- Köşə, Manşet

Vasif SADIQLI. “Məratibül-mətbuat”



(Mətbuatın günü ilə bağlı əlməc-ülməc qeydlər)

Yenə Mətbuat Günü gəldi və yenə mətbuatımızın tarixi, bu günü, gələcəyi haqda müzakirələr, iradlar, öyüdlər, xitablar, itablar, tostlar, vəsflər; repressiya və qayğı ilə bağlı fərqli fikirlər səslənəcək. Mən də bu mövzuda “bir kaç kəlmə” ərz etmək istəyirəm.

Bir yüngülvari müqəddimə

1991-ci ildə rayonda “Çənlibel” adlı qəzet çıxarırdıq. İlk müsahibəni erməni əsirliyindən qaçmış II Şıxlı sakinindən götürmüşdük. O vaxt diktofon olmadığı üçün özümlə “Vesna” maqnitofonu aparmışdım. Qəzet qonşu rayonun mətbəəsində çap olunurdu. Bir işçi mətni yığır, sonra qurğuşun hərflərdən ibarət parçaları bir çərçivənin içinə qoyub, qırağına taxta parçası çalırdı. Pulunu vaxtında versək də, hərfləri yığanda, taxta parçası ilə ərinmiş qurğuşunu qarışdırıb sonra taxtanı kənara tolazlayanda üzünün ifadəsindən anlaşılırdı ki, nəsə narazılığı var. Sonra mətbəənin işçiləri dedi ki, arkadaş içən adamdı. Bundan sonra özümüzlə yemək və araq götürüb məsələni çözdük. Daha gecə evlərinə gedib çağıranda arvadı: “Yatıb eee, oyanana oxşamır”, – demirdi. 

“Çənlibel” necə “falçılıq” etdi?

O vaxt rəsmi rayon qəzetləri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çox az yazırdı. İnformasiyalar, reportajlar hamısı sovet üslubunda olurdu. Sərhəddə atılan topların səsi hətta rayon mərkəzində eşidilsə də, qəzetlərdəki yazı başlıqları çox vaxt belə olurdu: “Davarlar kök və gümrahdır”, “Plan qanun, öhdəlik isə şərəfdir” və s. Bir dəfə mətbəədə dolaşarkən bir neçə bağlama hazır qəzet gördük. Məlum oldu ki, referenduma bir neçə gün qalmış artıq seçki məntəqəsindən reportaj yazıblar. Beləliklə, “Münəccimimiz xəbər verir” adlı rubrika açdıq. Qəzetin 1-ci səhifəsində belə bir “öncəgörmə” verdik: “Ağstafa” qəzeti növbəti nömrəsində belə yazacaq: “Seyrək dumanlı qış səhəri gözlərini açmamış Ağstafa şəhər mədəniyyət evinin qarşısı adamla dolu idi. Onlar burada təşkil olunmuş 4 nömrəli referendum məntəqəsinə səs verməyə gəlmişdilər. İlk səsvermə bülletenini götürmək 70 yaşlı şəhər sakini Mirabbas Abdıyevə nəsib olur…” və s. Təbii ki, “öncəgörməmiz” düz çıxdı…

Cibişdaniyyə mətbuatı

Hardasa 20 il əvvəlin başlığıdır: “İqtidarın beli qırıldı”. Qəzet satılsın deyə manşetə bu cür “xəbərlər” çıxarmaq bir vaxtlar az qala dəbə çevrilmişdi.
Küçədə qəzet satanlar başlığı ucadan səsləndirir, zəhmətkeşlər qəzeti alırdı ki, görək iqtidarın beli niyə qırılıb, necə qırılıb, hardan qırılıb; o yanlıqdı, yoxsa bu yanlıq? Alır, oxuyur və məlum olurdu ki, vaqiə başqa cürdür. Əslində nə baş verib? Demə, Şahabad rayonunda YAP qərargahının bağbanı ağacların dibini belləyəndə qeyzlənib. Dünən arvada deyibmiş ki, yaxşı bir borş bişirsin, amma istədiyi kimi olmayıb: “Hələ köpəyin qızına demişdim ki, kələmi “tyorka”nın xırda gözündən keçir, çuğunduru sonra at, əti də sümükdən ayır”. Bağban arkadaş bunu deyibən, qeyzlə belin sapını necə qanırıbsa, “lopatka” ortadan xırt qırılıb.

Həri… Bu cür informasiyalar bir tərəfdən yaxşı gəlir gətirir, digər tərəfdən ictimai refleksi, mətbuata inamı öldürürdü…

“copy and paste” mətbuatı

Əziz Nesinin məşhur “Bir qəzet filan tarixdə necə bağlandı?” hekayəsinin xatırlamamaq olmur. Bir müxbir başqa qəzetlərin informasiyasını götürüb əl gəzdirir, eksklüziv xəbər kimi verirmiş. Bir dəfə ilişir. Rəqib qəzetdə belə bir yazı gedibmiş. “Artur Yaşabasmazyan türk bayrağı üçün canından keçdi”. Jurnalist də yazıya bir az əlavə edir, başlığı isə belə qoyur: “Artur Yaşabasmazyan türk bayrağı uğrunda şəhid oldu”. Qeyri-müsəlmandan şəhid olmaz axı. Ona görə bir əlavə arayış da verir ki, Artur filan vaxtı müsəlmanlığı qəbul edib, hətta sünnət olunub”.  Demə, ümumiyyətlə bayraqla bağlı belə hadisə olmayıbmış. Mənbə qəzet müxbiri biabır edir: “Bilirdik ki, bizdən oğurluq edirsiniz, ona görə belə bir informasiya yazdıq. Nə türk bayrağı ilişib, nə də Yaşabasmazyan adlı erməni ölüb. Ölün, yerə girin. Bir də oğurluq etməyin”.  Bundan sonra  jurnalistin mitilini atırlar… Bu cür müxbirlər indi də yetərincədir.     

“Dana optimizmi” mətbuatı

Bir sıra qəzetlər və saytlar peyvəstə cəmiyyəti xoş xəbərlərlə məst eləmək yolunu tutub. Onlar yuxarı dairələr ehtiyac duydu-duymadı, dezinformasiyalar tirajlayır: “Müəllimlərin maaşı artırıla bilər”, “Rəqabət Məcəlləsi qəbul edilə bilər”
“Ehtiyac meyarı artırıla bilər”… Və ya tutalım hansısa hərbi hissədə bir tankın təmirdən sonra yağ yeyib-yemədiyini yoxlamaq istəyirlər. Xəbər dərhal bu şəkildə gedir: “Azərbaycan tankı cövlana başladı, İrəvan təşviş içində”.

Hər nə isə. Bayramınız mübarək, qələm əhli və ya klaviatura – təxtül-hürufat əhli. Amma bütövlükdə ölkə, cəmiyyət üçün çox şey etmisiniz və bunu danmaq olmaz…