- Köşə

“Əl və yaxa”, yaxud “vur ki, vurasan…”

Pərvanə BAYRAMQIZI

İnsan boksu, güləşi, karateni niyə sevsin ki? Adam da adama zərbə endirər, bilə-bilə xəsarət yetirərmi? Görəsən, məndəmi inkişaf düzgün getməyib, yoxsa insanların aqressiyalarını bu şəkildə çıxarıb sakitləşməkləri normaldırmı?

Əlbəyaxa döyüşlər haqqında bugünkü feysbuk statusumdur. Əslində isə uşaqlıqdan beynimdə dolaşan sualdır.

Başlayaq boksdan. Məndən yaxşı bilirsiniz, bu idman növü Olimpiya oyunlarına 23-cü oyunlar zamanı (E.ə. 688-ci il) əlavə edilib. Qaydalar bir çox hərəkətləri qadağan etsə də, sınmış, əzilmiş burunlar, çıxarılmış dişlər görmək adi hal olub. Ölümün belə mümkünlüyü inkar edilməyib.

Vikipediya məlumatında qeyd olur ki, II əsrdə yaşamış yunan tarixçisi Pavsaniy Krevq ilə Damoksenin döyüşündən bəhs edərkən, Damoksenin öz rəqibininin zərbəsi ilə içalatını çıxartdığından danışır. Qaydaları pozduğuna görə sakinlər Damokseni qovur, qələbəni isə artıq ölmüş Krevqə verirlər.

Belə bir qəddar idman növünə niyə meyl edirlər, heç cür anlaya bilmirəm.

Olimpiya oyunlarına 18-ci əlavə edilən idman növü güləşdir. Ayaqüstə və yerdə (qumlu yunşaq torpağım üstündə) mümkün olan güləşdə də zərbələr qadağan edilmişdir. Amma zədəsiz əlbəyaxaya kim zəmanət verə bilər?

Karatenin də yaponların əlbəyaxa döyüş sənəti olduğundan məlumatlısınız. Yarandığı ölkənin xalqının dilində kara – “boş”, te – “əl”, do – “yol”, yəni “boş əlli yol” deməkdir. Necə olduğunu da görmüsünüz. Qaldı Markın verdiyi imkandan istifadə edib dostlardan öyrəndiyim fikirləri sizə çatdırmaq.

Əlbəyaxa döyüşə münasibətdə tərəfdarlarımın olduğunu bilib, ürəklənərək “bəlkə, təbliğat işinə başlayaq” deyə təklif irəli sürdüm. Elmira Cəfərqızı adlı ədəbiyyat müəllimi bildirdi ki, bu, qarşı cinslər üçün adi haldır. Pul qazanmaq istəyənlərin oyunudur. Onu da vurğuladı ki, övladının heç vaxt bu idman növü ilə məşğul olmağını istəməz.

Yazıçı Həcər Paşayeva qaydasız döyüşlərin çox zaman ölümlə bitdiyini xatırladır və Sumo-nu, bir də buğanın belində 8 saniyə dayanmağı sevdiyini, futbola səbrinin çatmadığını yazır.

Şair-tərcüməçi Firidun Agazadə, deyəsən, məndən də çox acıqlanır bu idman növlərinə:

“Hələ o biri növlər o yana qalsın… biri çıxır 486 kq ştanq qaldırır… . o biri bundan 500 qram çox (və ya az) qaldırır… Niyə? Nə olub?.. Eşşəksən? Ulaqsan.? Dəvəsən yük götürəsən?… Mənası nədir, axı, bunun? O yükü harasa aparmaq istəyirsənsə… onun da qaydası var… çəkisi var…”

Yazıçı-publisist, “Kamilinfo”nun təsisçisi, “İlk xəbər” saytının redaktoru Vasif Sadıqlı yenə üslubuna sadiq qalaraq yumorla fikir bildirdi:

“Mənə irad tutursunuzsa, idmanla kimisə xosunbay etməkçün məşgul olmamışam. Məqsəd sağlamlıqdır, bir də həddinibilməzlərə həddini bildirmək. Qərbin bir sıra döyüş növləri məni də rəncidə edir, amma bəzi Şərq əlbəyaxa döyüş növlərində bir neçə qayda var: 1. dalaşmaq pisdir, 2. xəbərdarlıq edirəm, axırı pis olar 3. əminsənmi? 4. Di yeri…

Bunları edəndən sonra xosunbay etmək legitimləşir.

Zülmə, haqsızılığa məruz qalmamaq, zülmə məruz qalanı müdafiə etmək üçün öyrəndik, xuliqanlıq və başqalarını haqsız yerə incitmək üçün yox.

Hətta adamyeyən yamyamlar vurmazdan əvvəl belə deyir:

“Muquni nibua – bağışla, səni incidəcək…”

Vasif bəyin ürəyi sakitləşmədi, daha bir rəy əlavə etdi:

“Sizin fikrinizi, bu statusu niyə yazdığınızı yaxşı anlayıram. Bəli, barbarlıq, təkəbbürlülük, zorakılıq cahiliyyə əxlaqının təzahürüdür. İslama qədərki dövrün kumiri, qəhrəman etalonu haqqında məşhur cahiliyyə şairi Züheyrinin bir şerində oxuyuruq: «O, bir aslandır, pürsilah (silahlanmış), dırnaqları kəsilməmiş. İgiddir, zülmə uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa, özü zülmə başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər. Və insanlara zülm etməyənin özü zülmə məruz qalar».

Biz bu əxlaqı qəbul etmirik. Allahın sevgisini qazanmaq üçün helmli, səbrli olmaqda mükəlləfik. Yaradılanı Yaradana görə sevərik, amma şoğəriblərin dərsini verməyə hər zaman hazır olmalıyıq…

Oğuz igidləri bəyəm döyüş sənətinə yiyələnmirdi?

El köçüb, adət köçməyib”.

Dürdanə Hüseynova adlı izləyicinin rəyi də aşağıdakı kimidir:

“Ümumiyyətlə, bu idman növlərini görən gözüm yoxdu. Elə futbolu da. Qışın qarında, soyugunda lüt-üryan olub düşürlər meydana, bax nə var hə? Gah biri badalaq verir, yıxılır, gah təpik dəyir, gah da nə bilim nə”.

Belə! Fərqli yanaşmalarla sizi tanış etdim. İndi söz sizindir! Təbliğata başlamağa dəyər, ya yox?

30 mart 2021