- Köşə

Vasif SADIQLI, “Al bu oxu, buludu vur, əmi görsün”

Böyük tufan haqda rəvayəti hər kəs bilir. Hər yeri su basanda bir xilaskar şəxs yaxşı insanları (bəziləri hərəsindən bir cüt olmaqla heyvanları da) xilas edir, su çəkiləndən sonra qayıdıb həyatlarına qaldıqları (və ya onun həndəvərindəki) nöqtədən davam edirlər. Bu xilasetmənin üsulu haqda müxtəlif xalqların miflərində fərqli ssenarilər var.

Amerika sakinləri arasında da tufan mifi var. Sakit okeanın şimal-qərb sahillərində yaşayan hindulara görə, tufandan öncə Ali Ruh insanlara və heyvanlara qəzəblənibmiş. O, yaxşı adamın ailəsinə xilas imkanı vermək, başqalarını isə məhv eləmək qərarına gəlir. Tufan başlayanda İlahi Ruh yaxşı adama əmr edir ki, buluda bir ox atsın. Ox buluda batan­dan sonra ikinci oxu da birincinin dalına sancsın. Bu yolla oxlar bir-birinin ucuna calanır, yaxşı adamın ailəsi və yaxşı heyvanlar buludun üstünə çıxıb xilas olurlar. Bunu görən pislər də həmin oxlarla buludun üstünə dırmaşmağa başlayır. Amma ilk ox buluddan çıxır və onların hamısı yıxılıb məhv olur.

O gün akademik Tofiq Hacıyevin kitabında bir məlumata rast gəldim. Bizdə də buludu oxlayıb xəlbirə döndərmək praktikası olubmuş: “Qədim «Şan qızı» türk-bulqar dastanında sərkərdə Rıştav rəqibinə gücünü göstərmək üçün oxunu göyə nişanlayır. Ox qalxıb göydə donmuş buluda sancılır. Gözləyir, yaz gəlir, buludun donu açılır, ox yerə düşür”.

Beləcə buludu oxla vurmaq ənənəyə çevrilir. Birinin evinə qonaq gələndə ev yiyəsi sadaqdan bir ox çıxarar və uşağa bir yay verib deyərdi: “Al bu oxu, buludu vur, əmi görsün”
…Mənim versiyama görə, əvvəllər buludların zədəsi olmayıb. Onlar su ilə dolu tuluq kimi göy üzündə belədən belə konkret ünvanlara su daşıyırmış. Bizimkilər və hindular onları oxla deşib aşsüzənə döndərəndən sonra hər şey dəyişib. İndi suyun çoxu yolda tökülür, mənzil başına çatmır. Yəni, tutalım, şüvəlanlılar susuzluqdan əziyyət çəkir, yağış duasına çıxırlar, amma bulud dəlmə-deşik olduğu üçün yağış yolda Əmircana və Suraxanıya tökülür. Orda şüvəlanlar səxt olur ki, nədən duamız qəbul olunmadı? Yəqin, nəsə qəbahətimiz olub, burda əmircanlılar fikirləşir ki, bizə yağış lazım deyildi, Rəbbimiz, görəsən, bu leysanı niyə yağdırdı? Görünür, belə məsləhətdir… Və ya sadıqlılar yağış duasına çıxır, bulud gedib suyu Muğanlıya əndərir.

Mənə elə gəlir ki, Bakıda keçidləri, küçələri su basmasının da əvvəlinci və axırıncı günahkarı eycahanlıqdan və ya forsdan buludları dəlmə-deşik edən əcdadlar – qədim türklər və hindulardır. Amma kimə başa salasan? Xəlaiq sağ olmuş da bəhanə gəzir ki, məmurları quru yuyub, yaş sərsin: “Vaveyla, şoğəriblər yedilər, dağıtdılar. Adam balası kimi yeyin dəəə…”.