- Köşə

O gecədən sonra Xocalıda bir daha dan yeri ağarmadı

 Dünya MİRZƏYEVA

Bu gün  ötən günlərə bənzəmirdi heç. Külək uğuldayır, dağı-daşı  yerindən qoparıb atacaqmış kimi fəryad edir, insanları vahiməyə salırdı. Ağaclar küləyə müqavimət göstərməyə cəhd edir, fəlakətin qarşısını almağa çalışırdı. O gün qar da ağ yox, qırmızı yağırdı elə bil.

Dünəndən davam edən atışma səsləri  səngimək bilmirdi. Xocalıda yaşayan insanlar təşviş içərisində idi.

Bu günə qədər dəhşətli döyüşlər olmuşdu, ancaq bu döyüş də bir başqa idi. Dünya görmüş qocalar faciənin yaxınlaşdığını hiss edir, gözlərini bir nöqtəyə zilləyib uzun-uzadı düşünürdülər.

Kazım kişinin yaşı 70-dən çox olardı. O, bu gözəl diyarın səfalı suyundan içmiş , nemətlərindən dadaraq böyümüşdü. O, Qarabağı Azərbaycanın cənnət məkanı sayırdı. Bu yerləri dünyanın heç bir yerinə dəyişməzdi kişi. Elə buna görə də, bu günə qədər buraları tərk etməmişdi.

Kazım kişi ilə Sənubər xanım üç övlad böyütmüşdü. Qızı Bakıya köçürmüş, oğlanlarının birini evləndirmişdilər. Kiçik oğlu Səməd isə  könüllü olaraq döyüş bölgəsinə yollanmışdı. Atışma səsləri gələndə ana narahat olar, tez tez oğlunu xəbər alardı.

Bir gün dəhşətli xəbər bu ailənin də qapısını döydü. Laçın rayonu uğrunda gedən döyüşlərdə Kazım kişinin kiçik oğlu Səməd qəhrəmanlıqla şəhid oldu. Oğlunun ölümündən sonra ana dözmədi, az sonra rəhmətə getdi. Amansız müharibə Kazım kişinin böyük oğlu Samiri də döyüşə apardı. Ürəyinə ana, qardaş dağı çəkilmiş bacı da qardaşını fikrindən döndərə bilmədi.
Kazım kişinin gözünə neçə gecə idi ki, yuxu getmirdi. Səhər tezdən hər gün olduğu kimi, bu gün də qəbiristanlığa yollandı, sevimli xanımının, dünyadan nakam köçən oğlunun məzarı ilə dərdləşdi kişi.

– Sənubər, məni niyə tək qoyub getdiz? Bu gecə yuxuma gəlmişdin, çox narahat görünürdün. Görəsən, bu döyüşlər nə ilə bitəcək? Malıbəyli, Quşçular kəndlərindən gələn xəbərlər ürək parçalayır, ürəyimə damıb ki, dəhşət olacaq! Dəhşət!

Kişi məzarlıqdan çıxanda ətrafda hər kəs bir-birinə qarışmışdı. Hamı mənfur düşmənin yaxınlaşmasından, qocaya, cavana aman vermədiyindən, insanlara verilən işgəncələrdən danışırdı. Vaxt itirmədən  qadınları və körpələri burdan uzaqlaşdırmaq lazım idi. Ağdam yolunun bağlı olması xəbəri hər kəsi sarsıtmışdı. Belə qarlı axşamda hara üz tutasan, yalnız meşə və dağ yolu qalırdı.

Kişi evə gəldi və gəlinə yüngül şeyləri yığmağı tapşırdı.

– Qızım, – dedi, – sizi Bakıya yollamaq istəyirəm. Özüm burda qalacam. Döyüşlər sakitləşəndən sonra  qayıdarsız.

– Yox, ata, mən səni tək qoyub gedə bilmərəm, Samirdən də çox nigaranam, nə vaxtdır ki, bir xəbər ala bilməmişik.

