- Köşə

İmarət CƏLİLQIZI. Bu budu, bu da bu!..

 

H.Uellsin “Görünməz adam” romanında bir epizod var: təqib edilən görünməz Qriffin aclıqdan taqətsiz halda bürünməyi unudub kömək üçün müraciət etdiyi dostunun verdiyi yeməyi tələsə-tələsə yeyir. Birdən gözü ona dəhşətlə baxan dostuna sataşır və onun üz ifadəsindən qəfil anlayır ki, axı yemək görünməz deyil və o yedikcə şəffaf vücudunda yaranan əcaib mənzərə bütünlüklə görünür…

Ara-sıra bir yerə toplaşıb söhbətləşən bir xeyli adamı sakitcə oturub kənardan diqqətlə müşahidə edirsən və bu zaman onların hiss və düşüncələri sənin gözünə Qriffinin şəffaf vücudundakı yemək necə görünürsə, bax eləcə görünür. Bəzən aşkar edirsən ki, birisinin içində gördüyün mənzərə ilə dilindən eşitdiyin qətiyyən üst-üstə düşmür. Onda bir istəyirsən, necə deyərlər, qıdıqlanırsan ki, görüb aşkar etdiyini usduf-usduf və qızıl-qırmızı söyləyəsən həmin o şəxsin üzünə, amma düşünüb niyyətindən vaz keçirsən: deyər, sübut elə!.. Necə sübut edə bilərsən? Axı adamlarda hər kəsin sezə bilmədiyi o mübhəm içəri ki var, ora Qriffinin şəffaf mədəsi, sənin gördüyün də yemək-içmək deyil ki, deyəsən, “ay adam, baax, bu, budu, bu da bu”.

Filtr

İnsanlar var ki, xislətən güclü sutəmizləyici filtr kimidirlər: onlarla nə qədər qaba, haqsız, laqeyd rəftar edilsə də, nə qədər layiq olmadıqları tənələrə, acılara, bəzən hətta qəsdən pərdələndirilmis ironik atmacalara məruz qalsalar da, içərilərinə atılmış bu bulanıqlığı heç vaxt geri püskürməzlər, təmkinlə, səbirlə duruldarlar və yeri gələndə dadı bir az acıtəhər, bir az da şirintəhər, amma çox şəfalı suyu olan bulaq kimi süzərlər.  Bu bulanıqlıgın baş alıb gəldiyi ünvanların çoxunun heç ağlına da gəlməz ki, qarşılarındakı bu insanların içərisində qeyri-adi bir təmizləyici var və o, İlahidən gələn bir lütfdür. Həm də bu lütf o təmizləyicini içərisində daşıyan hər kimdirsə, təkcə ona deyil, onunla təmasda, ünsiyyətdə olan hər kəsə göndərilmiş bir bəxşişdir.

 145 Oxunub

About Vasif Sadıqlı

Read All Posts By Vasif Sadıqlı