Əlirza BALAYEV
… Не надо отгадывать, тратя нервы и время, кто есть кто, тем более что тут можно задействовать все буквы латиницы и кириллицы, даже Ъ и запретный в Баку – власти почему-то невзлюбили – апостроф.
Чингиз Гусейнов (Минувшее – навстречу. Москва: Издательство “Флинта”, 2009, с. 71).
…Apostrofunu itirib,
Şəriətdən şərə çevrilən
“şər” sözü.
Nijad Mikailzadə (“Həyat lövhələri” şeirindən)
“Apostrof” sözünü qədim yunanca sərlövhəyə çıxarmağım təsadüfi deyil. Apostrofun qədimdən əksər dillərdə mövcud olduğunu və onu Azərbaycan dilində ləğv edənlərin düşündüyü kimi ümumiyyətlə fəsad, yaxud Azərbaycan dili üçün fəsad olmadığını nəzərə çatdırmaqdır. Fəsad apostrofun ləğv edilməsindədir.
Türk, ingilis, irland, fransız, alman, italyan, niderland, makedon, fin və s. dillərdə apostrof işlənir. Hətta, Çin dilində apostrof ieroqlifi var. Beynəlmiləl dil olan Esperantoda da apostrof saxlanılmışdır.
Orfoqrafiyasında apostrofu olmayan bir sıra dillərdə isə, o cümlədən rus dilində apostroflu alınma sözlər – şəxs adları, yer adları, əsər adları və s. apostrofla yazılır. Rus dilində bu, zəruri qaydadır (şəxs adları: ал-Ма`арри, Абд ал-Ваххаб аш Ша`рани, Раби`а ал-`Агабийа, Жанна д`Арк, д`Артаньян, О`Коннор, O`Генри və s.; ölkə və yer adları: Кот д`Ивуар, Кот-д`Ор, Кот-д`Армор, Л`Умо, Л`Алькерия-д`Аснар; kilsə və saray adları: Чель д`Оро, Ка`да Мосто, Ка`Дарио, Ка` д`Оро və s; əsər adları: Хака`ук ат Тафсир, Ухуа` `улум аддин, terminlər: сам`а, у`раб və s. ). Azərbaycan dilində apostrofa birmənalı yanaşma düzgün olmaz. Müasir Azərbaycan dilində apostrof ilə dini ədəbiyyat və klassik Azərbaycan ədəbiyyatında apostrof ayrı-ayrı məsələlərdir. Ona görə ki, klassik ədəbiyyat elə apostrofla çap olunanda belə anlaşılması mürəkkəb idi. Professor Qorxmaz Quliyev haqlı olaraq yazır ki, “Geniş oxucu kütlələri tərəfindən başa düşülmək mənasında Füzuli heç vaxt xalq şairi olmayacaq, sayılıb-seçilmiş sərraflar vasitəsi ilə xalqla ünsiyyətə girəcək.” (Qorxmaz Quliyev. Xüsusidən ümumiyə. Məqalələr toplusu. Bakı: “Elm və təhsil”, 2016, s. 218).
Apostrof ləğv olunmazdan əvvəlki Azərbaycan dilinin orfoqrafiya lüğətlərində apostrofla yazılmış 230-dək söz var. Həmin sözlər (sənət, yəni. etiraf, məna, etiqad, sənət və s.) artıq 15 ildən çoxdur ki, apostrofsuz yazılır və heç bir problem doğurmur.
Dini ədəbiyyatda, əsasən Qur´an və təfsirlərində, klassik Azərbaycan ədəbiyyatında, yəni Həsənoğludan başlayaraq Hüseyn Cavidlə bitən dövr ərzindəki (böyük şair Əliağa Vahid qəzəllərini əsasən aydin dildə yazmış, çətin anlaşılan ərəb-fars sözlərindən və izafətlərdən az istifadə etmişdir) ədəbi irsimizdə apostrofdan imtina etmək isə, aşağıda görəcəyimiz kimi, fəsad ardınca fəsad törədir. Həmçinin, apostroflu əcnəbi adların apostrofsuz yazılması ilə də xəta törənir.
1. Əvvəlcə, apostrof ləğv olunandan sonrakı çap mənzərəsinə nəzər salaq.
