- Köşə

Əvvəl sözə baxıram…

Gülyaz ƏLİYEVA

Bir müdrikin dediyinə görə, deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar. Bu baxımdan Əli ə. da dediyi kimi, hər bir insan öz dilinin altında gizlənmiş olur, ağzını açanda kim olduğu bəlli olur. Odur ki, Sokrat da: “Danış ki, səni görüm”, – söyləyirdi. Vasif Sadıqlının da söz haqqında belə bir statusu vardı: ” Əvvəl sözə baxıram , sonra onu deyən adama baxıram …”

Doğrudan da, söz quymətlidir, əgər onu söyləyən adam da sözün qədrin biləndirsə, sözə dəyər verəndirsə, söz, yalandan deyil, həqiqətdən yoğrulubsa, o zaman söz ikiqat qiymətli olur. Sözü qiymətə mindirən  onu söyləyən adamlardır. Deyir, söz var özü böyükdür, söz də var onu söyləyən adam böyüdər. Nizami Gəncəvi demişkən, doğrunu danışan sözü də qiymətə mindirər, özünü də …

Bu baxımdan, öncə, təmsil etdikləri sahələrin gözəl biiciləri olan,  elə-belə söz söyləməyən, həm sözə qiymət verən, həm də dedikləri sözü qiymətə mindirən dəyərli insanların: professor Aida Qasımovanın,  ilahiyyatçı Nəriman Qasımoğlunun,
Qars Univeritetinin dosenti Afina Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru, dosent,  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Könül Hacıyevanın,   AMEA Ədəbiyyat  İnstitutunun aparıcı elmı işçisi, fəlsəfə doktoru, dosent Pərvanə Məmmədlinin, professor Fəxrəddin Veysəllinin,  professor Tərlan Quliyevin, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aybəniz Rəhimovanın, AMEA müxbir üzvü Könül Bünyadzadənin, profesdor Qulu Məhərrəmlinin, hüquqşünas Yeganə Məmmədovanın, ADPU-nun müəllimi, elmi işçi Aynurə Əliyevanın (sıralamanı təbrik yazma tarixlərinə görə apardım) söylədikləri sözə baxır,  qürur duyur, sonra
FADMM -i 1 yaşı münasibətilə təbrik etdiklərinə və FADMM-ə  dəyər verdiklərinə  görə FADMM rəhbəri
və üzvləri adından təşəkkürümüzü bildirir, sonra fəxarətlə onların yazdıqları təbriklərdən bir parçanı,  söylədikləri sözlərin bir hissəsini  sizinlə təkrarən bölüşmək istəyirik. Əlbəttə, çəkilən zəhmətə verilən qiymət insanı daha da ruhlandırır və əziyyətini unutdurur. Bu baxımdan FADMM haqda dəyərli insanların  söylədikləri fikirlər hər birimiz üçün qiymətli və ruhlandırıcı, həmçinin məsuliyyətartırıcı fikirlərdir. Bundan sonrakı fəaliyyətimizdə də bu etimadı doğrultmağa və qoruyub-saxlamağa çalışacağıq.

Bizi ilk təbrik edən professorlar
Aida Qasımova və Nəriman Qasımoğlu oldu.
Prufessor Aida Qasımova:

“FADMM-nin fəaliyyəti göstərdi ki, “balıq heç də başdan iylənmirmiş”. Sən demə, bəzi ciddi məsələlər düzələn imiş. Sadəcə, özündən bədgüman bəzi şəxslərə müqavimət göstərmək, daha doğrusu, belə bir müqaviməti təşkil edib öndə getmək lazım imiş. Nəticədə, dilimiz eybəcərləşmək təhlükəsindən qurtuldu, qoşa “y”-lar yerində möhkəm dayandı. Şəhərimizin yaddilli reklamlardan qurtulması da bütün ciddiyyəti ilə gündəmdə yer aldı. Bu işdə xidməti olan hər bir kəsi, xüsusilə Vasif Sadıqlını FADMM kimi tanınan qurumun yubileyi münasibəti ilə təbrik edirəm. Qurumun qarşıda daha böyük qələbələr qazanacağına şübhəm yoxdur.”

