28.02.2024-cü il tarixində İçəri Şəhərdə yerləşən “Ədibin evi”ndə “Füzuli ili” çərçivəsində Bakı Avrasiya Universitetinin professor-müəllim və tələbə heyəti ilə birlikdə XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının müzakirəsi keçirilmişdir. Qonaqlar əvvəlcə professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Bakı görüşləri” adlı sənədli filmə baxmış, sonra isə adı çəkilən kitabın müzakirəsinə keçmişlər.
Qeyd edək ki, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı ilk dəfə 1958-ci ildə işıq üzü görsə də, Füzulişünaslıqda böyük bir hadisə olmuş və öz elmi əhəmiyyətini bu günə qədər qorumaqdadır. Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığında bu kitabla Füzuli irsinin öyrənilməsində poetika məktəbinin əsasını qoymuşdur. Müzakirəni Bakı Avrasiya Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Tərlan Quliyev açmış, Cənab Prezidentin Füzulinin 530 illiyi ilə bağlı sərəncamından bəhs edərək, daha sonra Füzulinin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən danışmış, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının elmi dəyərlərini şərh etmişdir. O, öz çıxışında Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının Füzuli haqqında müasir elmi-metodologiya ilə yazılan ilk monoqrafiya olduğunu göstərmişdir.
Daha sonra tədbirdə iştirak edən Bakı Avrasiya Universitetinin professor-müəllim heyətindən filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, filologiya üzrə elmləri doktoru, “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri Elmira Məmmədova-Kekeç, filologiya üzrə fəlsəfə doktorları, dosent Seyfəddin Altaylı, Səadət Şıxıyeva, Xatirə Yusifova, “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri Zəminə Rüstəmbəyli, Bakı Avrasiya Universiteti elmi kitabxanasının müdiri Sima Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Əfsanə Nağıyeva çıxış edərək, Füzuli yaradıcılığı və professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı haqqında öz mülahizələrini bildirmişlər.
Onlar öz çıxışlarında Mir Cəlal Paşayevin həyat və yaradıcılığına qiymət verən zaman onun yüksək yazıçılıq istedadına və gözəl bir şəxsiyyətə malik olduğunu söyləmiş, “Füzuli sənətkarlığı” kitabını müxtəlif yönlərdən təhlil edərək onun elmi dəyərini yüksək qiymətləndirmiş, bu kitabın yüksək intellektlə, Füzuli irsinə dərin bələdlik və eyni zamanda əsl pedaqoq mövqeyindən yazıldığını bildirmişlər. Məhz monoqrafiyanın bir müəllim qələmindən çıxmağının nəticəsidir ki, kitab bu gün də tələbələrin stolüstü kitabına çevrilmiş və onların rəğbətini qazanmışdır. Tədbirdə iştirak edən tələbələr bu görüşdən razı qalmış və bu tədbirin təşkilinə görə Bakı Avrasiya Universitetinin professor-müəllim heyətinə və “Ədibin evi”nin əməkdaşlarına öz təşəkkürlərini bildirmişlər. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.