- Cəmiyyət, Manşet

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

APA xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.

İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.