Qars Univeritetinin, dosenti, Afina Məmmədlinin  fikrincə:

“Ziyalı insanlar bir yerdə olanda günəş kimi parlayırlar..
…Vətəni qorumaq həm də tarixi və dili qorumaqdan keçər…Əsgər silahla, vətənpərvər ziyalı isə qələmiylə vətəni üçün mücadilə edər.
Bu bir həqiqətdir ki, çoxumuz dil ilə bağlı xoşagəlməz hallarla qarşılaşanda heyfsilənib köks ötürməklə kifayətlənirik. Amma FADMM bu kimi hallarla mübarizə aparmağa qərar verdi. FADMM sədri Vasif Sadıqlı və içraçı direktor Gülyaz Əliyevanın sosial mediyada elan etdikləri səfərbərlik öz bəhrəsini verdi. FADMM sosial mediyada bir anda necə parladısa, çox sayda ziyalı avtomatik şəkildə fikir və düşünlərinin tərcümanı olaraq gördükləri bu təşkilatın işığına toplaşdı”

Filologiya üzrə fəlsəfə doktoru, dosent aparıcı elmi işçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Könül Hacıyeva:
“Dil, eləcə də milli hesab olunan digər maddi, mənəvi dəyərlər haqqında çox fikirlər, aforizmlər deyilib. Ancaq yerli-yersiz yad dilə, yad təsirlərə meyl etmək məsələsi ortaya çıxanda qeyri-ixtiyari olaraq yapon yazıçısı R. Akutaqavanın əsərlərindən birində söylənən bu fikri xatırlayıram: “Siz avropalı kimi geyinib özünüzü avropalı hiss edirsiniz. Lakin bir avropalı üçün siz, sadəcə, öz dəyərlərinə tüpürmüş yaponsunuz”. Məncə, hər şey aydındır. Bəli, öz milli dəyərlərini görməzdən gəlmək ən azı özünə qarşı hörmətsizlikdir. Bir ölkədə dövlət dilinin sıxışdırılması, ədəbi dil normalarının pozulması, həm də bunun başqaları tərəfindən deyil, həmin ölkənin vətəndaşı sayılan fərdlər tərəfindən edilməsi anlaşılmazdır. Bu hallara yol verib şərait yaradanlar milli dəyər və dövlət simvolu sayılan ədəbi dili ikinci dərəcəli hesab etməyin, heç bir əsas və zərurət olmadan əcnəbi dilləri “yuxarı başa” çıxarmağın, ədəbi dil normalarına məhəl qoymamağın bizə, yəni, xalqımıza və dövlətimizə başucalığı gətirmədiyini anlamırlarmı?! Xoşbəxtlikdən, ədəbi dilimizlə bağlı mövcud gedişatın yaxşı sonluqla nəticələnməyəcəyini anlayan, vəziyyətin ciddiliyini dərk edib dövlət dilimizə qarşı yönələn bu hücumu dəf etməyə hazır olan, ziyalı fədailər var.

FADMM – “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”… Bu abreviaturanı rahatlıqla Fədakar Azərbaycanlıların Dilə Mehrü Məhəbbəti, Füsunkar Ana Dilimizin Müdafiə və  Mühafizəsi kimi də izah etmək olar. Belə ki, bu mərkəz qısa müddətdə, yəni bir il ərzində böyük məhəbbətlə, fədakarlıqla, əzm və qətiyyətlə çalışaraq ciddi və genişmiqyaslı işlər görmüşdür. FADMM Azərbaycan ədəbi dilinin ləyaqətli daşıyıcıları, təmmənnasız təəssübkeşləri sayəsində yaradılmışdır. Məhz bu səbəbdəndir ki, mərkəz öz ətrafına dərin biliyi, zəngin mütaliəsi, geniş dünyagörüşü, ən əsası isə, böyük və sarsılmaz dil sevgisi olan vətənpərvər ziyalıları toplayıb. Mərkəzin yaranma zərurəti də öncədən bir-birini tanımayan, lakin ortaq bir qayəni rəhbər tutaraq rəsmi dövlət dilimizin təmizliyinin, toxunulmazlığının keşiyində dayanan, bütün qəlbi, ruhu, zehni ilə bu dilə gələn yad təsirləri və ögey münasibətləri dəf etməyə çalışan dil fədailərinin uzunmüddətli müşahidə və təhlillərindən irəli gəlmişdi.

