- Dil

“Əsrlərdən gələn dilim”

Gülyaz ƏLİYEVA

…Dil ata çuxası deyil ki, köhnələndə yenisi ilə əvəz edəsən. Xoşun gəlməyəndə dərziyə aparıb qoşa tikişlərindən birini ixtisar edə, uzun hissələrindən kəsə və ya calaq edə,  üzərində dəyişiklik aparasan.
…Ana, Dil, Vətən, Torpaq!… Bu 4 məfhum bir-biri ilə çox bağlıdır və ana qədər müqəddəsdir. Bu sözlər ana qədər doğma və müqəddəs olduğu üçün onların qarşısına “ana “sözünü əlavə etmək olur – “ana dili”, “ana vətən” və “ana torpaq”.
…Bunları başqası əvəz etmək olmur, nə ananın, nə vətənin, nə də dilin heç vaxt 2-cisi olmur. Əgər olarsa, o artıq doğma deyil, “ögey”dir. Ögeydən isə xeyir gəlməz və ögeylər doğmanı heç vaxt əvəz edə bilməz. Bu 3 məfhuma heç kəsin toxunmağa, dəyişməyə, üstündə əməliyyat aparmağa, satmağa, kiməsə bağışlamağa, kiminsə tabeliyi altına verməyə ixtiyarı yoxdur. İnsan özününkü olanı dəyişə, saxtalaşdıra və ya sata bilər. Xalqın malına isə toxunmaq olmaz! Vətən və Torpaq mövzusunu bir kənara qoyub bu gün onlardan biri – ana dili haqqında danışmaq istəyirəm. Çünki bir xalqın varlığını sübut edən ən önəmli faktorlardan biri də məhz ana dilidir! Bu dil əsrlərin süzgəcindən keçib – gəlib Dədə Qorqudun qopuzunda, nənələrimizimn nağıllarında Məlikməmmədlə birlikdə ağ qoçun üstündə qardaşların xəyanətini yenərək, devlərə qalib gələrək, xalçanın üstündə, analarımızın laylalarında körpələri yuxuya verərək, bayatılarımızda vətən eşqini, ülvi məhəbbəti tərənnüm edərək, dastanlarımızda düşmənlərə qarşı mərdliklə vuruşaraq bu günümüzə gəlib çıxıb və formalaşıb, sabitləşib, özünü sübut edib – öz sabit qayda-qanunları olan ədəbi dilə çevrilib.

Güney Vətənimizdə ana dilimizin qorunması və öyrənilməsinə başlanması da  xalqımızın ən yaxşı oğul-qızlarının uzun müddətli, fədakarcasına mübarizəsinin, verdikləri qurbanların gətirdiyi qələbədir!

Var olsun, ana dilimizi yaşadanlar, onu qoruyanlar!

“9 saitli melodik Azərbaycan türkcəsi –  bulaqların şırıltısını, bülbüllərin çəhcəhi, durnaların hıçqırtısı, boz qurdlarınun ulartısı, Şahdağından Savalana əsən küləkləri, Ağrıdan Tenqri dağına uçan buludların leysanını daşıyan, Gündoğandan Günbatana,  yovşan qoxulu, ayqır kişnərtili, qopuz nəğməli, muğam haraylı dilimiz!..

Alp ərənlərin, Bilgə Xaqanların, Qorqud Ataların, şamanların, muğların dili!”

Bizim xalq həmişə dilə, sözə dəyər verib, onun qədrin bilib, dilinu qoruyub, Dədəm Qorqud 4 sözü düzgün  adlandırmadığına görə özünü qınayıb, sözün üstündə əsib. Güneydə bu dili fədakarcasına, o dildə məktəblər olmayanda, heç bir qəzet-jurnal dərc olunmadıqda belə qoruyublar. Çünki:

“Bu dil tanıtmış bizə bu dünyada hər şeyi ,

Bu dil əcdadımızın biz qoyub getdiyi

Qiymətli xəzinədir,

Onu gözlərimiztək

Qoruyub nəsillərə biz də hədiyyə verək!”

Nəinki üstündə əməliyyat aparaq, özümüzün mənəmlik iddialarına, bölgə təəssübkeşliyimizə qurban verək.

Bəs bizə nə olub? Biz niyə öz dilimizin xalqın malı olan sözlərə əl qatmağa, dili dəyişməyə, onun oturuşub sabitləşmiş qayda-qanunlarına toxunmağa, orfoqrafiya və orfoepiyasına, hərf tərkibinə əl gəzdirməyə cəhdlər edurik?! Yaxşı ki, bu dilə yiyə çıxanlar, onu qoruyanlar, xalqın mənafeyini öz mənafeyindən üstün tutanlar hələ ki var!

Söz vaxtına çəkər, deyiblər. Keçən il təxminən bu vaxtlar olardı. Hər yerdə – ictimaiyyət arasında, “Feysbuk” social şəbəkəsində orfoqrafiya layihəsi barədə ciddi müzakirəlır gedirdi. Bu dəyikliklər guya dilin orfoqrafiyasını sadələşdirmək adı altında aparılırdı. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin əksəriyyəti orfoqrafiyada aparılacaq dəyişikliklərin, xüsusilə 37-ci və 69-cu maddələrdə nəzərdə tutulan dəyişikliklərə öz etirazlarını bildirdilər.

