Vasif SADIQLI. Dil üçün ən böyük təhlükə öz sözünü yaratmaq refleksinin itirilməsidir
Son onilliklərdə qloballaşma ilə bağlı təhdiddlər durmadan artmaqdadır. Hazırda böyük güclərin xüsusən texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə milli mədəniyyət və dillərə təsiri artır. Bu bir çox dillərin sıradan çıxması və yalnız məişət səviyəsində işlənilməsi ilə nəticələnəcək. Hazırda dilimizin məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu deyə bilmərik. Amma Azərbaycan dili tam təhlükəsiz zonada da deyil: indiki vəziyyəti daha çox “təzyiq altında inkişaf” adlandrımaq olar. Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib: ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi. Bundan başqa, nəzmi-nazik – əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üslüba axın etməsi ilə nəticələnirdi. Orta əsrlərdə müxtəlif dillərdən alınma tam eyni, yaxud yaxın mənalı sözlər, ifadə vasitələri, hətta şəkilçilər milli sözlərlə yanaşı şəkildə işlənib. Onların arasında bazar rəqabətinə bənzər yarış olub. Bəzən onlar qoşalaşıb, bəzən semantik cəhətdən hərəsi özünə bir dairə müəyyən edib və hər ikisi qalıb, bəzənsə alınma sözlər milli sözləri işləklikdən çıxararaq dilin passiv fonduna atıb.
İndi təhdidlər daha çox Qərb istiqamətindən gəlir və onlar yetərincə ciddidir. Əgər müvafiq tədbirlər görülməsə, dilimiz funksional daralma təhlükəsi ilə üz-üzə qalar. Elmi-texniki tərəqqi ilə bağlı hər il minlərlə (orta hesabla 6 minə yaxın) yeni termin yaranır. Əgər onları transliterasiya etməklə kifayətlənsək və vaxtında onların qarşılığını tapıb, işləkliyini təmin etməsək, elm və texnologiya sahəsində, xüsusən İT, biznes və marketinq mühitində çox vaxt qarışıq dil formasının çiçəklənməsi faktı ilə barışmalı olacağıq. Hazırda anlayışların dövriyyəyə girməsi ilə onların qarşılığını tapılıb, ictimaiyyətə təqdim edilməsi və işləkliyinin təmin sürəti arasında ciddi uyğunsuzluq var. Səbəb isə, həmişə vurğuladığımız kimi, odur ki, ölkədə ədəbi dilin zənginləşməsi prosesi bu sahədə ictimai əsaslarla işləyən şəxslərin ümidinə buraxılıb. Bu işi tənzimləyən ayrıca bir quruma ehtiyac var. Təbii ki, milli dil resurslarından istifadə etməklə bütün terminlərin öz dilimizdə qarışılğını yarada bilmərik. Amma nəyəsə nail ola bilərik. Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir.
Orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünürəm. Yazı işlərinə ayurılan vaxt azaldılır, nəticədə yazılı nitq vərdilşləri ciddi şəkildə pisləşir. Şifahi nitq qabiliyyətinin inkişafı isə “əzbərçiliklə mübarizə” adlı siyasətinin qurbanı olub. Ümumi şəkildə görüsək, bunlar vahid bir siyasətin ayrı-ayrı struktur vahidləri kimi görünür. Məktəb milli məfkurəyə, mədəniyyətə bağlı, ana dilini sevən vətəndaşlar yetişdirməlidir. Amma təhsil sektoruna əmək bazarı üçün kadt yetişdirən müəssisə kimi baxılarsa, bunun çox böyük fəsadları olacaq.
Son vaxtlar məhz gənclər tərəfindən xarici telekanalların və sosial şəbəkələrin təsiri ilə ədəbi dilimizin təkcə leksik yox, həm də qrammatik, orfoepik normalarının pozulmasında artım müşahidə edilir. Bu, ciddi məsələdir və daim müvafiq orqanların diqqət mərkəzində olmalıdır. Televiziya kanallarımızda yüksək səviyyəli verilişlərin az olması gənclərin üzünü xarici televiziyalara çevirməsi ilə nəticələnir və bu da deyilən norma pozuntularının geniş yayılması üçün münbit şərait yaradır. Rəqəmsal mühit özlüyündə dil üçün təkcə təhdid deyil, həm də imkandır. Didən itifadə edilirsə, o yaşayır. Əgər dil süni intellektdə, proqram təminatında, interfeyslərdə mövcuddursa, internetdə güclüdürsə, onun gələcəyinə nikbin yanaşmaq olar. Əgər zəifdirsə, zaman keçdikcə funksiyalarını itirə bilər. Buna görə də dilimizi rəqəmsal mühitdə aktiv və rəqabətqabiliyyətli etmək əsas məqsəd olmalıdır. Əgər insan istədiyi məlumatı öz dilində tapa bilirsə, başqa dilə keçmək məcburiyyətində qalmır. Bu, dilin qorunmasının ən təbii və effektiv yoludur.