Onları vahid bir amal birləşdirirdi – Azərbaycan ədəbi dilini işğaldan qorumaq! Ölkəmizi, ən başlıcası isə Bakımızı əcnəbi dillərin yəğmalayıcı hücumlarından qurtarmaq! Bu həyatyüklü qayənin təşəbbüskarı öz obyektivliyi, əzmkarlığı, dil və ədəbiyyat sahəsindəki dərin bilgisi ilə seçilən, olduqca maraqlı paylaşımları ilə ziyalılarımızı dilimizə və ədəbiyyatımıza hər dəfə yeni, fərqli aspektdən yanaşmağa səsləyən, araşdırıcı, təhlil edici, öyrədici fəaliyyəti ilə filologiyada diqqətdən yayınmış bir çox məqamları önə çıxaran Vasif Sadıqlı, dil və ədəbiyyatımızı sonsuz məhəbbətlə, bir Vətən təəssübkeşliyi ilə sevərək gənc nəslə tədris edən, Azərbaycan dilinin qayda və qanunlarını elmin beşiyindəcə, “çeşməsindən” Vətən övladlarının zehninə yeridən, ruhuna hopduran, səbrli, təmkinli izahları, əsl ziyalı xanıma məxsus mövqeyi, maarifləndirici fikir və şərhləri, tədqiqatçı-jurnalist kimi etdiyi araşdırmaları, qələmə aldığı məlumatlandırıcı yazıları ilə rəğbət qazanmış dəyərli Gülyaz müəllimə, müasir Azərbaycan şərqşünaslığının sütunlarından saya biləcəyimiz, yurdsevər, millətpərvər alim, ədəbi dilimizlə bağlı qiymətli fikirlərindən, məntiqi qənaətlərindən faydalandığımız, dili qorumağın ən gözəl örnəyini öz fəaliyyəti ilə şəxsi timsalında nümayiş etdirən Nəriman Qasımoğlu, orta təhsilini rus dilində almasına baxmayaraq ədəbi dilimizi layiqincə sevən, ana dilində düşünən, yazıb-yaradan beş illik tələbə yoldaşım, savadına, alimliyinə hörmət etdiyim, “qadın filosof yoxdur” deyimini çoxşaxəli elmi fəaliyyəti ilə alt-üst edən Könül Bünyadzadə və neçə-neçə aydın insanlar oldular.

Mərkəzin ətrafına bir millət olaraq mövcudluğumuzun göstəricisi olan ana dilimizi qiymətləndirən, ədəbi dilimizə qayğı ilə yanaşan əsl ziyalıları topladılar. Birlikdə ədəbi dil normalarımızın müdafiəsi üçün həyəcan təbili çaldılar. İctimai yerlərdə göz görə-görə dövlət dilimizin təhrifinə, radio və televiziyada, internet səhifələrində, xəbər saytlarında ədəbi dil normalarına riayət olunmamasına, reklam səciyyəli lövhələrdə, elan başlıqlarında yad dillərdə olan yazıların üstünlük təşkil etməsinə, dil qaydalarının görməzdən gəlinməsinə edilən bu etiraz dalğası müvafiq instansiyalara rəsmi müraciətlərlə müşayiət olundu. BŞİH-dən, Milli Məclisdən gələn cavab reaksiyalar, aidiyyəti idarələrin qaldırılan məsələni diqqət mərkəzində saxlaması, dövlət başçımızın xalqımızın varlığının, dövlətimizin simvolu olan dilin hazırki işlənmə vəziyyəti ilə ciddi şəkildə maraqlanması, məsələnin tam olaraq nəzarət altına götürüldüyündən xəbər verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Artıq dövlət dilinin elə dövlət səviyyəsindəcə arzuolunmaz təsirlərdən, sıxışdırmalardan, təhriflərdən qorunmasını təmin edəcək, dilimizin mükəmməl və səlis şəkildə işləkliyinə nəzarəti ələ alacaq bir qurumun mövcudluğu böyük ümidlər doğurur.”

AMEA aparıcı elmi işçisi, filologiya elmlər doktoru, dosent Pərvanə Məmmədli:
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM az  bir  zamanda  çox işlər gördü. Bir  il  ərzində böyük  bir  Qurumun, İnstitutun görə biləcəyi   işlərin  öhdəsindən  ustalıqla gələ bildi. Təmənnasız, fədakarcasına, ürəyiyananlıqla. Torpağımızın  işğalda  olan günlərində yaransa  da,  dilimizin  də ölkəmizdə işğal olunmasına qarşı  fədakarlıqla döyüşdü.

