Deyir Yutubdakı «Легенды и личности» kanalında İbn Sina barədə verilişdə deyiblər ki, Əbu Əli ibn Sina dilxoşluq etdiyi qadınlar arasında e*rməni Anuşu hamıdan çox sevirmiş. Anuş da Anuş imiş haaa. Aya deyirmiş, sən çıxma, mən çıxım, Günə deyirmiş, sən çıxma, mən çıxım, Zöhrəyə deyirmiş, sən çıxma, mən çıxım. Əlqərəz, harada çıxmaq istəyən bir göy cismi gördümü, dabanıüstə geri qaytarırmış.
Həri. Anuş təkcə gözəl deyilmiş, həm də çox ağıllı imiş. İsfahanın mavi gecələrində səhərə qədər davam edən eyş-işrət məclislərində xumar gözlü kənizlərdən biri udu kökləyib:
Ləb bər ləbe yar bordənəş, vəh, çe xoş əst!
Cam əz peye cam xordənəş, vəh, çe xoş əst!
oxuyanda ibn Sinanın şəhvət dolu gözləri xəlvəti şəkildə qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı qızları seyr edər, birinin dodaqlarına, digərinin alma kimi yanağına, o birinin sinəsinə, daha birisinin yanına meyl edən baxışları nə sirr idisə, axırda yenə 30 yaşlı Anuşu seçərmiş. Nəhayət, o, sonuncu qədəhi Anuşla nuş edib, bəstəri-rahətə tələsərmiş. Səbəb var idi: Anuş gecələr fürsətdən istifadə edib “… ibn Sina ilə ruh, intellekt, yüksək materiya barədə söhbətlər edirmiş”.
Həri. Anuş, məncə, həm də insan psixologiyasının sərrafı olub və böyük filosofun bütün enerjisini (könül işinə xərclənənləri nəzərə almasaq) elmə yönəldirmiş. O hər gün ala sabah yerindən durur, pəncərənin qabağına gəlir, onları taybatay açır, gərnəşir, sağ yumruğu ilə sinəsinə bir neçə dəfə döyəcləyəndən (ağırlığı-uğurluğu ibn Sinaya keçməsin deyə) sonra əsnəyir və deyirmiş:
“Ya Əlinin atası, Sinanın oğlu Həsənin oğlu Abdullanın oğlu, Allahdan gizlin deyil, səndən nə gizlədim? Bu gecə Xoren yenə yuxuma girmişdi”. Bu sözlərdən sonra elə bil İbn Sinanın başından bir vedrə qaynar su tökürlərmiş. Qısqanclıqdan onu tər basır, sifəti portür, bütün günü qəzəbli olur, təzyiqi yüksəlir, döş qəfəsinin sol tərəfində yerləşən, təkrarlanan ritmik hərəkətlər vasitəsilə qan damarlarından qan axını təmin edən içiboş fibromuskulyar orqanı olan-qalan qanını beyninə təpir, nəticədə beynində koqnitiv proseslər birə-beş sürətlənirmiş. Beləcə böyük alim neçə-neçə kəşflərə imza atıb. Anuşun sayəsində. Həri. Anuş uşaq deyildi, dünyanın cikini-bikini bilirdi. Qədim mənbələri oxumuşdu və qəzəbin faydasından xəbərdar idi.
…Deyilənə görə, bir gün Xəlifə Mərvan Artatə ibn Suheyyədən soruşur: “Şeir qoşursanmı?” O, cavab verir: “Mən necə şeir deyə bilərəm? Nə şərab içirəm, nə kef çəkirəm, nə də qəzəblənirəm. Şeir yazmaq üçün bunlardan biri mütləq lazımdır”. Anuş bunları bilməzdimi?
Bundan başqa, cahiliyyə dövrünün ən məşhur ərəb şairlərindən biri olan İmruul-Qeys də qəzəblənəndə daha məhsuldar işləyirmiş. Yunus ibn Habib (məşhur ərəb dilçisi, Bəsrə məktəbi) yazırdı ki, “İmruul-Qeys qəzəblənəndə, Nabiğə qorxanda, Zuheyr nə isə arzulayanda, Əl-Ə`şə isə şənlənəndə yaxşı yazır”. Anuş bunları bilməzdimi?
Deyilənə görə, başqa bir Anuş da daha əvvəl – VI əsrdə I Qubadın oğlu Xosrovla “ruh, intellekt, yüksək materiya barədə” söhbətlər edirmiş. Uzun qış gecələri Anuş Xosrovun gah o, gah bu qulağına beynəlxalq vəziyyət, daxili siyasət barədə nələr pıçıldayırmış, nələr…!!! Nəticədə Xosrov Sasanilərin ən məşhur şahlarından biri kimi tarixə düşüb. Məzkur master-klaslara görə Anuşa dəlicəsinə aşiq olan Xosrov nankorluq etməyib, özünə Ənuşirəvan (Anuş əl-İrəvani /Erebuni) təxəllüsü götürüb. Bu ənənə – aşiqlərin öz sevgililərinin adını təxəllüs götürməsi presedenti əvvəllər də olub. Cahiliyyə dövründə eşq üzündən dəli kimi çöllərə düşən ərəb şairi Cəmil ibn Mə‘mər sevgilisi Buseynənin adı ilə Cəmil Buseynə, Qeys ibn Mulavvah sevgilisi Leylanın adı ilə Məcnunu Leyla, təbiiyyunlardan olan Urva ibn Hizam Urva Afra olmuşdu. Xosrov kimin qızından əskikdir? O da bu ənənədən istifadə edib, amma bununla ürəyi soyumayıb, övladına da Anuşzad adı qoyub – Xosrovun böyük oğlunun adı belə idi. Bəs niyə qadın adı qoyulub? Məncə, bunun da öz səbəbi var. Ehtimal ki, ayıb olmasın, gədə arxadan (zad) baxanda Anuşa oxşayırmış.
Əlqərəz, əhrimənilər nə deyir, inanın, onlar boş yerə söz söyləməz.
Ehtimal ki, Anuş intellekt yüklü bir ruhdur, gah o bədəndə, gah bu bədəndə peyda olub, təəşşüqdən “primanka” kimi istifadə edərək müxtəlif tarixi dövrlərdə kürreyi-ərzin gah o, gah bu tərəfində dünyanın say-seçmə oğulları ilə yaxınlaşır və “ruh, intellekt, yüksək materiya barədə söhbətlər edir”.
Məncə, Amerikanın da bu qədər inkişaf etməsinin əvvəlinci və axırıncı səbəbkarı elə həmin Anuşdur. O, indi də başqa bir bədəndə avatara edib, Amerikada siyasi isteblişmentdən, elmi, mədəni elitadan olan vacib vücudları cazibə dairəsinə salır, sonra onların qulaqlarına “ruh, intellekt, yüksək materiya barədə dürlü-dürlü mətləblər” pıçıldayaraq, ölkəni inkişaf etdirir. Kimdən söhbət getdiyini bilirsiniz. Onu bütün dünya tanıyır. “Kim?” deyə sual verməyin. Sualı da, cavabını da özünüz verdiniz…
Xeyirli bazar ertələri
(Ərəb şairləri ilə bağlı informasiya Aida xanım Qasımovanın kitabından götürülüb)