Ölkəmizin Vyetnamdakı səfirliyi, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzi, Vyetnam Ədəbiyyat və Sənətşünaslığın Tənqidçiliyi üzrə Mərkəzi Şurasının birgə təşkilatçılığı ilə Hanoyda Nizami Gəncəvi 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi irsi Vyetnam tədqiqatçılarının gözü ilə” mövzusunda konfrans keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, yerində iştirak və onlayn formatda keçirilən konfransda Vyetnamın dövlət qurumlarının və ictimaiyyətinin təmsilçiləri, Vyetnam Yazıçılar Cəmiyyəti, Vyetnam Ədəbiyyat və Sənətşünaslığın Tənqidçiliyi üzrə Mərkəzi Şurasının, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzinin rəhbərləri və üzvləri, diplomatlar, tədqiqatçılar, elm, mədəniyyət və təhsil ocaqlarının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edildiyini bildirib, Nizami Gəncəvinin həyatından, yaradıcılıq yolundan və əsərləri barədə ətraflı məlumat verərək, dahi şairin Azərbaycanla yanaşı, Şərq və hətta dünya ədəbiyyatında silinməz iz qoyduğunu vurğulayıb. “Nizami Gəncəvi dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən əsərlərini də məhz burada yazıb”, – deyən səfir əlavə edib ki, şairin yaradıcılığı ilə tanış olduqda, onun yerli şifahi və yazılı xalq folkloruna, adət-ənənələrinə dərindən bələd olması ilə yanaşı, dünya mifologiyası və ədəbiyyatı barədə geniş bilgilərə malik olduğu aşkar görünür.
Qeyd olunub ki, Nizami Gəncəvi ilk növbədə Azərbaycan şairi olmaqla, dövrünün bütün mədəni irsini öz yaradıcılığında əks etdirməyi bacarıb. Səfir Nizami Gəncəvinin yaratdığı obrazların, humanist fəlsəfəsinin, söz ustalığının dünya ədəbiyyatına böyük təsir göstərdiyi vurğulayıb. Nizami dahi şair kimi tanınmaqla yanaşı, fəlsəfə də daxil olmaqla bir neçə elm sahəsi üzrə geniş biliyinə görə “Hakim” şərəfli adı qazanıb. Nizami Gəncəvi öz dahiliyi ilə bütün bəşəriyyətə humanizm ideyalarını çatdırmağa müvəffəq olub. Onun 8 əsr öncə yazdığı əsərlər bu gündə də aktuallığını itirmir və bu, Nizami Gəncəvinin dahiliyinin bariz təzahürüdür.
Azərbaycanın böyük şairinin yaradıcılıq irsindən bəhs edən diplomat, “Xəmsə”nin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını vurğulayıb. Nizaminin əsərləri və onların motivlərinə həsr olunmuş Azərbaycan miniatür sənətinin nümunələri dünyanın ən məşhur kitabxana və muzeylərini bəzəyir.
Vyetnamın tanınmış şair və yazıçıları, ədəbiyyatşünasları və jurnalistləri, diplomat və ictimai xadimləri çıxış edərək dahi Nizami Gəncəvinin irsi ilə bağlı öz tədqiqatları haqqında danışıb, fikirlərini bölüşüblər. Nizami Gəncəvinin yaradıcılığına Vyetnam ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri prizmasından yanaşma xüsusi maraq doğurub.
Natiqlər böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyətinin həmin dövrdə yalnız Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda, Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi olan Gəncə ilə bağlı olduğunu, dünya poeziyasına bir-birindən dəyərli söz sənəti incilərini bəxş etdiyini vurğulayıblar.
Tədqiqatçılar Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olduqda onun humanist ideologiyaya malik olduğunu, əsərlərində insanlığa ülvi məhəbbət, zəhmətə hörmət, haqsızlara barışmaz kin və nifrət, ədalət, xeyirxahlıq, sədaqət, nəsilləri yüksək ideallar uğrunda mübarizəyə, qəhrəmanlığa sövq etdiyini bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, Nizami Gəncəvi öz yaşadığı tarixi şərait daxilində əsrinin qabaqcıl ideyalarını yeni bir yüksəkliyə qaldırıb, dünya ədəbiyyatına və fəlsəfəsinə böyük töhfə verib. Dahi Azərbaycan şairinin əsərlərində toxunduğu mövzuların, obraz və mənəviyyatın Vyetnam xalqının təbiətinə yaxın olduğu, Nizami Gəncəvinin irsinin ölkədə daha geniş tanıdılmasının vacibliyi vurğulanıb.
Konfrans əsnasında iştirakçılara Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş fotosərgi və mövzu ilə bağlı videoçarx nümayiş olunub. Tədbir Vyetnam KİV-də geniş işıqlandırılıb.