Dil və  onun qanunları hökmdarlardan belə  üstün  olub . Tarixdə  belə  bir  fakt  var  ki, Roma hökmdarı Siğizmund yığıncaqlarndan birində bir latın sözünü səhv işlətdiyini anlayır. Və ətrafındakılara müraciətlə bu səhvə münasibətlərini bildirməyi tələb edir. Alimlərdən biri deyir ki, hökmdar səhv edə bilməz, qoy bundan sonra bütün romalılar da elə işlətsin. Başqa  bir məclis üzvü etiraz edib belə  deyir : yox, böyük hökmdar. Siz yalnız roma vətəndaşlarının hüququnu əlindən ala bilərsiniz. Sözlərə gücünüz çatmaz!
…Heydər Əliyev vaxtilə yazırdı  ki,hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bildirirdi  ki, öz ana dilini bilməyənlər şikəst adamlardır.

Dədə Qorqud deyirdi ki,ata  adını, ana dilini  yaşatmayan oğulun olmağından olmamağı yaxşıdır. Dil biganəlik və xəyanət sevmir. Dilin ən ali qanunu nəsillər arasında ünsiyyət əlaqəsi yaratmaqdan ibarətdir.Çox  təəssf  ki, çağdaş  dövrümzdə öz dilini bilməyən,ona biganə olan nankor insanlarımız da az  deyil.

Ötən  əsrlərdə  dilin  qorunması, saflığı, işlənməsi  yolunda mücadilə  aparan Salman Mümtaz, Mirzə Cəlil, Üzeyir bəy, Bəkir  Çobanzadənin  gördüyü işi sonralar  Mirzə  İbrahimov Bəxtiyar  Vahabzadə və Tofiq  Hacıyev kimi aydınlarımız davam etdirdi. Bu qutsal  yolu  tutub  sıralarını  genişləndirdi. Az  bir  müddətdə  yaranmış FADMM –in  dilimizin saflığı və  qorunması sahəsində göstərdiyi təşəbbüslərdən sonra mətbuat orqanlarında ziyalıların dilin  müdafiəsinə  qalxan  çıxışları  ictimai  rəyin, qınağın  Azərbaycanda  da keçərli olduğuna inam yaratdı ,bunu əməldə doğrultdu.

Reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, Dövlət dili haqqında  qanuna riayət edilməsi tələbləri ilə  bağlı çıxışlar, təşəbbüslər AMEA-da, Bakı Şəhər İcra Hakimiyyəti kimi  dövlət orqanlarında müzakirələrə səbəb oldu.”

AMEA aparıcı elmi işçisi  Aybəniz Rəhimova:
” FADMM ictimai qurumunun könüllü ziyalılar qrupu həqiqət bayrağına bürünərək heç bir təmənna güdmədən, ana dilimizin saflığı uğrunda sözün əsl mənasında mübarizəyə qalxırlar. Vətənpərvər  ziyalımız, mübariz xarakterli Vasif Sadiqlinin təşəbbüsü, şəxsi təşkilatçılığı və gərgin əməyi hesabına, soyuq, isti bilmədən  Bakının küçə və prospektlərində monitorinqlər  keçirilir, əcnəbi dildən istifadə edən bir sıra obyekt və müəsissələr, reklam və idarə adları nəzarətə götürülür və ədəbi dil pozuntularına qarşı  mühüm addımlar atılır. Bu addımlar bir çağırış, əks-səda idi ki, tez bir zamanda FADMM-nin çırağına elmimizin pərvanələri məmnunluqla toplanır.”
Professor Fəxrəddin Veysəlli:
“… FADMM öz işini tənqid üzərində qurarsa, o zaman söylənilən fikir və mülahizələrə vaxtında reaksiya veriləcəyinə əminəm. FADMM öz işini elə qurmalıdır ki, onun hər bir sözü yetərli, obyektiv və qərəzsiz olmalıdır”

Professor Tərlan Quliyev:
“Dövlətimizlə bərabər ziyalıların da bu dilin keşiyində durması, onun saflığını qoruması qürurvericidir və gözəl təşəbbüsdür. FADMM-in yaranması isə bu sahədə gözəl addımlardan biridir. Belə ki yarandığı bu bir il ərzində bu ictimai birliyin fəaliyyəti həmişə gözümüzun önündə olub və biz bu fəaliyyəti daim izləmişik. Bu qurumun sədri və bu qurumun tərkibində olan ziyalılar həmişə qaldırdıqları və həll etməyə çalışdıqları problemlərlə daima ictimayyətin diqqət mərkəzindədir.Ötən bir il ərzində dilimizin saflığının qorunması, dil haqqında qanunlara əməl edilməsi, xüsusilə Bakımızın küçə və prospektlərində ana dilindən dövlət qanunlarına uyğun istifadə edilməsi sahəsində manitorinqlər keçirmiş, mücadilə etmişlər. Bu sahədə müxtəlif istiqamətlərdə işlər görmüş FADMM-in faəliyyəti ziyalılarımız tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.  Mən bir ziyalı olaraq onların bir il ərzindəki fəaliyyətini yüksək qiymətləndirir, onlara uğurlar arzu edirəm.”

