– Ay nənə, bir nağıl da de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
– Qar yağırmı?
– Elə yağır… sazaq qılınc tək kəsir…
Bu gün Əhməd Cəmilin doğulduğu gündür. Bizim onunla tanışlığımız ibtidai sinifdən başlayırdı. 4-cü sinifdə oxuyanda Ana dili dərsliyimizdə “Can nənə, bir nağıl de” şeirini keçirdik.Yəqin ki, mənimlə razılaşarsınız, şeir kifayət qədər həcmlidir. Buna baxmayaraq, sinfimizdəki 32 şagirddən yalnız 2 nəfər çox zəif oxuyandan başqa hamı şeiri çox gözəl intonasiya ilə əzbərləmişdi. Əzbərləmək azdır, bəziləri, hətta jest və mimikalarını işə salaraq maraqlı səhnələr yaratmışdılar.Şeir poetik gözəllikləri, sözlərin, cümlələrin yüksək ustalıqla yerində işlədilməsi, dərin məna kəsb etməsi ilə balaca vücudumuzu valeh etmişdi. Sonralar bu şeir yuxarı sinif proqramına daxil edildi. Mənim yaşıdlarım indi də, ali təhsil alıb-almamasından asılı olmayaraq orta məktəbdə keçilmiş nəzmlə yazılmış şeir və nəsr əsərlərininin çoxunu əzbərdən deməkdə çətinlik çəkmir. Təəssüf ki, bunu müasir və gələcək gənclərimiz üçün deyə bilməyəcəyik. Çünki bugünkü uşaqlar, demək olar ki, şeir əzbərləmir! Bu başqa bir mövzunun məzmun xətti olduğu üçün keçək əsas məsələyə…
Əhməd Cəmil “Can nənə, bir nağıl de” şeirini İkinci dünya müharibəsindən təsirlənərək yazmışdır. Belə bir şeir yazmaq üçün insanın ürəyində yanğı, həsrət, ümid, kimi hisslər hansı həddə olmalıdır?Müharibə illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri (“Döyüş zərbəsi”, “Hücum”, “Vətən uğrunda irəli”) redaksiyalarında çalışan şair müharibənin ağrı-acılarını o qədər ağırlığı ilə hiss etmişdir ki, çox gənc yaşlarından ürək xəstəliyinə düçar olmuş, yaşadığı illər ərzində bir neçə dəfə infarkt keçirmişdi. Əhməd Cəmilin yaradıcılığı sanki, Azərbaycan xalqının taleyini, həyat tərzini fərdi yox, kollektiv, ümumi şəkildə əks etdirməyə həsr olunmuşdur.
Bəs bu gün? Bügünkü Azərbaycan poeziyasında niyə “Can nənə, bir nağıl de” səviyyəsində şeirlər yaranmır? Gəlin, etiraf edək, yaransa da çox az, barmaqla sayıla biləcək saydadır. Bu gün Azərbaycan poeziyası daha çox fərdidir, “mən” üzərində yaranır, “biz” hissi zəifdir və ya ikinci plana keçib. 44 günlük Vətən Müharibəsindən sonra bu sual məni daha çox düşündürüb. Təkcə, poeziya deyil, incəsənətin digər sahələrində də. Kino, rəssamlıq, musiqi. Keçən il dostlar belə əsaslandırdılar ki, möhtəşəm əsərlər müharibədən illər sonra yaranır. Bu, bəzən 15 –20 il çəkə bilər…
Müharibəni daxildən anlayan nəsil daha dərin mövzuları nəzmə çəkəcək, daha incə məqamlara toxunacaq.
Bu gün müharibə ədəbiyyatında Emin Pirinin “Müharibə gündəliyi” və adamı təlatümə salan şeirləri, Rəşad Nağı Mustafanın “Müharibə başlayıb Nəbatat bağındayam” şeiri, Elnur Uğur Abdiyevin “Şəhid ruhları”, Zaur İlhamoğlunun “Müharibə olmasın”, hərbi jurnalist İbrahim Rüstəmlinin “Anama məktub”u, Elşad Baratın şəhidlərə həsr etdiyi şeirləri, Elmira Cəfərqızının “Əsgərlərə yaxşı baxın”, Esmira Mehiqızının “Müharibə uşaqlarına”, Sədaqət Əhmədovanın “Şəhid qızı”, Bədirə Rza Həsənqızının şəhid oğullara həsr etdiyi şeirlər, hekayələr və bəlkə, saydıqlarımdan da dərin neçə-neçə oxumadığım, rast gəlmədiyim əsərlər var!
Ancaq “Can nənə, bir nağıl de” bənzərsizdir!
Axı müharibə bizim “dizimizin dibində” idi? Əhməd Cəmil müharibəni duyaraq yazmışdı, biz isə müharibəni həm duyur, həm də izləyirdik.
– Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
– Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
Ey qadası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı.
Əhməd Cəmil şair olmaqla bərabər, həm də gözəl rəssam idi, ancaq fırça ilə deyil, sözlərlə çəkirdi.O, “Can nənə, bir nağıl de” şeirində müharibənin acısını yaşayan bir ailənin portretini Azərbaycan xalqının yaddaşına əbədi həkk edib.
Bir gün gələcək, Azərbaycan poeziyasında çox möhtəşəm əsərlər yaranacaq. Necə ki yaranır!









