- Köşə

Vüsalə MƏMMƏDLİ. “Babalarımıza deyərsən, bu nə cür cəmiyyət idi, bizlər üçün qoyub getdilər?”

Yazıçılar Birliyinin sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda Həsən bəy Zərdabinin heykəlinin köçürülməsi təklifi ilə bağlı çıxış edib: “İçərişəhərdə Milli Ensiklopediyanın binası yerləşir. İndi binanın bir mərtəbəsini restoran ediblər. Binanın qarşısında Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. Çünki mətbuatımızın banisidir. İndi Zərdabi orada restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün. Heykəl köçürmək ənənəsi var. Natəvanın, Üzeyir bəyin heykəlləri Bakıdan Şuşaya köçürülüb. Bu, Zərdabinin ruhuna hörmət olar”.

Həsən bəy Zərdabinin heykəli İçərişəhərdə Böyük Qala 41 ünvanında yerləşir və 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.

Bu xəbəri oxuyandan dərin-dərin xəyallara dalmışam: Ey dadi-bidad! Adamın gərək bəxti ola, atalarımız demişkən, “suyun əvvəldən bulanıq gəlməsin”. Nə olsun ki, bu kişi Azərbaycan mədəniyyəti tarixində barmaqla göstərilə bilən 5-6 kişidən biridir? Həsən bəy Zərdabinin  bu xalq üçün etdiyini özündən başqa heç kim etməyib axı? Kişi bizim üçün – sizin üçün qəzet çıxarıb, ilk qəzet! Mətbuat yaradıb, milləti qəflət yuxusundan ayıldıb, ay adamlar! O “La quzu” nu (adına baxın hələ) oraya salanda bilmirdiniz ki, o böyük insanın ruhunu, biçarə “sümüklərini” göynədəcəksiniz? Zərdabi sahibsizdir, oğlu-qızı, məsul vəzifələrdə işləyən qohum-əqrəbası yoxdur axı, durub desin ki, bu millət təəssübkeşini hara sürükləyirsiniz, nə üçün ora-bura daşıyırsınız, bu yazıq, az çəkməyib axı? “Yerdəyişmə” belə “urvarlı”dırsa,” La quzu” restoranını köçürün, 46 ildir adı, ünvanı bəlli heykəli niyə yerindən tərpədirsiniz?

Adama bilirsiniz ən çox nə təsir edir? Hamınız bilirsiniz, vaxtilə, Həsən bəy Zərdabiyə bir ovuc torpaq da qəhət olmuşdu bu boyda Bakıda…  1907-ci ilin 28 noyabrında  Zərdabinin cənazəsi çox böyük kütlənin (tarixi faktlara görə, 10 mindən artıq insan iştirak edib) müşayiəti ilə, 10 kilometrdən çox yolu piyada qət etməklə Bibiheybətdə dəfn edildi. Dəfndə dövrün bütün tanınmış insanları, klassiklərimiz, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi şəxslər iştirak edirdi. Bibiheybət də müqəddəslər məkanı idi, deyilənə görə, “ora” hər adama nəsib olmazmış, sayılıb-seçilən adamları dəfn edərmişlər.  Nə yaxşı ki, bu dəfnin möhtəşəmliyini əks etdirən foto da var. O gün Azərbaycan xalqının inkişaf tarixində əməyi olan çox insanlar Həsən bəy Zərdabini son mənzilə yola salarkən çıxışlar etdilər. Ancaq Əhməd bəy Ağaoğlunun sözləri ədəbiyyat tariximizə əbədi yazıldı: “Ey ali ruh, ora gedirsən, babalarımıza deyərsən ki, bu nə cür cəmiyyət idi ki, bizlər üçün qoyub getdilər?”. Adamın ürəyindən bir “can” demək keçir…

Hə, Həsən bəy hamı kimi əbədi yata bilmədi tapşırıldığı torpaqda.Kimin ağlına gələrdi, 30 ildən sonra baş verəcək repressiya, oğluna, qızına bəs deyilmiş kimi, Həsən bəyin məzarına da  tətbiq ediləcək? Bəxtə bax e, dünyanı dəyişəsən, ancaq nəşin repressiyaya məruz qala. Beləliklə, repressiyanın ilk dalğası Bibiheybəti mərhumları ilə silkələdi.Yol çəkmək bəhanəsi ilə müqəddəs məkan dağıdıldı. Qəbiristandakı məzarların yaxınlarına dedilər ki, gəlib cəsədləri çıxarıb apara bilərsiniz. Artıq Zərdabinin böyük oğlu Müzəffər  repressiya olunmuşdu, böyük qızı Pəri xanım həyat yoldaşı Əlimərdan bəy Topçubaşovla Parisdə mühacirətdə , kiçik oğlu Səffət isə Türkiyədə mühacirətdə idi. Ən kiçik qızı Qəribsoltan xanım isə ailə qurumamışdı və Bakıda qorxu içində gözə görünmədən yaşayırdı…  Qəribsoltan xanım muzdlu fəhlələr tutaraq gəlib atasının sümüklərini (30 ildən sonra!) çıxarıb bir qutuya yığır və evlərinə gətirir. Bir neçə ay çarpayısının altında hamıdan gizli saxlayır. Yazıq qadın qorxusundan, əlacsızlıqdan atasının qalıqlarını bir müddət dəfn edə bilmir. İmkan tapan kimi elə qutudaca aparıb anasının məzarının ayaq tərəfində basdırır. Həsən bəy nə az, nə çox –  düz 20 il sevimli Hənifəsinin ayaqları altında uyuyur. Ta ki,1957-ci ildə Şıxəli Qurbanovun tapşırığı və iştirakı ilə professor Abbas Zamanovun səyi nəticəsində Həsən bəy Zərdabinin cəsədinin qalıqları Fəxri Xiyabanda dəfn edildi. Əsəbləri pozulmuş, həyatdan küskün Qərib soltan xanım   cəsədin qalıqlarının yerini nişan verməkdən imtina etmiş, hətta qapıya gələnləri ağır sözlərlə qovmuşdu. Haqqı vardı! Ruhu şad olsun Abbas Zamanovun, bütün mümkün yollara əl ataraq tələbələri  ilə  Bakıdan kənarda yerləşən qəbiristanlıqların birində Zərdabinin nəşinin qalıqlarını özü bel ilə qazaraq çıxarıb. Sağlığında canı, haqq dünyasında da ruhu narahat olan Zərdabinin nə günahı var? İndi də abidəsini “tərpədək” gərək? Bizə bircə bu qalır ki, üzümüzü göylərə tutub deyək: Ey ali ruhlar, sizdən sonra yüz illər keçsə də, bizim cəmiyyətimiz dəyişmədi ki dəyişmədi!

Yazının hazırlanmasında professor Abbas Zamanovun xatirələrindən və internet materiallarında istifadə olunmuşdur.