- Dil, Manşet

Vasif SADIQLI. Ekzotizmlər haqda bir neçə kəlmə

Ekzotizmlər (yunanca exoukos sözündən olub, yad, yadelli deməkdir) bu və ya digər ölkənin, xalqın və ya regionun özünəməxsusluğunu, koloritini yaratmaq üçün istifadə edilən sözlərdir. Ekzotik leksikaya pul vahidləri – su, dinar, drahma, dirhəm, peso və s.; titul, vəzifə, məşğuliyyət – abbat, bobbi (İngiltərədə polislərin ləqəbi), qeyşa (Yaponiya), getman (Polşa), rikşa (Hindistan) və s.;  yaşayş yerlərinin adı: aul, yaranqa və s.; rəqs, musiqi alətləri və bayram adları: qopak (Ukrayna), zurna (Şərq ölkələri), fiesta (İspaniya), karnaval (İtaliya, Latın Amerikası) və s.; paltar adı: kimono (Yaponiya), sari (Hindistan) və s.; yemək-içmək adlarıı: viski, pudinq (İngiltərə), arxi (Monqolustan), çaça, çoxaxbeli (Gürcüstan) və s. daxil edirlər.

Ekzotizmlər ekvivalentsiz leksika sayılır, dar və geniş deyə təsnif edirlər. Məsələn, xirqə, başlıq, zurna kimi ekzotizmlər bir sıra Şərq xalqlarında işlənir, amma kara-jorqa (Qazaxıstan rəqsi) bir xalqa aiddir. Əslində ekzotizmlər də dəqiq filoloji təsnifatda varvarizmlərdən sayılır.

Ekzotizmlər bir qayda olaraq tərcümə edilmir və onların milli dil cizgiləri (qrafik və fonetik çöhrəsi istisna olunmaqla) saxlanılır. Onlardan daha çox bədii əsərlərdə və publisistikada istifadə edilir.

Sosiolinqvistikada ekzotizmlər başqa mədəniyyətlərin mahiyyətini açmaq əvəzinə, daha çox həmin mədəniyyətləri simvolizə edir. Məsələn, eskvayr (fəxri titul), kriket, şillinq Böyük Britaniya, aul Şimali Qafqaz, sakura, ikebana, qeyşa, sake, suşi, vasabi Yaponiya mədəniyyətinin, padre, abbat, konklav katolik arealının rəmzinə çevrilib.

Ekzotizmlərin də tərcüməsi mümkündür. Onlar bəzən bir sözlə yox, söz birləşməsi ilə tərcümə oluna bilir. Məsələn, rusların matryoşkasının ingiliscəyə nesting doll kimi tərcüməsi edilməsi halları var. Amma bu zaman lakoniklik itir. Ekzotizmlər xüsusən bədii əsərlərə kolorit vermək üçün tərcümə olunmur. Onlar dilə daxil olarkən, bir qayda olaraq, lüğət tərkibinin aktiv fondundan kənarda, leksikanın periferiyasında qərarlaşır. Ekzotizmlər etnoqrafizmlərdən fərqləndirilir. Çünki etnoqrafizmlər də dialekt sözləri kimi ədəbi dilin lüğət tərkibindən kənarda qalır. Amma ekzotizmlər ədəbi dilə daxil olur.

Bir sıra ekzotizmlər zaman keçdikcə dilin aktiv fonduna keçir və hamı tərəfindən anlaşılır. Nə vaxtsa ekzotizm olan dollar, kollec, lənç, mafiya artıq aktiv fonddadır. Bəzilərinə isə əsas mənasından bir qədər fərqli məna yüklənir. Məsələn, həftənin sonundakı istirahət günləri mənasında olan uikend sözü indi qonaq qəbulu, istirahət günü ziyafət kimi, ilkin mənası xilasedici külək olan kamikadze sonradan özünü fəda edən, daha sonra isə hətta özünü partladan terrorçu və ya özünü hədəfə çırpıb partlayan dron kimi mənalar da qazanıb və ekzotizmlikdən çıxıb, beynəlmiləl sözə çevrilib.

Buddizmdə arzulardan, iztirablardan və vərdişlərdən azadolma (onların insan həyatına təsirinin aradan qaldırılması); sansara ilə bağlı iztirablardan qurtulub şüur axınlarının sakitləşdiyi vəziyyət, Tanrıya qovuşma mənası daşıyan nirvana ekzotizmi bir çox hallarda teoloji məzmundan uzaqlaşıb yüksək xoşbəxtlik halı yaşamaq mənasında işlənir.

Manqurt ekzotizmi altay və qırğız əfsanələrində şüursuz kölə halına salınmış adam mənasında işlənib. Əsiri manqurt etmək üçün onun başını qırxır, yaş dəvə boynunun dərisini başına keçirir, beləcə əlləri qolları bağlı olaraq günün altında saxlayırdılar. Dəvə dərisi quruduqca gərilir, əsirin yaddaşını itirməsinə səbəb olurdu. Nəticədə adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilirdi. Çingiz Aytmatovun məlum romanında işlənən bu söz illər sonra ekzotizmlikdən çıxıb və tarixinə, mədəniyyətinə arxa çevirən mənasında beynəlmiləl sözə çevrilib.

Karnaval. Katolik ölkələrdə fəsil dəyişməsi ilə bağlı açıq havada teatrlaşdırılmış kütləvi gəzinti və bayram mənasında ötən əsrlərdən bir çox dillərə keçib. Amma sonradan bu söz də yeni mənalar qazanıb və beynəlmiləlləşib. Məsələn, dünyəvi ölkə olan SSRİ-də gənclər, tələbələr və idman bayramlarında karnavallar təşkil edilirdi. Dilçilər ekzotizmlərin lokallıqdan çıxamasını və yeni mənalar kəsb edib başqa dillərin aktiv fonduna keçməsini deekzotizasiya adlandırır…

Bu qədər. Xeyirli şənbələr..

Yazı hazırlanarkən rus dilində olan İnternet materiallarından da istifadə edilib.