- Köşə

Əbədi ezamiyyət, əbədi mühacirət…

  

Gülyaz ƏLİYEVA

Onlar Fransada yaşamağa getməmişdilər, onlar Paris Sülh Konfransında Azərbaycanı təmsil etməyə getmişdilər. Onların arasında bir nəfərin 28 yaşı var idi. Onlar gedərkən çox xoşbəxt idilər! Onlar gecəni gündüzünə qataraq çox ağır şəraitdə üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdilər! Amma …onlar qayıda bilmədilər!.. Onlar talesiz insanlar idilər! Düzdür, çəkdikləri zəhmət boşa getdisə də, onlar tarixdə qaldılar!

Onlar nəinki tarixdə qaldılar, hətta tarix yazdılar – şərəfli bir tarix! Səma rəngli, qızıl güllü, yaşıl yarpaqlı bir tarix! Onlar sübut etdilər ki, tarixi məqamda vətəni canından, ailəndən, övladından da artıq sevmək olurmuş! Yeri gələndə, məqam yetişəndə ürəyin parçalansa da, qəlbin titrəsə də, canından can olanları Azərbaycanla bir tərəziyə qoya bilməzmişsən! Onlar bu Vətən uğrunda sürgünlərdə çürüdülər, qürbətlərdə zülm çəkdilər, zəngin ola -ola qəpiyə möhtac yaşadılar, amma vicdanı satmadılar, həqiqəti söyləməkdən çəkinmədilər, “susdurulan haqqı dindirdilər”!

Qəbirləri qürbətlərdə qaldı, amma sonadək Azərbaycana sadiq qaldılar, ürəkləri Azərbaycanla bir vurdu, son nəfəsdə ağızlarından yenə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” kəlməsi çıxdı! Onlar haqqında hətta düşmənləri də xoş sözlər söyləməkdən, həqiqəti etiraf etməkdən özlərini saxlaya bilmədilər. Onların əsilzadəliyi, yüksək əxlaqi davranışları, bəlağətli nitqləri kökdən, qandan gəlirdi. Süni deyildi, nəyinsə xətrinə, gözdən pərdə asmaq üçün deyildi. Təbii idi. Odur ki, hər kəsi heyran etməyə bilmirdi. Onlar yoxdan bir bayraq, bir dövlət yaratdılar. Bütün dünyada bir çox ilklərə imza atdılar. Şanlı, şərəfli tarix yazdılar!

Səma rəngli, qızıl güllü, yaşıl yarpaqlı bir tarix…

Gənclərə örnək olan bir tarix! Gənclərin vəzifəsi onların yarımçıq qalmış tarixini şərəflə yenidən yazmaqda davam etməkdən ibarət olmalıdır! Bu göy səmalı, al çiçəkli, yaşıl yarpaqlı bayrağı yenidən Qarabağa sancmaq onların şərəfli vəzifəsi! Bunu dərk etmək, buna ürəkdən inanmaq lazım! Son nəfəsdə də:

Sən bizimsən, bizimsən durduqca biz, Qarabağ!
– deməyi bacarmaq, babaların yolu ilə getmək, onların adına layiq olmaq lazım! Onlar Azərbaycanın gələcəyi naminə ezamiyyətə getdilər, mühacirət etdilər… Orada qaldılar … Qayıda bilmədilər!

Onlar əbədi ezamiyyətdə, əbədi mühacirətdə qaldılar! Azərbaycanı sevən könüllərdə, Azərbaycan uğrunda böyük işlər görənlərin qəlblərində ….Əbədilik!…