Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür.
“Report” xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.