Bəzilırinin istehzasına baxmayaraq, dili ən çox qoruyan və sevdirən elə orta məktəb müəllimləridir. Nəinki bəzi  “professor” və ya “akademiklər”.

Təxminən keçən il bu vaxt çox həyəcanla gözlədiyimiz qərar bizi nə qədər sevindirdisə, bu sevincimizin üzərinə həmin yığıncaqda orta məktəb müəllimlərinə aşağılayıcı münasibət kölgə sala bilmədi. O iclasda orfoqrafiyanın bəzi  maddələrinə etiraz edənlərin müraciətini dəstəkləyənlərin əksəriyyətinin orta məktəb müəllimi olması sanki pis bir hal kimi vurğulanmışdı. Amma hörmətli akademik Rafael Hüseynovun tutarlı cavabı oldu elələrinə…  69-cu maddəyə dəyişikliklərin edilməsinin sevinci əsl dil qoruyucularının sevinc göz yaşlarını axıtmasına səbəb oldu. 

Sizləri biz yetişdirmişik, əldə qələm tutmağı, ana dilimizdə öz fikrinizi aydın və səlis ifadə etməyi sizə biz öyrətmişik, hörmətli bizi bəyənməyənlər. Dilimizdə 9 sait səsin olmasını, onların 9 hərflə ifadə olunmasını və bu musiqili səslərin ecazkarlığı ilə sizi biz tanış etmişik. Dilimizə, onun qayda-qanunlarına hörmətlə yanaşmağı öyrətməyə çalışmışıq. Daha əsrlərdən süzülüb cilalana-cilalana gələn dilimizə divan tutmağa yox, hərflərimizi ixtisara salmağa yox! Ən təmənnasız sevgi, dilə qayğı, onun qorunmasını şəxsi mənafeyimizdən üstün tutmaq taleyi də bizim alnımıza yazılıb.

Dilimizdə, orfoqrafiyamızda həftə səkkiz – mən doqquz aparılan dəyişikliklərin ağrı-acısını da çəkən yenə elə bizik. A Bakıxanov “Təkzübül -əxlaq”da yazır: “Uşaqlıqda öyrənilən bilik daş üzərinə, sonradan öyrənilən isə qum üzərinə yazılmış yazıya bənzər”. Sizə adi gələ bilər, bəlkə də, bir ildə bir sözün yazılışının 1 il metafora, o biri il metafor, o biri il yenə metafora yazılması. Amma bir şagirdə bu il metafor yazmağı öyrətmək, onu növbəti il tərgitməkdən qat-qat çətindir. Öyrətdiyimiz şagirdin beyninə daş üzərinə yazılmış kimi qeyd olunur. Sonra nə qədər desən də, onu oradan silmək olmur.

2013-cü ildə nəşr olunan orfoqrafiya lüğətindən sonra tələm-tələsik dərsliklərdə edilən dəyişikliklər nəticəsində 3-cü sinifdə “fel”, “kompyuter”sözlərini öyrənmiş şagird 4-cü sinifdə “feil”lə, “kompüter”lə, 5-ci sinifdə yenidən “fel” və“kompyuter”lə qarşılaşdı. Çünki dərsliklər 4 ildən bir nəşr olunur. Lüğətdə lüzumsuz yerə aparılan dəyişikliklərin ağrı-acısını çəkən biz müəllimlər oluruq. Uşağa yeni tətbiq olunan qaydanı öyrədirsən, onu sənə deyir, dəyişikliyi qeyd edir, amma baxırsan ki, əli mexaniki olaraq öncəki illərdə o sözü necə yazıbsa, eləcə də yazır. Şagirdə heç nə öyrətməmək nəyi isə səhv öyrətməkdən qat-qat yaxşısdır. Çünki öyrənmək aşılanmış, vərdiş halın almış öyrəndiyini tərgitməkdən asandır.

Məsələyə sadəcə qoşa “y”-nin biri ilə əvəzlənməsi kimi adi bir hadisə kimi baxmaq gülünc olardı. Qoşa “y”-nin biri ilə əvəzlənməsi dildə yanlışlıqlara, klassik ədəbiyyatın kobudcasına korlanmasına, mənanın itməsinə, şeirdə ahəngin, ritmin, təfilənin pozulmasına səbəb olardı.

Dilə də torpaq kimi, ana kimi, vətən kimi həssaslıqla yanaşmaq, ona təcavüz olunmasına, onda kobudcasına dəyişikliklər edilməsinə yol vermək yox, ona sahib çıxmaq, qorumaq lazımdır. Sonda orta məktəb müəllimlərini bəyənməyənlərə üz tutub fikrimi tutub Nəriman Qasımoğlunun sözləri ilə çatdırmaq istəyirəm :
” …akademiklərdən, professorlardan ki, “xalqa yaxınlaşmaq” bəhanəsi ilə dilimizi özlərinin məişət dilinə, doğulub boya-başa çatdığı bölgələrin ləhcələrinə endirmək üçün dəridən-qabıqdan çıxırlar. Və məsələnin əsl faciəvi tərəfi də budur ki, məqsəd son yüz ildə nəhəng zəhmətlər bahasına elitar bir səviyyəyə gəlib çatmış ədəbi dilimizi əyalətçilik dibinə endirmək və bu tənəzzülü sadəcə rəsmiləşdirmək, bir sözlə, bu milli-mənəvi sərvətimizi yağmalamaqdır. Qarşısı hökmən alınmalıdır!!!”