– Müqəddəs kitabımız Qur´an (təəssüflə qeyd edirəm ki, bəzi azərbaycanlı müəlliflər mətbuatda artıq müqəddəs kitabımızı Qur`an, Qur`ani-kərim, Qur`ani-şərif deyil, “islamın sakral kitabı” adlandırmağa başlayıblar; “sakral içki” ifadəsi ilə yanaşı) həm apostrofla, həm də apostrofsuz çap olunub. Misal üçün, Mir Yəhya Yusiflinin tərcüməsində Qur´an apostrofsuz çap edilib – dini istilahla buna küfr demək olar. (Redakrorlar: filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, ilahiyyat və ərəb dili müəllimi Əbdürrəhim Sadıqov. Bakı: “Elm və təhsil”, 2015). Qur`an təfsirləri, bir qayda olaraq, apostrofsuzdur. Misal üçün, “Təfsir elmi”. (Hazırlayanlar: Ramiz Məmmədov, Abdurrahman Nuri. Ədəbi redaktor Anar Qurbanov. Bakı: “İpək yolu”, 2016). Dini mövzuda olan, Qur´andan çoxlu iqtibaslar verilən yüzlərlə kitab və məqalə apostrofsuz çıxmışdır.
Klassik ədəbiyyatın çapında da həm apostoflu, həm də apostrofsuz nəşrlər vardır. Bunları qruplara ayırmaq olar:
– Əvvəlki apostroflu nəşrlərin təkrar – faksimile nəşri, yəni apostrofla nəşr: Kişvəri. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2004; Məhəmməd Hadi. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, 2005; Cahanşah Həqiqi. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”. 2006; İmadəddin Nəsimi. Seçilmiş əsərləri. 2 cilddə. Bakı: “Şərq-Qərb”, 2013; Məhəmməd Füzuli. Seçilmiş əsərləri. 3 cilddə. Bakı: “Şərq-Qərb”, 2013 və s.
– Apostrofsuz nəşrlər: Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. 2 cilddə. Baş redaktor Samirə Bektaşi. Bakı: “Şərq-Qərb”, 2013; Xurşidbanu Natəvan. Neçin gəlməz. Tərtib edəni Mustafa Çəmənli, elmi redaktoru və ön sözün müəllifi Paşa Əlioğlu. Bakı: “Təhsil”, 2012; Hüseyn Cavid. Əsərləri. 3 cilddə. Baş redaktor Kamal Abdulla, redaktor Əlirza Balayev. Bakı: Azərbaycan Mədəniyyət Fondu, 2003 və s.
– Apostrofla çap olunmuş orijinal əsərlər: Şahin Fazil. Divan. Bakı: “Elm və təhsil”, 2014; Kərbəlayi Muxtar Bisəvad. Əsərlər. Toplayıb nəşrə hazırlayayan və ön söz müəllifi Sona Xəyal, redaktor Seyyid Məcid Əsri. Bakı: AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2017 və s.
– Bir əsər daxilində apostrof tələb edən sözlərin bir qisminin apostrofla, digərlərinin apostrofsuz verilməsinə aid nümunələr də vardır. Misal üçün, Seyid Yəhya əş-Şirvani əl-Bakuvinin “Şəfa əl-Əsrar” əsərində (Bakı: “Elm”, 2013) olduğu kimi. Kitabda mə`dəil-ulum, mə`dənit-təriqə və s. sözlər apostrofla verildiyi halda, apostrofa ehtiyacı olan digər sözlər apostrofsuz verilmişdir: Quran, Kəbə, mənən və s.
“Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti”nin (Bakı: “ŞƏRQ-QƏRB”, 2005, 2 cilddə) eyni bir səhifəsində (I cild, s.35) beş dəfə işlənmiş Kə`bə sözünün üçü apostrofsuz, ikisi apostrofla verilmişdir.
