Sadıqlı Bakıdan ən uzaq məsafədə (500 km-dən çox) yerləşən kəndlərdən biridir, düz Gürcüstan sərhədindədir. O qədər yaxındır ki, kənddə yaşayanda qolumu “fortoçka”dan çıxarıb, siqaretin külünü Gürcüstan ərazisinə çırpa bilirdim. Gürcülər dəsfaha deyinirdilər, “Genatsvali, a bəy, belə olmaz axı, araq içmisən…”. Yox, e, bu “Məşədi İbad”dandır. Hə, belə mızıldanırdılar: “Doroqoy, şen qai qatsi, belə etmə, nə olar?”. Qonşu kənddə azərbaycanlılar yaşayır, amma sərhədçilər və gömrük işçiləri gürcülərdir.
Həri. Kənd əhalisinin əksəriyyəti I və II Şıxlı kəndlərindən köçmədir. Ən böyük nəsil sadıqlılar olduğu üçün kəndə də Sadıqlı deyilir. Kənddə başqa tayfalar da yaşayır: gülallılar, papaqçılar, pörnəklər, qaraçöplülər və s. Bundan başqa, Xruşşovun dövründə Axalsix türkləri və kürdləri də köçürülmüşdü.
Kəndimizdə biri ailəli olmaqla üç rus kişi də yaşayıb.
İvanın kəndimizdə yaşadığı dövr uşaqlıq vaxtıma təsadüf edib. Yadımda ucaboylu bir insan kimi qalıb. İşləmək üçün gəlmişdi. Qapılarda əsasən tikinti işləri görür, buna görə yemək, yatacaqla təmin olunur, gördüyü işə görə zəhmət haqqı alırdı. Bir gün eşitdik ki, İvan ölüb. Əvvəlcə dedilər ki, kiminsə quyusuna düşüb. Sonra məlum oldu ki, gecə çəpərin birinin dibində yatıb və ölüb.
İkinci rus ailəsi ilə yaşayan Aleksey idi. Deyilənə görə, müharibə vaxtı nəyə görəsə qaçıb kəndimizə gəliblər. Çoxuşaqlı ailə idi. Azı iki uşaqları tələf olmuşdu. Birini yola çıxanda hərbi maşın vurmuşdu. Başqa bir uşağı haqda isə deyirdilər ki, Marusya xala qapını bağlayıb harasa gedibmiş, qayıdanda görüb ki, uşaqların biri ölüb. Aleksey çox sakit, təmkinli insan, yaxşı usta – bənna idi. Kənardan gələnlər bizim evi görən kimi heyrətə gəlir, “Bunu kim tikib?” – deyə soruşurdular. Azərbaycanlı ustalar elə gözəl divar hörə bilmirdilər.
Marusya xala da çalışqan idi, o, konfet bişirib satırdı. Onun “Kon-fet, kon-fet” sədaları gələndə uşaqlar evdən qəpik-quruş alıb, yanına yüyürürdülər. “Xoruz konfeti”ni (bəzi yerlərdə “şirinquş” da deyirlər) almaq üçün pul olmayanda ödənişi yumurta ilə də etmək olurdu. Deyilənə görə, bəzən bic uşaqlar lax yumurtaları suda qaynadıb, təzə kimi Marusya xalaya sırıyırmış…
Aleksey bəyin həyat yoldaşının bir ciddi nöqsanı da vardı – çox tələfxərc (israfçı) idi. Aleksey bəy bir iri ev tikəndə bir müəllimin illik maaşı qədər pul alırdı. Bir ev 3-4 aya hazır olurdu, amma ev hazır olana qədər Marusya xala zəhmət haqqını hissə-hissə alıb başına daş salırdı. Hələ deyirdilər ki, bəzən axırda ev sahibindən borc da alırmış. Övladları böyüyəndən sonra bir-bir köçüb getdilər Rusiyaya – kənddə qızlarını kim alacaqdı və oğullarına kim qız verəcəkdi? Sonrakı talelərindən xəbərim yoxdur.
Üçüncü rus Vasya idi. O da çox yaxşı bənna idi. Bir neçə ay bizdə də işlədi. Kənddə qayda idi, ustası olan adam qoyun kəsirdi: ustanı yaxşı yedirməsən, ayıb olar. Alekseydən fərqli olaraq, Vasyanın evi yox idi, ona görə yatması üçün otaq ayrılmışdı. Bir müddət sonra Vasya qoyun əti yeməkdən diksindi. Xahiş edirdi ki, Qardabaniyə, Rustaviyə gedən olsa, ona kolbasa, sosiska, “selyodka” alsın…
Savadlı adam idi, bəzən elə tanınmış şəxslər barədə söhbətlər edirdi ki, kənddəki ali təhsillilərin çoxu onları tanımazdı. Tez-tez təkrarladığı bir şeir də vardı, yəqin ki, özü yazmamışdı:
«В водке есть витамин», – сказал Хо Ши Мин,
«Да ну…», – сказал У Ну.
«У нас водку пьют в меру» – сказал Джавахарлал Неру,
«А у нас пьют досыта» – сказал Хрущщев Никита…
Vasya bəy özü də “досыта” içməyi sevirmiş. Bir gün günün günorta vaxtı Vasya bəy yoxa çıxdı, fikirləşdik ki, bəlkə, siqaret almağa gedib, ya kimdənsə alacağı var, onun dalınca gedib? Orda Vasya, burda Vasya, sonradan məlum oldu ki, zirzəmidə içib yatıb. Demək, Aleksey tikən evin zirzəmisində şərabla dolu bir çəllək vardı, üstündə də şlanq və qıf. Vasya içib çəlləyin yanında betonun üstündə də yatmışdı.
Səhəri gün Vasya bir-iki cəhd eləsə də, İlham ona tərəf dönüb baxmırdı. Qardaşım sərt adam idi və Vasya da bunu bilirdi. Sərt tapşırıq axşam olacaqmış. İlham axşam ustanı yanına çağırıb dedi: “Ay Vasya, o zirzəmidəki çəlləkdə 330 litr çaxır var. Nə qədər bacarırsan, iç. Amma iş vaxtı içmə, içəndən sonra da “podval”da yatma.
Bununla da məsələ həllini tapdı.
Belə. Yəqin ki, hamısı dünyasını dəyişib, Allah öz əcrlərini versin. Sözümün canı odur ki, bizim də rusiyalı işçilərimiz – qastarbayterlərimiz olub, amma heç vaxt onlara nifrətlə baxmamışıq. Rusiya şovinistlərindən fərqli olaraq, heç vaxt “Onlar bizim çörəyimizi yeyir, ailələrini saxlayırıq”, – deməmişik. Çünki belə düşüklük Azərbaycan xalqına xas deyil. Həmin ruslar öz halal zəhmətinin haqqını alıb, biz isə azərbaycanlı ləyaqəti göstərmişik. Bircə Marusya xala ilə bağlı lax yumurta məsələsi qəlizdir. İnşAllah bu vaqiə cənab Putinin qulağına çatmaz və ondan Azərbaycana qoşun yeritmək üçün bəhanə kimi istifadə etməz.
Xeyirli şənbələr