- Cəmiyyət, Manşet

Şimon Peres Putinə: “Siz axmaqlığa investisiya qoyursunuz”

İsrailin keçmiş prezidenti Şimon Peresin Vladimir Putin haqda dedikləri:
2015-ci il:
Şimon Peres: Mənim Putinlə yaxşı ünsiyyətim var. Bizim bu yaxınlarda baş tutmuş görüşələrimizin birində söhbətimizin qısa təfərrüatı belə idi:
Mən ona dedim: “Sizin 63 yaşınız var, mənim 93. Deyin, yaxın 30 ildə Siz nəyə nail olmaq istəyirsiniz? Siz nəyin uğrunda mübarizə aparırsınız? Siz Amerikanı hövsələdən çıxarmağa ümid edirsiniz?”
O deyir: “Yox”
Mən: “Amerika Rusiyanın bir hissəsini istəyir? Yox. Obamanı axıra kimi başa düşməmək probleminiz var?”
O deyir: “Siz, nə üçün soruşursunuz?”
Mən dedim: “Qulaq asın, mən casus deyiləm, mənimlə hər şey barədə danışa bilərsiniz”
O deyir: “Siz nə fikirləşirsiniz?”
Mən: “Sizin nə etməyinizdən asılı olmayaraq, Amerika udacaq”.
O: “Nə üçün?” – deyə, soruşdu.
Mən: “Ona görə ki, onlar xoşbəxtdirlər, Siz isə yox!”.

Davam etdim: “Amerikalı səhər yuxudan durarkən, nəyi görür? Cənubda Meksikadır və onlar meksikalıları öz ölkələrinə qəbul edirlər. Şimalda Kanadadır və onlar dünyada ən yaxşı dostlardır. Sağda-solda isə suda balıq var. Obama nəyə görə narahat olmalıdır? Siz isə səhər yuxudan ayılırsınız – qonşuluqda kimləri görürsünüz? Yaponiya, Çin, Əfqanıstan, Gürcüstan, Ukrayna… Allahım! Onlar bilirlər ki, sizin geniş torpaqlarınız var və Siz onlara qəpik də vermirsiniz. 20 faiz içməli suyunuz var və heç nə vermirsiniz. Odur ki, Sibirdə qar əriyən vaxt, orada birinci çinliləri görürsünüz. Çünki şərqdə çinlilər çoxdur, ruslar isə o qədər də çox deyillər. İkincisi, mən ona dedim – Amerikanın torpaqlarının ölçüləri ilə xalqının ölçüləri (ərazi və əhalinin sayı nəzərdə tutulur – red.) arasında yaxşı nisbət mövcuddur. Sizdə isə göstərici pisdir. İyirmi milyon kvadrat kilometr!Allahım! Amma sizdə o qədər adam yoxdur. Sizin insanlar ölürlər. Alqışlardan və sizə deyilənlərdən məst olmayın. Onlar sizi bağışlamayacaq. Nə üçün ruslar yalnız 62 il yaşayırlar, amerikalılar isə 82 yaşa qədər?”
“Vladimr, Siz, özünüzü çar kimi aparırsınız”.
Sonra əlavə etdim: “Çarlar nə etdilər? Onlar vitrin kimi iki şəhər saldılar – Sankt-Peterburq və Moskva. Siz nəyi arzu etsəniz, orada taparsınız. Rusiyanın qalan hissəsi isə qarla örtülmüş Nigeriya kimidir. Sizin insanlar ölürlər. Siz, onlara yaşamaq imkanı vermirsiniz. Siz, düşünürsünüz ki, onlar sizi bağışlayacaq?… Amerika nə üçün gözəldir?”

Onun susqun baxışları və diqqətlə dinləməsindən istifadə edib davam etdim: “Çünki amerikalılar bəxş edəndirlər. Nə üçün Avropanın problemləri olub? Çünki onlar yalnız alan tərəf olublar. Amerika isə formalaşandan faydalı olmağı paylaşmağı seçib. İnsanlar fikirləşirlər – bu, ona görə belədir ki, onlar səxavətlidirlər. Mən isə fikirləşirəm ki, bu, ona görə belədir ki, amerikalılar müdrikdirlər. Əgər siz bağışlayırsınızsa, özünüzə dostlar qazanırsınız. Ən faydalı investisiya – dost qazanmaqdır! Amerika özündə qətiyyət tapıb “Marşall planı”nı qəbul elədi – özünün ümumi daxili məhsulunun (ÜDM) böyük parçasını ölməkdə olan Avropaya verdi. Beləliklə, onlar göstərdilər ki, bu, dünyada ən yaxşı investisiyadır. Bax, elə bir Avropa ölkəsi yoxdur ki, imperiya olmamış olsun. Fransızlar, ingilislər, portuqaliyalılar, hamısı. Və nə baş verdi? Onları oradan süpürüb atdılar və onlar heç nəsiz qaldılar. Britaniya – məğribdən məşriqə qədər ən böyük imperiya, bütün okeanlar… və tərəqqi onları süpürüb atdı 3 xırda adalarına”.
“Mənə inanın – Putinə dedim – düşmənlər və düşmənçilik həyatda ən böyük itkilərdir.
Siz axmaqlığa investisiya qoyursunuz…”

O dərin düşüncələrə daldı. Mən inanmıram o nəsə dəyişə biləcək yola sahibdi. Ancaq heç olmasa qonşularına təcavüz etmək istəyəndə iki dəfə düşünəcək.

Çevirdi: Mirzə AĞ