– Bəzi nəşrlər məcburi qeyd-şərtlə, yaxud müəllif izahı ilə çap olunmuşdur. Misal üçün, Füzulinin 2013-cü ildə “Şərq-Qərb” nəşriyyatında buraxılmış üçcildliyində “Hədiqətüs-süəda” əsərinə qeyd: “Bu əsərdə tərtibçinin təklifi ilə apostrof işarəsini saxladıq. Çünki, ərəb-fars sözləri ilə zəngin olan mətndən bu işarə çıxarıldıqda sözlərin mənası əhəmiyyətli dərəcədə dəyişirdi.” (Məhəmməd Füzuli. Seçilmiş əsərləri. 3 cilddə. Bakı: “Şərq-Qərb”, 2013, III cild, səh. 195) və s. (Məlumdur ki, Füzulinin nəsr dili poeziyasına nisbətən daha mürəkkəbdir, ərəb-fars sözləri, izafətlər daha çox işlənir. Bu mənada “Hədiqətüs-süəda”nın apostrofla çap olunması əsəri xilas etmişdir. Mütəxəssilər yəqin razılaşarlar ki, əgər əsər apostrofsuz çap olunsaydı, bəzi hissələri mənasız zöz yığınından ibarət olardı).
Digər misal. Hacı Firudin Qurbansoy “Mirzə Əbdülqadir Visaqi (özü və sözü)” adlı monoqrafiyasında (Bakı: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, 2018) “Xilafi-şər söz çıxmayıb dilimdən” misrasındakı fikir düzgün anlaşılsın deyə “şər” sözünə izahat vermək məcburiyyətində qalıb: “şəriətin əksinə”. (s. 13). Belə misallar istənilən qədərdir.
– Mətbuatda klassik ədəbiyyata aid məqalələrdə iqtibaslar, istisnasız olaraq, apostrofsuz verilir. Təbii ki, ən əvvəl “Ədəbiyyat qəzeti”, qismən də Nəsimi ili ilə əlaqədar məqalələr çap edən “525-ci qəzet” və digərləri nəzərdə tutulur. Misal üçün, Nizaməddin Mustafanın “Ədəbiyyat qəzeti”ndə bir ildən artıq müddət ərzində silsilə halında dərc olunan məqalələrində bütün iqtibaslar klassik ədəbiyyatdandır və apostrofsuz verilir. (Yeri gəlmişkən, Nizaməddin Mustafanın, qeyd etdiyimiz kimi, bir ildən artıq müddət ərzində çap olunan məqalələrinin hamısında təkrarlanan bir yarımsərlövhə vardır: “Səhv nəzərləri sərf-nəzər etmə vaxtı”. Ötən müddət ərzində bu yarımsərlövhənin yanlışlığını (“sərf-nəzər” ifadəsi də səhv yazılıb, sərfi-nəzər olmalıdır), daha doğrusu, mənasızlığını nə “Ədəbiyyat qəzeti”nin, nə də elmi-ədəbi ictimaiyyətin görməməsi dərin təəccüb və təəssüf doğurur: sərfi-nəzər – vaz keçmə, nəzərə almamaq. Deməli, “səhv nəzərlərdən vaz keçilməsi”, yaxud, “səhv nəzərlərin nəzərə alınmaması”). “Ədəbiyyat qəzeti”ndə Nizaməddin Şəmsizadənin, Firudin Qurbansoyun və digərlərinin də klassik ədəbiyyata həsr olunmuş məqalələrində iqtibaslar apostrofsuz verilir, yəni, “Ədəbiyyat qəzeti”ndə istisnasız olaraq apostrofdan istifadə olunmur.
Göründüyü kimi, apostrofsuz orfoqrafiya qaydası yaratmaq istəyənlər yalnız apostroflu-apostrofsuz “orfoqrafiya qaydasızlığı” yaratmağa nail olublar ki, bu da elmi-ədəbi ictimaiyyətin əksər hissəsinin apostrofun ləğvi ilə razılaşmadığını, yaxud, məcburən razılaşdığını göstərir.
2. Müqəddəs kitabımızın adı və mətni, müqəddəs məkanımızın adı təhrifə məruz qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında” 16 aprel 2019-cu il tarixli 174 nömrəli qərarı ilə müqəddəs kitabımızın adı, əvvəlki illərdə olduğu kimi, “Quran” yazılmalıdır (“qurmaq” feilindən törəmiş “quran” feili sifəti). “Normalar”a əsasən Kə`bə də Kəbə yazılır.
