- Cəmiyyət

Suqovuşanın işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 5 il ötür.

APA-nın məlumatına görə, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.
Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.