdü. Bu siyasətin başqa bir ideoloqu Yevgeni Paxomov isə öz əsərlərində Cənubu Azərbaycanı İran adı altında təqdim edirdi. Baş verən amansız repressiya, yüzlərlə şair, alim və ziyalılarımızın məhv edilməsi, qədim tarixi-ədəbi mənbələrin qadağan olunması, ərəb əlifbasında olan kitabların yandırılması, tələf edilməsi, gizlədilməsi – bu işlərin hamısı yuxarıda bəhs etdiyim məkrli siyasətin həyata keçirilməsinə xidmət edirdi.
Nə yaxşı ki, belə bir çətin dövrdə Azərbaycanın tarixi, mədəniyyəti və türk dilində yazılı ədəbiyyatı haqqında dəlil və faktlarla düşməni susdura bilən, az da olsa ziyalılarımz sağ qala bilmişdi. Abdulla Şaiq, Səməd Vurğun, Mir Cəlal, Həmid Araslı, Rəsul Rza, Süleyman Rüstəm və başqa görkəmli şəxsiyyətlər repressiya dövründə tariximizi və mədəniyyətimizi yox etmək istəyən amansız qüvvələrə qarşı əzmlə dayandılar. Ədəbiyyat sahəsində məlumatım olduğu üçün, Həmid Araslının 1938-ci ildə qədim türkdilli abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycanda ilk dəfə latın əlifbasında nəşr etdirdiyini və bununla da düşmənlərimizi fakt qarşısında qoyaraq onları vaxtında susdurduğunu qeyd etmək istəyirəm. “Dədə Qorqud” dastanlarında hadisələrin Azərbaycanda baş verməsi, burada təsvir olunan Oğuz-türk bəylərinin ana vətəninin Gəncə, Bərdə, Şərur, Dərbənd və başqa ərazilərimizin olması faktı düşmənlərimizi susmağa məcbur etdi.
Məlumdur ki, Qafqaz regionunda aparılan məkrli planın baş tutmadığını görən İosif Stalin köçürülmə siyasətini irəli atdı. İş birliyi qura bilən hansı xalqların repressiya ediləcəyi haqqında qərarın birbaşa Stalin tərəfindən verildiyini göstərən tarixçi-alim Boris Sokolov yazır: “SSRİ-nin bütün xalqları arasında əməkdaşlıq qura bilənlər var idi və Stalin kimin köçürülüb-köçürülməyəcəyinə qərar verdi. Slavyan xalqları – belaruslar, ukraynalılar, ruslar, eləcə də kazaklar – onların arasında yalnız əməkdaşlıqda ittiham olunan və ya xəyanətdə şübhəli bilinənlərdən savayı, deportasiyaya tamamilə məruz qalmadılar. Eyni seçmə deportasiya üç Baltikyanı ölkə arasında da baş verdi. Çünki Stalin Baltikyanı ölkələrin Rusiyaya ilhaqını hələ də tanımayan Qərblə mübahisə etmək istəmirdi. Lakin Stalin Qafqazı və Krımı tamamilə slavyanlaşdırmaq istəyirdi, çünki Türkiyə ilə döyüşməyə hazırlaşırdı. Bu səbəbdən, o, bölgədən bütün qeyri-slavyanları və əsasən də müsəlman xalqları çıxartdı. Müharibədən sonra Ahıska türkləri sürgün edildi, lakin onlar heç bir əməkdaşlıqda iştirak etmirdilər”. [5] Yəni işğalçının məkrli niyyəti məlumdur.
Tarix arxada qaldı və bütün bu mürəkkəb siyasi gedişlərə baxmayaraq, Azərbaycan torpaqları uğrunda alovlardan keçmiş, minlərlə şəhid vermiş xalqımız və Müstəqil Dövlətimiz Qarabağda zəfər çaldı. Bu gün hər bir vətən övladı onu bilməlidir ki, Qarabağda qazanılan Şanlı Zəfər – əsrlərin qələbəsidir!
Zəhra Allahverdiyeva
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
[1] Минорский В.Ф. Курды. Отдельный оттиск из « Известия Министерства Иностранных дел», Петроград,1915, №3, стр. 40.
[2] Минорский В.Ф. Курды. Отдельный оттиск из « Известия Министерства Иностранных дел», Петроград,1915, №3, стр. 10.
[3] Минорский В.Ф. Курды. Отдельный оттиск из « Известия Министерства Иностранных дел», Петроград,1915, №3, стр. 20.
[4] Петрушевский И.П. Джаро-Белоканские вольные общества в первой половине XIX века. Тифлис, 1934