Qur`an surələrinin adları, yuxarıda göstərdiyim kimi, həm apostrofsuz çap olunmuş Qur`anda, həm də yüzlərlə dini kitab və təfsirlərdə apostrofsuz verilməklə təhrifə uğrayır: əl-Ən`am – əl-Ənam; əl-Ə`raf – əl-Əraf; ər-Rə`d – ər-Rəd; əl-Mu`minun – əl-Muminun; əl-Mu`min – əl-Mumin; ən-Nəbə` – ən-Nəbə; əl-Ə`la – əl-Əla. Ən`am hədiyyə, bəxşiş, ənam xalq, camaat deməkdir. Ə`raf cənnətlə cəhənnəm arasındakı yerin adıdır, əraf ərəb dilində belə söz olmadığına görə sadəcə hərf yığınıdır. Rə`d – göy gurultusu, rəd hərf yığınıdır, hazırlıqsız oxucu onu hətta rədd ilə qarışdırıb, inkar kimi anlaya bilər. Nəbə` xəbər, Ə`la ən yaxşı deməkdir, nəbə, əla hərf yığınıdır. Qur`an mətnlərindən apostrofsuz verilmiş iqribaslar üzərində durmağa ehtiyac görmürük. Elə yuxarıda göstərdiyimiz apostrofsuz çap olunmuş Qur`ana (Mir Yəhya Yusiflinin tərcüməsi) nəzər salmaq kifayətdir. Həmçinin, Qur`anın təfsirlərinin, Qur`ana, islam dininə aid elmi və kütləvi ədəbiyyatın apostrofsuz çap olunduğunu qeyd etdik. Bunun necə bir fəsad olduğunu anlamaq çətindirmi?
Qeyd edək ki, əcnəbilər müsəlman dünyasının müqəddəs kitabının və müqəddəs məkanının adının orijinal tələffüzünə, bizdən fərqli olaraq, daha sayqı ilə yanaşırlar. Rus dilində kütləvi ədəbiyyatda “Koran” işlənsə də, elmi ədəbiyyatda кур`ан, bəzən, hətta, tələffüzə daha uyğun olsun deyə, “твёрдый знак”la куръан kimi yazılışı da nəzərə çatdırılır: “Коран (куръан) происходит от арабского “кара`а” – читать. (А. Массэ. Ислам. М.: “Наука”, 1982, с. 61). “…В течение столетий подчеркивается уникальность Корана и его построения, его неподражаемость – иджаз аль-Куръан.” (Л. И. Климович. Книга о Коране. М.: Издательство Политической Литературы, 1988, с. 5).
İngiliscə: “… this meaning is found even in the old Arab poetry and in the Kur`αn, Sura XXVI, ı 8. (The Encyglopaedia of Islam, Leiden, E. J. Brıll, 1997).
Kə`bə də rus dilində “твёрдый знак”la (каъба) və daha üç formada işlənir: Ка`ба, Ка`аба, Каáба. Göründüyü kimi, hər dörd formada düzgün tələffüz qorunub saxlanır.
3. Apostrofu olan əcnəbi adlar müxtəlif şəkillərdə təhrif olunaraq işlədilir. Misal üçün, Janna d`Ark təhrif olunaraq, “Dark” yazılır. Məlum olduğu kimi, fransız dilində “de” sözönü şəxs adının əvvəlində işlədiləndə, onun nüfuzlu nəslə mənsub olduğynu bildirir. De Mopassan – Mopassanlar nəslindən, Mopassanlar nəslinə mənsub. Şəxs adı saitlə başlananda isə, fransız dilinin qaydalarına əsasən, “de”dəki “e” saiti düşür və söz “d`Ark” şəklini alsa da, de`Ark tələffüz olunur və həmin mənanı ifadə edir. “Dark” isə tam təhrif olunmuş formadır. Araşdırdığım mənbələrin yalız birində düzgün (d`Ark – “Umumdünya tarixi”, “Bilik” Poliqrafiya Mərkəzi, 2012, s. 153), qalan mənbələrdə təhrif olunmuş şəkildə (“Orleanlı bakirə Janna Dark kimdir? – İfritə, döyüşçü, yoxsa kralın qızı?”, http://olke.az/news/detail/orleanli-bakire-janna-dark-kimdir-frite-doyuscu-yoxsa-kralin-qizi-87571/ və s.) işlədilir. Digər bu tipli adlarda da müxtəlif şəkildə təhriflər müşahidə olunur. İrland dilindəki O`Henri (maraqlıdır ki, burada da O` təxminən fransız dilindəki “de” mənasını ifadə edir) belə yazılır:
“O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur.”
https://az.wikipedia.org/wiki/O._Henri
https://ann.az/az/ohenri-qeribe-hekaye-e-kitab/ və s.