– Qızım, burda qalmaq çox təhlükəlidir, erməni ordusu bizə çox yaxınlaşıb. Qısa vaxt içində bura gəlib çıxarlar, onda gec olar. Nəvələrimi də götürüb get! Ordumuzun gücü tükənib, torpaq satılıb. Xainlər, – deyə kişi dilləndi.

Gəlin ağlaya-ağlaya:

– Ata, torpaq da satılarmı?

– Ağlama, bala. Yaman günün ömrü az olar. Siz getməlisiniz, nəvələrim bu odun içində qalmamalıdır. Onlar küçəyə çıxanda qonşu Akif Kazım kişiyə dörd tərəfdən mühasirədə olunduqlarını bildirdi. Şəhəri xarabalığa ceviriblər, imansızlar, – deyə söyməyə başladı. Qadınları və uşaqları  təhlükəli olsa da, meşə yolu ilə göndərmək lazımdır. Belə havada dağ yoluna üz tutmaq daha çətin idi. Başqa yol yox idi, vaxt itirmək olmazdı. Kazım kişi tələsik addımlarla evə tərəf getdi. Az sonra əlində ov tüfəngi ilə geri qayıtdı. Cavanlıq yadigarı idi bu tüfəng. Bir anlıq kişi fərəhli keçən gəncliyini, bu tüfənglə ova çıxdığı günləri xatırladı. Bəzi yaxın evlərdən iki tüfəng də gəldi.

Zülm ərşə dirənmişdi, uzaqdan top-tüfəng, ağlaşma səsləri gəlirdi. Arxada qoyub gəldikləri evlərdən çıxan alov gecənin rəngini qızardırdı.

Donmuşdu insanların damarındakı qan, qorxudan titrəyirdi hamı. Körpələrin səsini kəsmək olmurdu. Xocalı sakinləri hələ belə dəhşət görməmişdi. Ermənilərin türklərə qarşı etdikləri soyqırımları eşitmişdi, oxumuşdu, ancaq görməmişdi.

Kazım kişi bu saat özündə iki cavanın gücünü hiss edirdi. Elə bil kişi otuz il cavanlaşmışdı. Ermənilərin arxasınca deyinə-deyinə camaatı başına yığaraq meşə yoluna tərəf üz qoydu. Bir az da tələsmək lazımdır. Çox az qalıb, meşəyə çataq, sonra Allah kərimdir , – dedi. Əli silahlı kişilər qabaqda, qadınlar və uşaqlar da arxada gedirdi. Kazım kişi tapşırdı ki, son nəfsimizə qədər qadınları qorumalıyıq. Əsir düşməkdənsə, ölmək yaxşıdır, – deyə qadınlar dilləndilər.

Meşəyə girən yola lap az qalmış gördükləri mənzərə onları dayanmağa vadar etdi.

– Allah bəlanızı versin,- deyə qadınlar ağlamağa başladı. Qudurmuş ermənilər  burada toplaşan insanlara nələr etmirdi, nələr! Elə bil zalımlar qana susamışdı. İnsanların qışqırığı, körpələrin cığırtısı atəş səslərinə qarışmışdı. Kazım kişi ətrafdakılara yaxınlıqdakı kolluqda gizlənib gözləməyi tapşırdı. Bu vaxt kəndin ən gözəl qızlarından birinin acı fəryadı eşidildi.

Bu, Salman kişinin qızı Gülbənizin səsi idi. Qızı nişanlısının əlindən zorla qoparırdı zalımlar. Oğlan onlara müqavimət göstərdikcə yazığı təpikləyir, başına-başına vururdular.

Düz dörd il bu qızın eşqi ilə yanıb-yaxılmışdı bu gənc. Salman kişi də yaman idi. Elə vermərəm deyirdi. Necə oldusa, bir ay bundan qabaq fikrini dəyişdi. Gülbənizi bu gəncə nişanladı.