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə:
“…Mən FADMM-nın əməllərini özündən əvvəl tanımışam. Azərbaycan dilinin təmizliyi, kökünə bağlılığı uğrunda aparılan mübarizənin pərakəndə olduğunu düşündüyüm bir vaxtda öyrəndim ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi var və görülən əksər işlər onun əsas qayəsi imiş.
İstənilən tanışlıq zamanı məni düşündürən ilk şey bu olur: “Bu tanışlıq mənim kimliyimə nə əlavə etdi?! Mənə hansı həqiqəti açdı?” Təbii ki, bu yeni “tanışımla” da eyni şeyi düşündüm. Mən hər zaman dil haqqında ümumi və fəlsəfi aspektdən düşünmüşəm. FADMM dilin ayrı-ayrı detallarına işıq salmağı bacardı. Cübranın “Ərəb dilinin gələcəyi” haqqında məqaləsində yazır ki, “həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kəfənini toxuyanı və qəbrini qazandır”. Daha sonra isə mütəfəkkir təqlidçilərin öz “ideyaları­nın pal­tar­larını özündən əvvəlkilərin paltarlarından qopartdığı cı­rıq­lardan tikdiyini” bildirir. FADMM hər kəsin diqqətini məhz ona yönəltdi ki, bugünkü Bakı “başqalarının paltarlarından qoparılmış cırıqlardan özünə bir libas tikib və bu əcaib görkəmi ilə fəxr edir. FADMM məşhur nağılda “kral çılpaqdır” qışqıran uşağa oxşayır bu mənada.
Cubran onu da deyir ki, “Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır”. FADMM göstərdi ki, dil bütün millətin xəzinəsidirsə, deməli, onu qorumaq, onun düzgün “sərfiyyatı” da millətin işi olmalıdır.
Yəqin buna görədir ki, məndə elə təəssürat formalaşıb ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi sıradan bir qeyri-hökümət təşkilatdan daha çox, dilini sevən vətəndaşların bir yerə toplaşdığı mərkəzdir. Bu səbəbdən o təşkilata üzv olmadan da doğmalaşmaq, eyni qayə naminə birləşmək mümkündür. Bəli, həqiqətən də, dil yalnız dilçilərin işi deyil və FADMM ətrafına yığdığı zilayılarla bunu sübut edir”.

Professor Qulu Məhərrəmli:
“Ana dilinə qayğı hamının borcudur,  FADMM isə ictimai birlik kimi bunu özünün birbaşa missiyası hesab edir.
Yaranmasının bir ili tamam olan “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) bizim görüb-tanıdığımız adi ictimai birliklərdən deyil. Yəni hüquqi statusuna görə yox, məzmun və mahiyyətinə, ictimai missiyasına, milli düşüncəyə xidmətinə görə fərqli bir qurumdur. Fərqliliyi də odur ki, bu mərkəz sosial sifariş kimi zamanın tələbindən, cəmiyyətin və dil daşıyıcılarının  istəyindən, ana dilinin özünün həyəcanlı çağırışlarından doğmuşdur. Elə bu səbəbdən də bir az poetik dillə desək,  təbiətin oyanış ayı olan martda uzun incə bir yola çıxmış FADMM fəaliyyət göstərdiyi qısa müddətdə cəmiyyətin müxtəlif qatlarında, ilk növbədə isə tədris ocaqlarında, elmi-tədqiqat müəssisələrində, alimlər və müəllimlər arasında ciddi populyarlıq qazandı. Ona görə ki, bu qurum tez bir zamanda xalqın ruhunun ifadəsi olan ana dilinin təəssübkeşinə çevrildi, dilin təmizliyi, onun düzgün işlədilməsi, dil normalarının qorunması məsələsini gündəmə çıxartdı, sayı getdikcə çoxalan əcnəbi yazılara etiraz etdi, küçə reklam və elanları sahəsində qayda yaratmaqla bağlı ardıcıl addımlar atdı.”

Hüquqşünas Yeganə Məmmədova:
“Ana dilinə ögey münasibət bəslənilən bu zamanda dilinə sevgiylə yanaşıb, onun qeydinə qalan könüllü insanları alqışlamaqla yanaşı, onlara həm də dəstək olmaq lazımdır. Azərbaycan dilini onu sevənlər yaşadacaqlar. Dil millətimizindir, onu korlamağa heç kəsin haqqı yoxdur. FADMM-ın gördüyü işlərin, araşdırdıqları sahələrin haqqında dərc edilən yazıları oxuduqca adamda ümid hissi güclənir. Əmin oluruq ki, layiqli vətəndaşlar çoxdur, onlar Vətənlərini, ana dillərini qoruyub nəsildən-nəsilə ötürəcəklər.”

ADPU-nun müəllimi, elmi işçi Aynurə Əliyeva:
Filoloji Araşdırma və Dil Monitorinq Mərkəzinin yaranması, dil fədailərinin bir mərkəz ətrafında sıx birləşdiyi tarixdir.
Bu 1 il ərzində Ana dilinin milli varlığını və ruhunu qorumaq Mərkəzin hər bir üzvü üçün şərəfli vəzifə olmuşdur. Onlar dilin əcnəbi sözlərlə yersiz şəkildə yüklənməsinə qarşı çıxır, dilin işləkliyinin qayğısına qalırlar.
Müasir dövrdə dünyaya inteqrasiya saatbasaat artığı bir zamanda dilimizə külli miqdarda süni surətdə əcnəbi sözlər gətirilir, bilərəkdənmi, bilməyərəkdənmi həmin sözlər şəhərin küçə və prospektlərindəki reklam lövhələrini “bəzəyir”. Əlbəttə ki, bu məsələ hər bir ziyalıda, qəlbində dil sevgisi olan hər bir vətəndaşımızda narahatlıq yaradır. Lakin bu məsələni təkbaşına həll etmək mümkün deyil. Ona görə də baş verən  prosesə etiraz etmək, bu mənfi hala qarşı gücləri birləşdirərək mübarizəyə qalxmağı bir ictimai qurum kimi FADMM öz üzərinə götürdü. Mərkəzin dil sevdalı əməkdaşları Ana dilimizin saflığının qorunmasında “müsəlləh əsgər”ə çevrildilər.”

Əslində FADMM -ə hamıdan əvvəl  təbrik yazanlardan biri də ilahiyyatı Nəriman Qasımoğlu olmuşdur. Amma mən onun sözlərini deyilən fikirlərə yekun olaraq sonda vermək istədim:

“Hansısa qeyri-hökumət təşkilatını bircə illik fəaıiyyəti dövründə həyata keçirdiyi işlərin miqyasına görə dəyərləndirməli olanda ən yaxşı halda adətən 1-2 layihədən, özü də maliyyələşən layihədən söz salırlar.

Bu mənada Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM çoxsaylı qeyri-hökumət təşkilatları içində istisnadır. Özü də hər mənada:
• 1 il ərzində maliyyə qrantlarından istifadə etmədən çalışdı;
▪︎1 ildə gördüyü işlər FADMM-i ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual mərkəzə çevrilə bildi.
• 1 illik fəaliyyəti nəticəsiz qalmadı, Azərbaycan dilinin dövlət dili statusuna uyğun işləkliyinin təmin olunmasında ölkə ziyalılarının səylərini birləşdirdi, onları mətbuat orqanlarında çıxışlara sövq etdi və, nəhayət, göstərdiyi təşəbbüslər dövlət orqanlarında (AMEA-da, Bakı Şəhər İcra Hakimiyyətində) müzakirələrə səbəb oldu.
• 1 il boyunca reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, “Dövlət dili haqqında” qanuna riayət edilməsi tələbləri səpkisində apardığı yorulmaz mübarizə qardaş Türkiyədə də əks-səda yaratdı, orada da müvafiq qanunun qəbuluna təkan verdi.

Son olaraq qeyd edim ki, FADMM bir yaşına qədərki fəaliyyəti ilə millətə təmənnasız xidmətin əvəzsiz nümunəsini sərgilədi. Bundan gözəl nə ola bilər?

FADMM-ə uğurlar arzulamaqla bu istəyimi də, yeri gəlmişkən, ifadə edim ki, müvafiq sahədə dövlət dəstəyi ilə fəaliyyət göstərənlər ondan ibrət götürsünlər. Səlahiyyətli şəxslər isə bu fəaliyyəti dəyərləndirsinlər. Maddi mənada demirəm, sadəcə FADMM-in qaldırdığı təşəbbüsləri həyata keçirsinlər, üzərinə götürdüyü ağır yükdən onu azad etsinlər, vəssəlam”.