O` Konnor belə yazılır: “İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib.” (http://qafqazinfo.az/news/detail/meshur-mugenni-islami-qebul-etdi-233686
https://sputnik.az/world/20181026/417614797/meshur-mugenni-islami-qebul-etdi.html) və s.
4. Klassik ədəbiyyatın apostrofsuz nəşri zamanı törənən xətalar müxtəlifdir.
– Ən əvvəl qiraət məsələsi. Əruz vəznli poeziyanın düzgün qiraətinin necə müşkül məsələ olduğu heç kəs üçün sirr deyil. Filoloqların böyük əksəriyyətinin, hətta ədəbiyyatşünas alimlərin yanlış qiraətinin şahidi oluruq. Orta məktəb ədəbiyyat müəllimlərini, təbii ki, bura əlavə etmək lazımdır. Bu sətirləri yazarkən Azərbaycan Yazıçılar Birliyinin layihəsi (rəhbəri Günel Anarqızı) olan “Azərbaycanın şeir sərvəti” adlı disk-albomdan (2014-cü il) Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini Xalq artisti Rasim Balayevin ifasında bir də dinlədim.
Nəsiminin bu məşhur qəzəlində “Zat iləyəm sifatilə, gülşəkərəm nəbat ilə” misrasındakı “zat iləyəm” (vurğu kursivlə verilmiş hərflərdə) ifadəsi təhrif olunaraq, “zatiləyəm” (vurğu yanlış olaraq kursivlə verilmiş hərfdə) oxunur. “Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam” misrasında ruhi-rəvan (rəvan ruh) hər iki yerdə “ruhü rəvan” oxunur və mənasızlıq əmələ gəlir: ruh və rəvan.
Muğam müsabiqələrində belə halların daha çox şahidi oluruq.
Apostrofun olmadığı təqdirdə isə qiraətçilər daha əlavə çətinliyə məruz qalırlar. Çünki apostrof vəznə daxil olaraq onu tamamlayır.
Misal üçün:
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
Əgər kursivlə verilən söz mən`in şəklində yazılsaydı, vəznə xələl gəlməzdi.
Yaxud:
Artıq əl verir çəkdiyim fəlakət,
Bir də nə lazım bunca tən, töhmət (Hüseyn Cavid, II cild, səh. 133).
Əgər kursivlə verilən söz tə`n (qaxınc, şikayət, etiraz) şəklində yazılsaydı, vəzn pozulmazdı və s.
– Doğru görünə bilən, lakin müəllifin yazdığından tam fərqli – yanlış anlaşıla bilən mətnlər. Bir neçə misal:
Mərdanə gərək bəladə aşiq,
Üşşaqə cəzə degil müvafiq. (Füzuli).
Məlumdur ki, klassik poeziyada bəzən vəznə, bəzənsə digər səbəbə görə sözlərdə hərf düşməsinə, hərf dəyişikliyinə istənilən qədər rast gəlmək mümkündür. Beytdəki cəzə sözü cəza kimi anlaşıla bilər və yanlış da görünməz: Aşiqə bəla üz verəndə, o özünü mərd kimi aparmalıdır; aşiqlərə cəza vermək döğru deyildir. Lakin əgər cəzə apostrofla – cəzə` yazılsaydı, oxucu lüğəti açıb, mənasını öyrənəcək və beytin ikinci misrasını Füzulinin yazdığı kimi başa düşəcəkdi: aşiqlərə fəryad, ah-zar etmək yaraşmaz.
Yaxud:
Söz yox ki, badə şərdə olmuş bizə həram,
Zənnim budur ki, yar ilə içsən həlal olur. (S. Ə. Şirvani).
Klassik poeziyada sintaktik sərbəstliyə də istənilən qədər yol verildiyi məlumdur. Oxucu beyti belə də başa düşə bilər: şərab şər işlər törətdyinə görə haramdır; yar ilə içiləndə şər iş baş verə bilməz ki, buna görə də halal olur. Əgər şər`də yazılsaydı, oxucu maraqlanıb biləcəkdi ki, söhbət şəriətdən gedir.
-Klassik ədəbiyyatda yüzlərlə omonim və omoqraf (yaxud, qrafik omonim) işlənir. “Mən” və “məni” sözlərinə nəzər salaq. Aşağıda görəcəyimiz kimi, bu sözlərin ərəb və fars dillərində (Azərbaycan dilində də şəxs əvəzliyi) apostroflu və apostrofsuz olmaqla yanaşı, apostrofsuz da eyni olan variantları var. Və bütün bu hallarda məna fərqlidir. Bu sözlərin apostrofsuz verilməsi ilə müxtəlif mənalı sözlər eyniləşir ki, bu da anlaşılması müşkül olan müəmmalar törədir. Aşağıdakı misallar bunu aydın göstərir:
Hər kəs ki, Arifa, çəkib eşqin bəlasini,
Mən eyləməz görəndə mənim ahü zarimi.
(Hüseyn Cavid … I cild, s. 51; Cavid yaradıcılığının ilk dövründə “Arif”təxəllüsü ilə şeirlər yazıb).
… Cənab-həqqin mən etmədiyi ən təmiz, saf və gözəl su içdilər.
(Hüseyn Cavid … III, s. 559).
Cəfasından vəfalar ola məzmun,
Olub eyni tələb məninə məqrun. (Füzuli)
Biz bəqa mülkünün istiqbal ilə sultaniyiz,
Məni ilə baqiyiz, surətdə gərçi faniyiz. (Füzuli).
Mən – ə. 1) yaxşılıq etmə; 2) Yaxşılığı başa qaxma; minnət.
Mən` – ə. 1) Qadağa, yasaq; 2) qabağını saxlama, qabağını alma; mane olma.
Mə`ni – ə. 1) Məzmun; 2) mövzu, məsələ; 3) Səbəb; 4) mahnı, təranə.
Məni` – ə. 1) bərk, möhkəm, alınması çətin (qala, şəhər və s. haqqında); 2) möhkəm, mətin (mövqe, mənsəb və s. haqqında).
Məni – f. Lovğalıq, mənəm-mənəmlik, eqoizm.
Bu sözlər “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti”ndən götürülmüşdür. Diqqəti “Klassik Azərbaycan ədəbiyyatında işlənən” sözlərinə cəlb edirəm. Yəni, bu və bənzər sözlərin hər biri oxucunun qarşısına çıxa bilər. Apostrofsuz onları bir-birndən necə ayırd etməlidir? Füzulidən birinci misaldakı məninə necə anlaşılmalıdır? Füzulidən gətirilmiş ikinci misalda məni sözü var. Bu üç sözdən – mə`ni, məni`, məni – hansısıdır? Apostrofla – mə`ni yazılsaydı, oxucu müşkülə düşməzdi. Həmçinin, Caviddəki mən-lər?
Digər belə omonim və omoqraflar:
Təb´- ə. 1. damğa, möhür 2.təbiət, yaradılış, xilqət 3.çap, nəşr, çap etmə. Təb – f. qızdırma, isitmə; Bəd – f. pis, yaman. Bə’d – ə. sonra. Bəd’ – ə. 1. yenilik, yeni adət, yeni qayda, dəb 2. başlama, əsasını qoyma 3. təşəbbüs; Bi’r – ə. quyu. bir – a. miqdar sayı; Ən’am – ə. hədiyyə, bəxşiş. Ənam – ə. xalq, camaat; Ə’yan – ə. zadəgan, kübar, aristokrat. Əyan – ə. gözlə görünən, aşkar, aydın, bəlli; Qəm` – ə. sökmə, çəkib çıxarma, dibindən çıxarma. Qəm – ə. qüssə, kədər; Lə`b – ə. oyun, əyləncə. Ləb – f. 1. dodaq 2. qıraq, kənar, sahil; Əs`ar – ə. 1. qiymət 2. bazar. Ə`sar – ə. 1. əsərlər 2. dövrlər, zamanlar; Əş`ar – ə. şeirlər. Ə`şar – ə. məhsulun onda birindən hasil olan gəlir; Ələm – ə. 1. ağrı, dərd, sıxıntı 2. kədər, qəm, qüssə. Ələm – ə. 1. əlamət, nişan, işarə 2. bayraq. Ə`ləm – ə. ən elmli, ən bilikli; daha elmli, daha bilikli və s.