Ermənilərdən biri qızın üstündəki kürkü dartıb çıxarmağa cəhd etsə də, qız daha möhkəm bürünməyə çalışırdı. Ermənilərə onu öldürmələri üçün yalvarırdı. Amandır, namusuma toxunmayın, öldürün məni! Gənc bu sarışın gözəlin bir telinə belə toxunmağa qıymazkən bu zalımlar onun saçlarından yapışıb soyunmasını tələb edirdilər. Qızın paltarları cırıq-cırıq olmuşdu. Uzun sarı saçları sifətinə səpələnmişdi. Gənc gözlərini yummuşdu. Bu saat göylərdən qar deyil, daş yağmasını istəyirdi. Kazım kişinin gördüyü mənzərəyə ürəyi dözmədi. Əli silahlı iki gənc kişinin bir sözünə bənd idi atəş açmağa. Kişi əvvəl qızı parçalamağa çalışan canavara, daha sonra qıza atəş açdı. Qudurmuş erməni qaniçənləri onlara tərəf gəlməyə başladı. Atışma vaxtı Kazım kişi dəstədən 10-15 nəfəri meşəyə sala bildi. Üç ov tüfəngi ilə atışmaq heç də asan deyildi. Onun 4-5 gülləsi ancaq qalardı. Düşmən tez bir zamanda onları mühasirəyə aldı. Birdən qadınların fəryadı eşidildi. Körpələr anaların əlindən zorla götürüldü. Kazım kişi nəvəsinin səsini də eşitdi. Oğul nəvəsi bacısını və anasını aparan düşmənin əllərini dişləyirdi. Qarşı tərəfdən açılan atəş uşağı yerə sərdi. Ana yerə yıxılan balasına tərəf əyildi, saçlarını oxşadı. Səsi çatdığı qədər qışqırdı. Ermənilər ana ilə qızı sürüyə-sürüyə ordan uzaqıaşdırmağa çalışırdı .

Ata, bizi onlara vermə, o güllələr bu zalımlara heç nə etməz, ancaq sənin namusunu təmizləyə bilər, – deyə gəlin qayınatasına səsləndi. Öldür bizi!

Kişi gözlərini yumdu və tüfəngin  tətiyini çəkdi. Atəş açmağa əli gəlmirdi. Gəlin isə yalvarırdı. Nəhayət, iki güllə açıldı. Kişi gəlinin son sözlərini güclə eşitdi. Sağ ol, ata!

Açılan güllələrdən hiddətlənən düşmən kişini diri tutmaq istəyirdi. Kişi son gücünə qədər müqavimət göstərdi. Başına dəyən zərbələr, bədənininə dəyən qaynar dəmir parçası daha onu qorxutmurdu. Bu gecə o, üç Azərbaycan qızına qarşı törədilən çirkin əməlin qarşısını almışdı.  Kazım kişi var gücünü toplayıb cibindəki bıçağı ona əzab verən erməninin gözünə soxdu. Bu zaman atəş açıldı. Kasım kişi gözlərini əbədi yumdu. Daha o, nə cansız bədəninə verilən əziyyəti hiss edir, nə də insanlara qarşı törədilən ağır cinayətləri görürdü.

O gecə dünyanın sonu idi Xocalıda. Dağlar başını aşağı salmışdı. Gecə hələ belə qətilyam görməmişdi hələ. Xocalı sakinlərinə qarşı edilən vəhşiliyin tək şahidi oldu o gecə. Söndürülmüş ocaqların, gözləri çıxarılmış körpələrin, başı kəsilmiş insanların, namusu tapdalanmış gənclərin iniltisini eşitmişdi, özü istəmədən  bu faciənin şahidi olmuşdu o gecə. Nalə çəkdi, fəryad etdi, uyuyan Xocalıya layla dedi gecə!

O gecədən sonra Xocalıda bir daha dan yeri  ağarmadı, cünki söz vermişdi gecə. Günahsız insanların  qisası alınmayınca Xocalıda günəş doğmayacaqdı!

25 fevral 2021

 133 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova