- Dil

Vasif SADIQLI. Qloballaşma şəraitində ana dilinin milli kimliyin qorunmasındakı rolu  

Qloballaşma proseslərinin kəskin şəkildə ortaya çıxardığı bir çox müasir problemlər arasında milli kimlik problemi önəmli yer tutur. Heç kəs şübhə etmir ki, qlobal güclərin milli sərhədlərin yuyulması kimi bir hədəfi var. Yaponəsilli ABŞ filosofu Frensis Fukuyama bildirir ki, iqtisadi güclər əvvəllər millətçiliyə səbəb olub, mərkəzləşdirilmiş, linqvistik cəhətdən homogenləşdirilmiş icmalar yaradıb. Milli dil və mədəniyyətlər isə milli kimliyin formalaşması ilə ayrılmaz şəkildə bağlıdır. O, milli dilləri və mədəniyyətləri təbliğ etdiyi liberal dünya nizamının sabitliyini təhdid edə bilən çox güclü bir amil hesab edir.
Qloballaşma dövründə böyük güclərin milli mədəniyyət və dillərə təsiri texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə artır. Onlar əmindirlər ki, millətçilik məhvə məhkumdur və qloballaşma yeni dünya nizamı yaradacaq.

Bu təhdidlərə görədir ki, öz milli kimliyini qorumaq istəyən, dilinə hörmət edən hər bir xalq müvafiq tədbirlər görür. Bəzən bu müdafiə tədbirləri linqvistik purizm səviyyəsinə çatır. Məsələn, 1976-cı ildə Fransada yerli dili ingilis dili və digər dillərin, eləcə də xarici mədəniyyətlərin həmləsindən qorumaq üçün qanun qəbul edilib. Bu ölkədə hətta NATO beynəlmiləl abreviaturu yoxdur, onu OTAN kimi yazırlar (Organization du traite de L’Atlantique Nord).

Fransızlar əcnəbi sözlərin dilə daxil olmasına yad mədəniyyətlərin kodlarının və həyat tərzi elementlərinin yerli dilə soxulub kök salması kimi baxır və bunu qəbul etmirlər. Buna görədir ki, 1994-cü ildə Fransada əcnəbi sözlərin istifadəsini qadağan edən daha sərt qanun – Turbon qanunu qüvvəyə minib. Bu qanuna görə, hər hansı sözün fransızca ekvivalenti tapılmayınca ondan istifadə edilmir.

2013-cü ildə ölkəmizdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Həmin Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınması üçün ayrı-ayrı təşkilatların vəzifələri müəyyən edilib. Proqramda deyilir ki, bu işdə ictimaiyyətin iştirakı da təmin edilməlidir.

Fikrimizcə, dilimizin lüğət tərkibində alınma sözlərin və kalkaların xüsusi çəkisinin artmaması üçün ciddi tədbirlər görülməlidir. Müasir elmi-texniki tərəqqi dövründə “söz və ifadə istehsalı” da yüksək həddə çatıb. Hazırda bir gündə Oksford lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. 2024-cü ildə bir qrup ziyalı Prezidentə müraciət edərək, ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirmişdik. Dövlət başçısı AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında bu məsələyə də münasibət bildirib: “Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib: ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi. Bundan başqa, nəzmi-nazik – əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üslüba axın etməsi ilə nəticələnirdi. Orta əsrlərdə müxtəlif dillərdən alınma eyni mənalı, yaxud sinonim sözlər, ifadə vasitələri, hətta şəkilçilər milli sözlərlə yanaşı şəkildə işlənib. Onların arasında bazar rəqabətinə bənzər yarış olub. Bəzən onlar qoşalaşıb, bəzən semantik cəhətdən hərəsi özünə bir dairə müəyyən edib və hər ikisi qalıb, bəzənsə alınma sözlər milli sözləri işləklikdən çıxararaq dilin passiv fonduna atıb. Belə proseslər dünyanın bir çox dillərində olub və bunda qeyri adi heç nə yoxdur. Çox maraqlıdır ki, orta əsrlərdə poeziyamız xalq dilinə daha yaxın, anlaşıqlı səviyyədə olub. Nəsr isə, əksinə. Məsələn, müasir oxucu Füzulinin azərbaycanca divanında olan qəzəlləri kiçik istisnalarla asanlıqla başa düşür. Amma böyük şairimizin həmin divana nəsrlə yazdığı dibaçəni min nəfərdən biri də anlaya bilməz.

Məhz ictimai-siyasi situasiya ilə bağlı dilimizin rəsmi-işgüzar üslubu da hətta XIX əsrin sonu, XX əsrin əvvəllərində xalq üçün anlaşılmaz bir şəkildə qalmaqda davam edirdi. M.Ə.Vəzirovun «Uçebnik tatarsko-aderbaydjanskoqo nareçiya» kitabından bir vəkalətnamənin dilinə baxaq:Onunçün ki, filan şəhrüŋ əhlində olan mütalibatımı vəkili-məzkurül-fövq təməssükat mucibilə əxz və istirdad edüb və cəm olunmuş müqudi-mövsufəni ifrat və təfrit etməyüb büləttəmam mənə müfəvvəz və müsəlləm eləsün və binayi-ileyh bu neçə kəlmə vəkalətnamə təriqilə təhrif və təstir olundı. Təhrirən filan».
Rəsmi-işgüzar üslubda yazılmış bu tip sənədlərdə əhalinin əksəriyyətinin başa düşmədiyi qəliz leksik vahidlərlə yanaşı fars dilinin sintaksisinin “əsas skripka” olduğunu görürük.

Sonralar, elə XIX əsrin sonlarından rus dilinin təsiri güclənməyə başlayacaq və istər rusca sözlər, istərə də bu dilin sintaksisinin rəqabət edən tərəf kimi güclənməsinin şahidi olacağıq. “Əkinçi”nin dilində Azərbaycan, rus, ərəb, fars dillərinin leksika və qrammatikası qəribə şəkildə bir-birinə qarışır, calanır; qubernitski və oblastnoy və əskəriyyə divanxanələri, cənab vəziri-ümuratidaxilə əvvəlinci zakon kitabınuŋ 26-cı fəslünə müvafiq senata mə‘ruz qılandan sonra, Qruzino-imperatinsk uqolovni və qrajdanskiy palat divanxanəsi, Qruzino imperatinski quberniyanuŋ uyezdni divanxanələri, uqolovni və qrajdanskiy palatanuŋ verdigi şəhadətnamə, Çernomorski onuncı lineyni palata və s.” (Tofiq Hacıyev, “Azərbaycan ədəbi dilinin tarixi”) 
Biz əgər bu dili XIII əsr Azərbaycan şairi İ.Həsənoğlunun “Siratün-nəbi” əsərindəki qəzəllərlə müqayisə etsək, ikincilərin xalq dilinə daha yaxın və anlaşıqlı olduğunu görərik. Halbuki arada 7 əsr var…

Gənclik insanın xarakterinin formalaşması, özünütəsdiqi ilə səciyyələnən yaş dövrüdür və bir çox avtoritetlərə, kumirlərə nihilist yanaşma, stereotiplərə üsyan da bu yaş dövrünə xasdır. Bütün bunlar keçicidir və tərbiyə düzgün qurulduqda elə də fəsadları olmur. Eləcə də, gənclər xarici dilləri bilik və imkanlarını artırmaq üçün öyrənirlərsə, bu, təqdir edilməlidir. Yox, əgər gənclər xarici mədəniyyətlərin, onların məhsullarının (bədii filmlər, seriallar) təsiri ilə milli olanı arxa plana itələyib, başqa xalqların kino və s, qəhrəmanlarını, onların dilini təqlid edirlərsə, demək, milli ideologiyamızın təbliğində ciddi problemlər var: mədəni təhlükəsizlik probleminin həlli üçün zəruri olan mexanizmlər işə salınmayıb və ya düzgün istifadə ediməyib. Son vaxtlar məhz gənclər tərəfindən xarici telekanalların və sosial şəbəkələrin təsiri ilə ədəbi dilimizin təkcə leksik yox, həm də qrammatik, orfoepik normalarının pozulmasında artım müşahidə edilir. Bu, ciddi məsələdir və daim müvafiq orqanların diqqət mərkəzində olmalıdır. Televiziya kanallarımızda yüksək səviyyəli verilişlərin az olması gənclərin üzünü xarici televiziyalara çevirməsi ilə nəticələnir və bu da deyilən norma pozuntularının geniş yayılması üçün münbit şərait yaradır.

Şifahi və yazılı rabitəli nitq qabiliyyətləri orta məktəbdə dərindən öyrədilməlidir. Çox təəssüf ki, test (kurikulum) tətbiqindən sonra bu sahədə geriləmə olduğu bildirilir. Əzbərçiliklə mübarizə adı altında dərs danışma praktikası sıradan çıxarılır, inşa yazılara vaxt ayrılmır. Nəticədə orta məktəbi bitirənlərin çoxunun yazılı və şifahi nitq səviyyəsi çox aşağı olur. Hər bir vətəndaşın gələcəkdə dövlət dili normalarına düzgün əməl etməsi üçün orta məktəbdə dil və ədəbiyyat tədrisi yüksək səviyyədə təşkil edilməlidir.

Mediaya gəlincə, o, ədəbi dilin taleyində mühüm rol oynayan aktorlardan biridir. XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbi dilimizin xalq dilinə yaxınlaşmasında, leksik mənası geniş xalq kütlələri tərəfindən anlaşılmayan sözlərdən və uzun izafət tərkiblərindən arınmasında məhz mətbuatın həlledici mühüm rolu oldu. “Əkinçi”ni, “Molla Nəsrəddin”i yaradanlar Mirzə Cəlilin təbiri ilə desək, “qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir” devizi ilə ana dilimizin inkişafına da öz töhfələrini verdilər. Bügünkü mətbuatımız da üzərinə də böyük vəzifələr düşür. Dünya praktikası göstərir ki, ədəbi dilə keçməyə “namizəd” olan xarici sözlərin qarşılığının tapılmasında cəmiyyətin iştirakı da yaxşı nəticələr verir. Mətbuat ictimaiyyəti bu işdə maraqlı tərəfə çevirmək üçün çox işlər görə bilər.