- Mədəniyyət

Ərəb mətbuatında Molla Pənah Vaqifin yaradıcılığı barədə məqalə dərc olunub

İordaniyanın “Əl Ənbat”, “Cohina” və “Nəbd Əl Balad” qəzetləri və Əlcəzairin “Əl Hərir” portalında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, iordaniyalı akademik Mərvan Sudanın müəllifi olduğu məqalədə şairin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat yer alıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, bu il anadan olmasının 305 və vəfatının 225-ci ildönümü qeyd olunacaq M.P.Vaqif Azərbaycan poeziyasında yeni cərəyanın əsasını qoyub. O, eyni zamanda Qarabağ xanının vəziri kimi müdrik şəxsiyyət olub. “Azərbaycanda xalq arasında məşhur bir deyim var; hər oxuyan Molla Pənah olmaz. Bu, şair və dövlət xadiminin el arasında müdrikliyinin təzahürüdür”, – deyə M.Suda yazıb.

Müəllif, həmçinin sovet dövründə, Azərbaycanda çalışdığı vaxt poeziya antologiyasında Vaqif yaradıcılığı barədə ərəb dilində ilk məlumatı əldə etdiyini, görkəmli şairin şeirlərinin ərəbcəyə tərcüməsinin zəruri olduğunu yazıb.