- Omoniminin olmasının mütəxəssisin belə ağlına gələ bilməyəcəyi sözün işlədilməsi ilə anlaşılmaz, əslində, mənasız cümlə alınır:
“İndi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman imiş, bəs yox. (Hüseyn Cavid… III cild, səh. 518).
Göründüyü kimi, “bəs” sözü (kifayət, kifayət qədər) burada oxucu üçün cümləni mənasız edir. Cavid mənasız cümləmi yazmışdır? Əgər bu söz “bə’s” şəklində yazılsaydı (əvvəlki dördcildlik nəşrdə olduğu kimi), maraqlanan oxucu lüğətə müraciət edib, mənasının “səbəb” olduğunu öyrənər və cümlədəki fikri anlaya bilərdi.
Beləliklə, yuxarıda yazılanlardan tam aydın olur ki, apostrofsuzluq klassik ədəbiyyat oxucusunu necə bir anlaşılmazlıq cəngəlliyinə salır. Həmçinin, “sayılıb-seçilmiş sərraflar” da çətinə düşməmiş deyillər. Qoqol demişkən, “Hərflərdən elə bir ucdan cürbəcür sözlər meydana çıxırdı, bəzən də elə sözlər olurdu ki, bundan heç şeytan özü də baş çıxara bilməzdi”. (N. V. Qoqol. Ölü canlar. Müfəttiş. Bakı: Yazıçı, 1989, s. 22).
Apostrof məsələsi 2018-ci il sentyabrın 10-da bir neçə xəbər portalında ölkənin 121nəfərdən ibarət bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsinin Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciətində də (https://modern.az/az/news/176505; http://www.moderator.az/news/239496.html) ifadəsini tapıb:
“Bir müddət öncə apostrofun ləğv edilməsinin vurduğu zərbənin nəticələri həm tələffüzdə, həm də klassik mətnlərin yazılışı və oxusunda özünü göstərir”.
Lakin təəssüf ki, bunu qeyd etməklə işlərini bitmiş hesab ediblər (onları “məcburən razılaşanlar” qisminə aid etmək olar). Halbuki, müraciətdə məhz klassik poeziyamıza da zərbə vura biləcək yeniliyə qarşı çıxaraq yazırdılar:
“Azərbaycan bədii mətnində, xüsusilə şeirdə ayrıca mövqeyi və müəyyən bir çəkisi olan bu ifadələrin yazılış və deyiliş şəklinin dəyişdirilərək.-iyət, -iyat şəkli alması mənbəşünaslıq, mətnşünaslıq, əruz elmi, bədii qiraət, ədəbiyyatdan oxu dərsləri, nitq mədəniyyəti və s.-də ancaq və ancaq problemlərə yol açacaq… Bu isə, öz növbəsində, mənəvi mirasımız içərisində xüsusi çəkisi olan yeddiəsrlik klassik şeirimizdə saysız təhriflərə yol açacaq, Azərbaycanın dünyanın hər yerində oxucusu olan söz inciləri nöqsanlı təqdim ediləcək. Bu baxımdan layihənin 37-ci maddəsindəki iddia elmi baxımdan əsassız və məntiqsizdir.”
Və:
“9. Bu təkliflər (xususilə 37 və 69) yeddi yüz illik klassik anadilli ədəbiyyatımızın bədii özülü, musiqililiyi və estetik bünövrəsini dağıdacaq gücə malikdir; təklif qəbul edilərsə, ayrıca olaraq, əruz vəznli mirasımız ciddi itkiyə məruz qalacaq.” Təklif qəbul edilmədiyinə görə müraciəti imzalayanlara minnətdar olmalıyıq.
Lakin, məgər, klassik poeziyanın apostrofsuz nəşri bundan daha böyük itki deyilmi?! Apostrofun bərpası zəruri deyilmi? Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, apostrofun əvvəlki illərdəkinə bənzər tam bərpasına yox, qismən bərpasına ehtiyac var və bu, həll edilə bilən bir məsələdir. Misal üçün, “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na belə bir maddə əlavə etməklə:
“Dini və klassik ədəbiyyatda apostrof işlənir”.
“Azərbaycan” jurnalı, №3-4, mart-aprel 2020-ci il