- Dil, Köşə

Fizzə HEYDƏROVA. Dünya dilləri 100 ildən sonra

 

UNESCO deyir ki, dünyada 6 minə qədər dil qalıb. Hər həftə bu dillərdən biri canının tapşırır. Səbəb dil daşıyıcılarının ölməsidir. Hazırda 3 minə qədər dil ölüm ayağındadır. Deyir, dillərin ölməsinə əsas səbəb qloballaşma və bəzi dillərin güclü dillər tərəfindən sıxışdırılmasıdır. Bu məsələdə təhsil, televiziyalar, başqa KİV; sosial və iqtisadi amillər də rol oynayır. Bəs yüz ildən sonra vəziyyət necə olacaq? Əslində, dillərdəki ciddi dəyişikliklər üçün yüz il çox qısa müddətdir. Lakin bu proses sürətlənə bilməzmi?

Bu sahədə araşdırma aparan ekspertlərin fikrinə görə, azsaylı dillərdə danışanların daha həyat qabiliyyətli dillərə keçməsi səbəbindən bu dillər getdikcə azalacaq. Əvvəl bu dillərin mövcudluq sahəsi daralacaq, sonra ailədaxili ünsiyyət səviyyəsinə qədər düşəcək, daha sonra isə bəzən sonuncu daşıyıcının həyatdan getməsi səbəbindən tamamilə unudulacaq.

Dillərin yox olması bioloji müxtəlifliyin azalması kimi qəbul edilir və əks təsir tələb edir. UNESCO çərçivəsində “Dillər yox olmaq təhlükəsi qarşısında” proqramı fəaliyyət göstərir, məqsəd dil icmalarına, hökumətlərə və mütəxəssislərə dəstək verməkdir.

Dil müxtəlifliyini qorumaq üçün tədbirlərin nə qədər təsirli olacağını söyləmək çətindir. Bu, bir çox halda müəyyən bir dildə danışan etnosun seçimindən, nəzəri cəhətdən isə hətta tək bir insanın səylərindən asılıdır. Dil rezervasiyası yaratmaqla dilləri qorumaq praktikası məlumdur. Məsələn, Havay arxipelaqında özəl mülkiyyətdə olan Nihau adasında havay dili təxminən 250 sakinin yeganə ünsiyyət vasitəsidir.

Bəs yüz il sonra qarşı qütbdə – yüz minlərlə insanın danışdığı böyük dillərdə vəziyyət necə olacaq? Bu sualın cavabı əhəmiyyəli dərəcədə demoqrafik, iqtisadi, sosial-siyasi və mədəni-ideolojı faktorlardan asılıdır.

Araşdırıcılar tendensiyaları ümumiləşdirərək bu qənaətə gəliblər ki, ingilis dili yüz il sonra da beynəlxalq ünsiyyətdə ən vacib dil statusunu qoruyub saxlayacaq. Burda iri ingilisdilli ölkələrin dünyadakı rolu ilə yanaşı (Hindistan, CAR, Nigeriya da bu sıradadır) ingilis dilinin öyrənilməsini asanlaşdıran spesifik linqvistik üstünlüklər də rol oynayacaq. Böyük ehtimalla, bu dilin elm, mədəniyyət, diplomatiya, dünya ticarəti və nəqliyyatında əhəmiyyəti də qorunub saxlanılacaq.

Parlaq gələcəyi barədə müzakirələrin aparıldığı Çin dilinin mövqeyi, çətin ki, ingilis dili kimi güclü olsun. Eskpertlər bunun əsas səbəbi kimi çinlilərin imtina edə bilmədiyi heroqlif yazı sistemini, həmçinin dünya xalqlarının əksəriyyəti üçün yad olan ton sistemini göstərir.

Yapon dili və yapon mədəniyyəti ilə bağlı vəziyyət diametral tərsdir, XX əsrin ikinci yarısında olduğu kimi o, lokal dil olaraq qalır.

Mütəxəssislərin fikrincə, ispan dilinin populyarlığının artacağını demək üçün xeyli əsaslar var. Bu proses artıq başlayıb, ali məktəblərə qəbul statistikası da bunu deməyə əsas verir. İspan dili daşıyıcılarının artımı, onun ABŞ-da eskpansiyası, arxasında dayanan mədəniyyət, Latın Amerikası ölkələrinin iqtisadi artımı, onların demoqrafik gücü, ən əsası ispan dillilərin başqa dillərdə danışmaq istəməməsi bu dilin yayılmasına səbəb olacaq.

Fransız və italyan dillərinin də arxasında eyni rəqabət üstünlükləri (demoqrafiyadan başqa) dayanıb. Lakin bu dillərdə danışanların sayının azlığı onları zəif oyuncu edir.

Rus dilinin perspektivlər yaxşı görünmür. Onun rəqabətədavamlılıq imkanlarını zəiflədən faktorlar arasında rus etnosunun demoqrafik uğursuzluğunu, gənc nəslin digər dilləri istifadə etmək hazırlığı, hazırda Rusiyanın dünyadakı mənfi imici, elementar səviyyədə öyrənilməsinin çətinliyini göstərmək olar.

Ərəb dilinin struktur statusu böyük ehtimalla dəyişməyəcək, onun gələcək əhəmiyyətini proqnozlaşdırmaq çətindir.
Xüsusi tədbirlər görülməsə, alman dilinin Avropadaxili dil kimi əhəmiyyətinin zəifləyəcəyi proqnozlaşdırılır. Hindistan, Nigeriya kimi iri ölkələrdə ünsiyyət dili, güman ki, ingilis dili olaraq qalacaq.

Çoxmillətli və polietnik ölkələrdə dillərin formal-hüquqi statusu müxtəlif ola bilər. Bundan əlavə, sosial-siyasi spesifika və onun ideolojı refleksiyası ilə şərtləndirilən yeni işarələr düşünülüb tapılacaq, lakin bu, dillərin real fəaliyyətinə təsir etməyəcək. Əlbəttə, dil siyasəti buna təsir edə bilər, lakin anlamaq lazımdır ki, bu məhz ideoloji əsaslandırma nəzərdə tutan siyasətdir, həmçinin eyni zamanda “mümkünlük sənətidir”.

Yazı İnternet materialları əsasında hazırlanıb.

 195 Oxunub

About Vasif Sadıqlı

Read All Posts By Vasif Sadıqlı